Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaxın Şərqdə yeni terror kabusu: İslam dünyası növbəti fəlakətlə üz-üzə

Yaxın Şərqdə yeni terror kabusu: İslam dünyası növbəti fəlakətlə üz-üzə

21.06.2014 [11:06]

İraqda terror dalğasının daha güclü şəkildə baş qaldırması dünyada böyük narahatlıq yaradıb. İŞİD adlanan bir dini qruplaşma ölkənin ərazisinin müəyyən hissəsində nəzarəti ələ keçirib. Bu hadisəyə ekspertlərin yanaşması müxtəlifdir. Ancaq məsələnin çoxlu sayda geosiyasi, enerji və siyasi faktorlara bağlı olduğu danılmazdır. İŞİD lokal maraqlarla hərəkət etmir. O, hansı riskə getdiyini də bilir. Lakin görünür, Yaxın Şərqdə növbəti dəfə ciddi geosiyasi dəyişikliklər baş verir. Bundan kimlər qazanacaq və uduzan hansı qüvvələr olacaq? Bu sualın cavabı yalnız həmin regionda baş verənlərlə məhdudlaşmır.
Məzhəbçilik və siyasət: terrorda kəsişən maraqlar
Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Terror İraqda yenidən canlar aldı. Bu təsadüfi görünmür. “İraq və Şam İslam Dövləti” (İŞİD) adlanan radikal dini təşkilat sözün əsl mənasında regionu qarışdırdı. Sürətli hərbi əməliyyatları ilə İraqın Mosul, Tikrit və Tuzhurmatu kimi iri şəhərlərini ələ keçirdi. Əlavə olaraq, kiçik qəsəbələrə və kəndlərə hücum etdi. İŞİD ölkə ərazisi boyunca irəliləməkdə davam edir. İndiyə qədər digər terror qruplarının kölgəsində qalan bu qruplaşma necə meydana gəlib və məqsədi nədir?
İŞİD sələfi ideologiyasına malikdir. İraq və Suriyada fəaliyyət göstərir. Onun lideri Əbu Bəkr Bağdadidir. Komandanlığında bir vaxtlar S.Hüseyn ordusunda xidmət etmiş zabitlər var. Maraqlıdır ki, onlar ABŞ ordusunda əsirlikdə olublar, sonra isə azadlığa buraxılıblar. Bu təşkilatın ilk adı “Təvhid və Cihad” olub. Qurucusu Əbu Musa Zərkavidir (sonradan “əl-Qaidə”yə keçib). İŞİD-in Suriyada 6-7 min, İraqda isə 10 mindən çox silahlı adamlarının olduğu bildirilir (bax: 10 soruda Irak-Şam İslam Devleti / “Zaman” qəzeti, 11 iyun 2014).
İŞİD-in “əl-Qaidə” ilə münasibətlərinin tarixçəsi də maraqlıdır. Hər ikisi eyni ideologiyaya sahibdir. Əvvəlcə İŞİD “əl-Qaidə”nin bir qolu kimi fəaliyyət göstərirdi. İŞİD-in ilk rəhbəri Əbu Ömər Bağdadi amerikalılar tərəfindən öldürüləndən sonra Əbu Bəkr Bağdadinin təşkilatın başına keçməsi ilə vəziyyət dəyişdi. Hazırda “əl-Qaidə” İŞİD-dən imtina edib, öz təmsilçisi kimi “Nusra cəbhəsi”ni göstərir. Sonuncunun lideri də Suriyada qətlə yetirilib.
İŞİD kürdlər və şiələrlə savaşır. Suriyada PKK-ya yaxın kürd qruplaşmaları ilə müharibə aparır, İraqda isə Maliki və Bərzaniyə yaxın güclərə qarşı döyüşdüyünü deyir. Lakin bunların yalnız görüntü olduğunu təxmin etmək olar. Çünki bu təşkilatın hərəkətləri onun siyasi-ideoloji kimliyinin müəmmalı olduğunu nümayiş etdirir.
Məsələ ondan ibarətdir ki, İŞİD Suriya və İraqın parçalanması, daxili ixtilafların güclənməsi istiqamətində fəaliyyət göstərir. İraqda İslam dövləti qurmaq kimi niyyətini ifadə edir, lakin bunu yalnız müsəlmanlar arasına nifaq salan terrorla həyata keçirməyə çalışır. Sələfiliyi (vəhhabiliyi) müdafiə etməklə bəri başdan İslamın özünü parçalayır, Yaxın Şərqdə məzhəbçiliyin çox təhlükəli modelini ortaya qoyur. İndi mütəxəssislər regionda yeni məzhəb ayrı-seçkiliyinin başladığı haqqında fikir söyləyirlər (bax: İhsan Bal. Mezhepçilik Irak’ın felaketi mi olacak? / “Habertürk” qəzeti, 9 iyun 2014).
Bu baxımdan müsəlmanlar arasında savaşın Suriyadan İraqa sıçraması çox təhlükəli gedişat təsiri bağışlayır. İslam aləmində daxili intriqalar yeni səviyyəyə keçmiş kimi görünür. Bunu regionda nüfuz uğrunda mübarizə kimi qiymətləndirmək olar. Lakin prosesin mahiyyəti Yaxın Şərq xalqlarının qarşı-qarşıya qoyulduğuna işarə edir. Məsələn, “əl-Qaidə” və ya İŞİD ələ keçirdiyi bölgələrdə öz dindaşlarını məzhəbə və ideoloji mənsubluğa görə qətlə yetirirlər. Bunun son nümunəsi kimi Mosulda türk diplomatları və sürücülərin girov götürülməsini göstərmək olar (bax: Servet Yanatma. IŞİD, bayrağımızı indirip, diplomatlarımızı rehin aldı / “Zaman” qəzeti, 12 iyun 2014).
Bu cür hərəkətlərini onlar türklərin Maliki hökuməti ilə əlaqəsinin olub-olmamasını aydınlaşdırmaq istəyi ilə izah edirlər. Yəni, İŞİD əsas rəqibinin əl-Maliki hökuməti olduğunu göstərməyə çalışır. Mütəxəssislərin fikrincə, bunlar tam olaraq real vəziyyəti əks etdirmir.
Gizli məqamlar: İŞİD kimin dəyirmanına su tökür?
Problemin bir tərəfi qlobal geosiyasətlə, İraqdakı parlament seçkilərinin nəticələri və enerji təhlükəsizliyi faktorları ilə bağlıdır. Bu aspektdə diqqəti çəkən məqam İŞİD-in Şimali İraq neftinin Türkiyə vasitəsi ilə dünya bazarına çıxarılması prosesinin başlamasına “təsadüf” etməsindən ibarətdir. ABŞ neftin bu yolla ixrac edilməsinə qarşı olduğunu bəyan edib (bax: ABD’den ‘Kuzey Irak petrolü’ açıklaması / “Hürriyet”, 23 may 2014). Rəsmi Bağdad da eyni mövqedədir. Bu səbəbdən onun Türkiyə ilə münasibətləri soyuyub. Bunların fonunda İŞİD-in neftlə zəngin Mosulu işğal etməsi və Kərkükə yaxınlaşması düşündürücü görünür.
Onu deyək ki, İraq kürdləri də yaranmış vəziyyətdən narahatdırlar. Onlar Amerikanın geosiyasi maraqlarına qurban getməkdə olduqlarını dərk etməyə başlayıblar. Təsadüfi deyil ki, peşmərgələr nəzarətdə saxladıqları bölgələrdə hərbi hazırlığı gücləndiriblər.
Digər tərəfdən, mərkəzi İraq hökuməti M.Bərzanidən narazılığını yenidən dilə gətirib. Ölkənin neft ehtiyatlarını yalnız rəsmi Bağdadın razılığı ilə ixrac etməyin qanuni olduğunu Ərbilin diqqətinə çatdırıblar. Şimali İraq rəhbərliyi isə hələlik Malikiyə qulaq asmır.
Ekspertlər bütün bu proseslərdə İraq parlamentinə seçkinin nəticələrinin rolu olduğunu vurğulayırlar (bax: məs., Othman Ali. A Reading on the Iraqi National Assembly Election Results: National and Regional Implications / “ORSAM Review of Regional Affairs”, may, №3, 2014). Bu il aprelin 30-da keçirilən seçkidə Nuri əl-Maliki qalib gəlib. O, əsasən şiə qruplarla koalisiyada olub.
Bununla yanaşı, sünnilərdən Salih Mutlaki ilə əməkdaşlıq edən Maliki, onlara parlamentdə 10 yer verib. Türkiyənin və İraq türkmənlərinin dəstəklədiyi Ü.Nuceyfi (“Muttahidun” koalisiyası) isə ümumiyyətlə, bir deputat yerinə belə sahib olmayıb (bax: Bilgay Duman. Maliki’nin zaferi sonrası Irak manzarası / “Al Jazeera Turk”, 24 may 2014). Bütün bunların nəticəsində indi İraqda sünni-şiə-kürd siyasi balansının yaradılması məsələsi qarşıya çıxıb.
Real vəziyyət belədir ki, əl-Malikini sünni ərəblərin əksəriyyəti və kürdlər qəbul etmirlər. Ancaq ona İranın güclü dəstəyi vardır. Məsələnin bu tərəfi də ölkədə siyasi ixtilafları alovlandıran faktorlara malikdir. Görünür, İŞİD-in uğur qazanmasında İraqdakı siyasi qüvvələr arasında birliyin olmaması ciddi rol oynayıb. Bu aspektdə Malikinin ölkədəki siyasi qruplardan dəstək istəməsi və hətta beynəlxalq təşkilatlara müraciət etməsi təbii görünür. Maraqlıdır ki, BMT artıq İŞİD-in hərəkətlərindən narahatlığını ifadə edib (bax: BM Irak’ta yaşananlardan kaygılı / “Zaman” qəzeti, 11 iyun 2014).
Nəhayət, İŞİD-in son aksiyalarının Yaxın Şərqdə aparılan geosiyasi oyunlarla əlaqəsinin olduğunu istisna etmək çətindir. Hər şeydən əvvəl, ekspertlər bu təşkilatla B.Əsədin əlaqəsinin olduğunu vurğulayırlar. Suriyadakı prezident seçkisindən sonra diqqəti kənara yönəltmək üçün rəsmi Dəməşqə hansısa təxribat lazım idi.
İŞİD-in işi bu mənada Əsədin planlarına tam uyğundur. İndi dünya əsasən İraqdan danışır. Burada terror və məzhəb ayrı-seçkiliyinin güclənməsi həqiqətən Suriyanı yaddan çıxara bilər. Şübhə yoxdur ki, böyük dövlətlərdən bəziləri də B.Əsədə bu aspektdə dəstəklərini əsirgəməyəcəklər.
Maraqlıdır ki, İraqda yaranmış vəziyyət Səudiyyə Ərəbistanını da qane edir. Çünki orada sələfilərin mövqeyinin güclənməsi ilə yanaşı, terrorun Ər-Riyada sıçramasını tormozlayır. Eyni zamanda, səudilər yenidən regionda güc sahibi olduqlarını nümayiş etdirmiş olurlar. İran və İsrailin də bu gedişatdan geosiyasi dividend götürə biləcəyini proqnozlaşdırmaq olar. Təl-Əviv üçün bütövlükdə İslam dünyasında fikir ayrılıqları və ixtilaflar sərfəlidir. Tehran isə küncə sıxışdırılmış Türkiyə ilə əməkdaşlığı inkişaf etdirmək, onun Maliki ilə yaxınlaşmasına təkan vermək və İraqda nüfuzunu artırmaq kimi fürsət əldə edir.
Hər bir halda, İŞİD-in atdığı addımlar ümumən İslam dünyası üçün ciddi təhlükədir. Bu təşkilat müsəlmanların bir-birinə düşmən kəsilməsi aspektində “düşmən dəyirmanına su tökmüş olur”. Məzhəbindən asılı olmayaraq, hər bir müsəlman uduzur.
Newtimes.az

Paylaş:
Baxılıb: 1263 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31