Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / COP29 / COP29-u hədəfə alanlar...

COP29-u hədəfə alanlar...

31.10.2024 [09:19]

Azərbaycanın beynəlxalq nüfuzundan qorxur, yeni siyasi reallıqlardan çəkinirlər

Qərbin qeyri-hüquqi davranışı və qavrayışı...

Azərbaycanın irəli sürdüyü təşəbbüslər adətən qlobal xarakterli olmaqla yanaşı, yeni çağırışları, müasir və innovativ yanaşmaları özündə əks etdirir. Təcrübə də göstərir ki, ölkəmizin beynəlxalq miqyasa malik problemlərin həllinə baxışı və ortaya qoyduğu həll yolları pozitiv dəyərləndirilir. Bu mənada, bir neçə gündən sonra Bakıda reallaşacaq COP29-un da mövcud problemlərə qarşı mübarizədə mühüm bir mərhələyə çevriləcəyinə inam və ümid böyükdür. Artıq bir çox dövlətlər rəsmi Bakının ortaya qoyduğu bu müsbət davranışa dəstək verir, proses çərçivəsində yeni addımların atılması zərurətini səsləndirir, Azərbaycanın nümayiş etdirdiyi iradəni alqışlayır.

Sirr deyil ki, Azərbaycanın moderatorluğu ilə baş tutacaq iqlim problemləri müzakirəsi qlobal dünyaya olduqca mühüm mesajlar yönləndirməklə yanaşı, çıxış yollarının tapılmasında da həlledici rola malik ola bilər. Azərbaycanın COP29-a ev sahibliyi etməsi məhz bu amillərin açıq təzahürüdür - ölkəmizin sülh və təhlükəsizlik, yaşıl inkişaf xətti uğrunda ortaya qoyduğu iradə bütün ştrixləri ilə qlobal əməkdaşlığın güclənməsinə hədəflənib.

Manipulyasiya cəhdləri...

Amma məsələnin pozitiv notları olduğu qədər, fərqli bir “üzü” də var - təəssüfləndirici haldır ki, Azərbaycanın qlobal problemlərdən çıxış yolları axtarılması üçün səylərin birləşdirilməsi təşəbbüsü bəzi dairələr, ölkələr tərəfindən manipulyasiya edilir. Görünən budur ki, qlobal təhlükəsizliyə töhfə sayılacaq addımlar yenə də erməni lobbisi, ermənipərəst dairələrin nəzarətində olan, maliyyə dəstəyi əsasında çıxış edən qruplar tərəfindən istismara məruz qalır. Bu xoş təşəbbüsdən istifadə edərək əsassız iddialar səsləndirilir, kampaniyalar yaradılmasına çalışılır. Sabitlik adası kimi çıxış edən Azərbaycanın mühüm bir regionda sülhü bərqərar etməsi faktı etiraf olunarkən, bu amilin üzərinə kölgə salmaq istəyən bu xarici dairələr fərqli oyunlarla gündəmə gəlmək istəyirlər. Vurğulandığı kimi, bu məsələdə xüsusilə Ermənistan ilə münasbətlərin tənzimlənməsi prosesi manipulyasiya aləti kimi istifadə edilir. Sülhlə bağlı danışıqlar prosesinin daha da irəliyə aparılması perspekivinin olması, COP29-un birləşdirici mahiyyəti və ondan istifadə imkanları, ikili təmasların bu tədbirlə bağlı mühüm əhəmiyyətə malik qərarlara vəsiləyə çevrilməsi (ötən ilin dekabrında hər iki dövlətin rəsmi strakturlarının birgə açıqlamasında Ermənistan COP29-un Azərbaycanda keçirilməsini dəstəkləmişdi) həmin dairələrə rahatlıq vermir. Bu səbəbdəndir ki, ayrı-ayrı dövlətlərin strukturları fərqli zamanlama ilə eyni planın tərkib hissəsi olan “bəyanatlar” verir, “qətnamələr” hazırlayır, “müraciətlər” ünvanlayır...

ABŞ-ın “siyasi oyunları”...

Məsələn, Azərbaycanın yaratdığı və qlobal sülhü, sabitliyi əks etdirən mənzərəyə təsir göstərmək üçün ABŞ demək ki, bütün “gücü”nü səfərbər edib. Bu ayın əvvəlində 60 ermənipərəst deputatın COP29-u bəhanə gətirərək hərbi cinayətlər törətmiş insanları məsuliyyətdən yayındırmaq cəhdləri müşahidə edilmişdi. Yalan və böhtanla silahlanaraq Azərbaycana təsir etməyə çalışan ermənipərəst konqresmenlərin əsl məqsədi işğalçıları, separatçıları müdafiə etmək, Ermənistanı davamlı sülhdən yayındırmaq, bölgədə sabitliyin bərqərar olmasına maneçilik törətməkdir. Bu “çağırış” guya hansısa “qrup” tərəfindən irəli sürülsə də, planın elə Dövlət Departamentinin, dövlət katibliyinin “mətbəxində” hazırlanması şübhə doğurmurdu. Çünki ABŞ hakimiyyətinin qurduğu siyasi oyunlar primitiv və gülünc xarakter daşıdığı qədər də, demokratiyadan uzaq, hüquq müstəvisindən kənardır. ABŞ özünü bir addım sonra ifşa edir -prezident Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda da “sülhü tezləşdirmək” tezisinin yer alması bunu təsdiqləyir. Aydın olur ki, bəzi qüvvələr COP29 amilindən istifadə edərək özünün qrup maraqlarını təmin etməyə çalışır. Nəticə isə ortadadır - ABŞ Azərbaycanın mövqeyinə təsir etmək imkanında deyil və ermənipərəst deputatların bəhs olunan “müraciəti” yalnız və yalnız özünüifşa faktı kimi yadda qaldı...

Paris nə istəyir?

ABŞ bu məsələdə tək deyil - ermənipərəst Fransa hər zaman olduğu kimi, yenə də öz ampluasındadır. Əslində COP29-la bağlı təzyiq kampaniyasına qədər də bu ölkənin Azərbaycana münasibəti bəlli idi - onların erməni separatizmini dəstəkləməsi, hətta Ermənistanı revanşizmə sürükləyərək silah-sursat verməsi faktları da deyilənləri təsdiqləyir. COP29-un Azərbaycanda keçirilməsi ehtimalı yaranan gündən isə Fransa buna qarşı daha aktiv təbliğat kampaniyası formalaşdırıb. Fərqli auditoriyalar vasitəsilə bu beynəlxalq tədbiri hədəfə alan Paris də ABŞ kimi yaranan “situasiyadan” maksimum istifadə etməyə çalışır - onlar da, məhz COP29 pərdəsi altında separatçı cinayətkarların azad edilməsinə çalışırlar. Məsələn, Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz Qarabağdan könüllü şəkildə Ermənistana köç edən müəyyən sayda erməniləri bəhanə edərək bəzi qeyri-hüquqi “fikirlər səsləndirir” - hazırda Bakıda ədalət mühakiməsi qarşısında törətdiyi əməllərə görə cavab verən keçmiş separatçı rejimin cinayətkar rəhbərlərinin “azad edilməsi” “təşəbbüsünü” qaldırır.

Necə ola bilər ki, özünü “demokratik dövlət” adlandıran Fransa konkret ittihamla cinayətə cəlb olunmuş qatillərə “azadlıq” tələb edir. Və bunda da qlobal iqlim təhlükəsizliyi müzakirələrindən istifadə etməyə çalışır. Demək ki, bu dövlətin “nümayiş etdirdiyi” beynəlxalq mövqelər saxtadır və Makron hakimiyyəti bütövlükdə lokal maraqların reallaşmasına xidmət edən cılız simaya malikdir. Başqa sözlə, “tarixi missiya” daşıdığını iddia edən Fransa bu gün beynəlxalq hüquqa arxa çevirir, qlobal təhlükəsizlik arxitekturasının gücləndirilməsi ilə bağlı üzərinə məsuliyyət götürmüş Azərbaycanı hədəf alır. Burada “təhlükəsizlik” amilinin önə çəkilməsi də təsadüfi deyil - COP29 gündəliyinə daxil olunmuş 14 böyük təşəbbüsdən biri də məhz sülhün, dialoqun və barışığın daha geniş şəkildə təbliği, iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır.

Fransanın da bu cəhdləri boşunadır - Paris hər zaman olduğu kimi, siyasi arenada məğlubiyyətə məhkum olduğunu dərk edir. çünki Azərbaycan bütünlüklə  fəaliyyyətində beynəlxalq hüquqa istinad edir - bu isə Fransanın qeyri-hüquqi “arzularını” puça çıxarır...

Qərbin “arzuları”...

Beləliklə, kollektiv Qərbin bəzi ölkələrinin qeyri-hüquqi müstəvidə təzyiq kampaniyası yaratmaq istəyi bütün parametrləri ilə ortaya çıxır. Ayrı-ayrı misallara müraciət edək:

- Bu il oktyabrın 10-da da Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli 2 qətnamə qəbul edilib. Rəsmi Amsterdam sep?ratizmə açıq dəstək göstərir, cinayətkara azadlıq tələb etmək kimi qeyri-hüquqi “tələblər” səsləndirir;

-  Kanadanın xarici işlər naziri Melani Coli iddia edir ki, Azərbaycan saxlanılan “erməni məhbusları” azadlığa “buraxmalıdır”, Ermənistanın ərazi bütövlüyünə “hörmətlə” yanaşmalıdır;

 - Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə COP29 öncəsi ölkəmizə qarşı siyasi hücumların növbəti mərhələsidir.

Beləliklə, artıq şərhə ehtiyac qalmır. Erməni lobbisinə söykənən və onların diqtəsi ilə danışan bütün tərəflərin eyni tezislə çıxış etməsi bütün “daşları” yerinə oturdur. Onları narahat edən əsas fakt COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin qlobal dəstəklə təsdiqlənməsidir - iqlim dəyişikliyi müzakirələrinin Azərbaycanda baş tutması təklifi 198 ölkənin yekdil rəyi ilə təsdiqlənib. Bu isə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu və yerini müəyyənləşdirir. Beləliklə, COP29 üzər?ndən Azərbaycanı hədəfə alanların “alt-məqsədi” bütünlüklə aşkara çıxır...

Ermənistan üçün şans...

Ermənistan tədbirə rəsmi dəvət alıb  və artıq erməni KİV-i xarici işlər naziri Ararat Mirzoyanın tədbirə qatılacağı ehtimalının böyük olduğunu yazır. Düzdür, əvvəlcə Ermənistan da COP29-dan “bəhrələnərək” bəzi “şərtlər”lə çıxış edə biləcəyini düşünürdü - amma sonda bəlli oldu ki, belə iddia və “təsir mexanizmləri” ilə Azərbaycanı qətiyyətli yolundan döndərmək mümkün deyil. Hətta bu tədbirə baş nazir Paşinyanın qatılması Ermənisan üçün daha məqbul variant ola bilər - bu, həm regionda distabillik yaratmağa çalışan qüvvələrə cavab olardı, həm də Ermənistanın özünün “müstəqil mövqeyə” malik olmasına dəlalət edərdi.

Ermənistan və havadarları unutmamalıdırlar ki, COP29 qlobal bir problemə - iqlim dəyişikliyinə fokuslanır. Düzdür, iqlim təhlükəsizliyi həm də regional sabitliyə, sülh və əməkdaşlığa, yeni innovativ əlaqələrin yaradılmasına  əsaslanır ki, bu məsələdə də Azərbaycan mühüm əhəmiyyətli addımları ilə seçilir. Qalib ölkə olduğu halda bölgənin sabit inkişafı üçün Ermənistana sülh təklifi edilməsi məhz bunun bariz göstəricisidir.

Paralel olaraq, Azərbaycan hər zaman iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında ən önəmli yerlərdən birini tutub. COP29 isə bu ardıcıl siyasətin növbəti və uğurlu bir mərhələsi kimi tarixə yazılacaq...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31