Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qəzza savaşı: atılan bombalar və gizli geosiyasi məqsədlər

Qəzza savaşı: atılan bombalar və gizli geosiyasi məqsədlər

19.07.2014 [11:02]

Fələstin yenidən alov içindədir. İsrail 3 yeniyetmənin qətlə yetirilməsindən sonra Qəzzaya hərbi zərbələr endirməyə başlayıb. Artıq 200-ə qədər insan həlak olub. “Həmas” isə İsrail ərazisinə mindən çox raket atıb. Lakin heç bir israilli ölməyib. Bu hadisələrə beynəlxalq ictimaiyyət elə bir reaksiya vermir. Təl-Əviv də öz planlarından əl çəkmək istəmir. Son olaraq Misirin atəşkəs elan edib, danışıqlara başlamaq təklifinə İsrail müsbət cavab verib. Bu proses başlasa belə, Yaxın Şərqdə Fələstin probleminin həlli görünmür. Burada bir sıra gizli geosiyasi məqsədlərin güdüldüyünü qəbul etmək lazım gəlir. Son toqquşmalara da bu kontekstdə qiymət vermək maraqlı olardı.
“Sayks-Piko” müqaviləsinin sonu: oyunu kim pozur?
Yaxın Şərqin dünya siyasətinin diqqət mərkəzində olması təsadüfi deyil. Mütəxəssislər bu regionun son 100 ildəki tarixini araşdırarkən, hazırda baş verənlərin kökünü orada tapırlar. Konkret olaraq I Dünya müharibəsindən sonra “Sayks-Piko” anlaşması kimi tarixə düşən Osmanlını parçalamaqla bağlı Böyük Britaniya-Fransa müqaviləsi indi müşahidə edilən proseslərə start verib.
Bu sazişə əsasən, Yaxın Şərqdə ərəblərin müstəqil dövlətləri yaranmalı idi. Lakin reallıqda London və Paris özlərinin istədikləri kimi sərhədləri çəkilən və mahiyyətcə oyuncaq olan qondarma dövlətlər yaratdılar. İraq, Suriya, Səudiyyə Ərəbistanı və başqaları məhz “kağız üzərində xətkeşlə cızılan sərhədlərin” birbaşa nəticəsidir.
Təsadüfi deyil ki, hətta İngiltərənin Yaxın Şərqdə Osmanlıya qarşı ərəb üsyanlarını təşkil edən xəfiyyəsi Lourens belə bu gedişata etiraz edib. Suriyada baş qaldıran üsyanlar amansızcasına yatırılıb. Paralel olaraq radikal əhval-ruhiyyəli və müsəlmanların birliyini pozan qruplar yaradılıb. Bu vəziyyət həmin dövrdən indiyə qədər Yaxın Şərqin altına qoyulmuş bomba təəssüratı yaradır. Hazırda Suriyada, Misirdə, İraqda və Fələstində müşahidə edilən bütün hadisələrin qaynağı gedib o zamanların siyasətinə çıxır.
Qəribədir, keçən müddətdə dünya çox dəyişib, lakin Qərbin Yaxın Şərq siyasəti mahiyyət dəyişikliyinə uğramayıb. Rusiya, İran və Çinin də həmin regionla bağlı xarici siyasətində elə bir yenilik müşahidə etmirik. Zira, bəzi ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə terrorun kökünü məhz Rusiya, Suriya və İran əməkdaşlığı kəsə bilər.
Bütün bunlara rəğmən, Yaxın Şərq alov içindədir. İndi İsrail-Fələstin münaqişəsi daha şiddətli mərhələyə qədəm qoyub. Tərəflər raketlər, qırıcı təyyarələr, bombalarla bir-birlərini vururlar. Üstəlik, Misir, Suriya, Livan və İraq birbaşa münaqişəyə qatılmış kimi görünürlər. Kütləvi informasiya vasitələri İsraildən Suriya və Livana hərbi zərbələr endirildiyi haqqında məlumatlar yayırlar.
Bunun səbəbi kimi həmin ölkələrin ərazisindən İsrailə raket atıldığı göstərilir. Lakin nədənsə ərəblərin atdıqları raketlər açıq tarlaya, insanın yaşamadığı yerlərə düşür. Bir sıra ekspertlər bu kimi faktlar əsasında baş verənlərin İsrail kəşfiyyatının planları olduğu iddiasını irəli sürürlər.
Həmin kontekstdə üç israilli yeniyetmənin oğurlanması və qətlə yetirilməsi arxasında xüsusi servislərin dayandığını deyirlər. O cümlədən, “Həmas”ın daxilində xüsusi xidmət orqanlarının kifayət qədər agentinin olduğundan yazırlar.
Bir münaqişə haqqında çoxlu versiya irəli sürmək olar. Ancaq reallıq birdir - fələstinlilər qırılır, onların torpaqlarında savaş bitmir və heç bir siyasi məsələ həllini tapmır. O cümlədən, bu günə qədər müstəqil Fələstin dövləti tam mənasında yaradılmayıb.
Üstəlik, 1990-cı illərin ikinci yarısından İsrail Fələstin torpaqlarında divar hörərək, ora yəhudiləri yerləşdirərək, faktiki olaraq həmin ölkəni iki yerə böldü. Artıq bütöv Fələstin torpağından yalnız nəzəri danışmaq olar. Halbuki, 1993-cü ildə Osloda Fələstində müstəqil dövlət yaradılması ilə bağlı “yol xəritəsi”nin tərtib edilməsində İsrail də iştirak etmişdi.
Radikal qruplar və böyük dövlətlər: geosiyasi dinamikanın yeni parametrləri
Bu gün İsrail-Fələstin münasibətlərində baş verənlərə həmin faktlar aspektində baxanda hansı mənzərə alınır? Əslində, bura bir məqamı da əlavə etmək lazımdır. Söhbət Yaxın Şərq miqyasında cərəyan edən geosiyasi hadisələrdən gedir. İlk növbədə İraq, Suriya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və İran faktorları nəzərdə tutulur. İraqda terror tüğyan edir. “İraq və Şam İslam Dövləti” (İŞİD) İsrailə zərbə endirməklə hədələyir. Faktiki olaraq onlar Suriya və İraqın bir hissəsini əhatə edən dövlət yaratmağa doğru gedirlər. Onun adını “Xilafət” qoyublar.
Ola bilsin ki, İsrail yeni terror dalğasının Qəzzadan qaynaqlanacağından ehtiyat edərək önləyici tədbirlər görüb. Yəni İŞİD və “əl-Qaidə” həmin ərazidən İsrailə silahlı adamlarını sızdıra bilərlər. Hər bir halda, Yaxın Şərqdə yeni radikal və amansız qrupun meydana çıxmasından Təl-Əviv narahatdır.
İsrail Səudiyyə Ərəbistanı, Qətər, Misir və İranın regional liderlik uğrundakı mübarizəsinə laqeyd qalmır. İndi regionda “sünni zolağı” və “şiə qövsü”nün yarana biləcəyi haqqında fikirlər dolaşır. “Şiə qövsü” İran, İraq, Suriya, Cənubi Livan, Bəhreyn və Səudiyyə Ərəbistanının şərq əyalətlərini əhatə edir. Belə bir gücün meydana gəlməsinə İsrailin münasibəti necə olardı? Cavab, bizcə, aydındır. Bu səbəbdən Təl-Əvivin sakit dayanmayacağı da sirr deyil.
Belə görünür ki, İsrailin “Həmas”a zərbələr endirməsi arxasında bütövlükdə regionda cərəyan edən geosiyasi proseslərin təsiri vardır. Artıq sayı 1000-i keçmiş silahlı qruplar müəyyən müddətdən sonra İsrailə qarşı savaşa bilərlər. Bunu anlamaq olar. Lakin Təl-Əvivin, ümumiyyətlə, Qəzzanı atəşə tutması başa düşülən deyil. Bu cür hərəkətlər nəticəsində uşaqlar, qocalar, qadınlar həlak olurlar. Minlərlə insan şikəst olur. Bu humanitar fəlakətə isə beynəlxalq ictimaiyyət laqeyd qalır.
ABŞ sözdə qınayıcı fikirlər bildirir, ancaq münaqişənin qarşısını almaq üçün addım atmır. Avropa İttifaqı da təqribən eyni mövqedədir. Aİ daha çox Ukrayna, Çin və Latın Amerikası ölkələri ilə maraqlanır. Müsəlman dövlətlərindən heç biri isə İsrailə qarşı dura biləcək halda deyil. Türkiyənin bir vaxtlar tutduğu sərt mövqeyi böyük müsəlman ölkələrindən heç biri real surətdə dəstəkləmədi.
Belə çıxır ki, fələstinlilər faktiki olaraq müdafiəsizdirlər. Onları yeni şərtləri qəbul edənə qədər vuracaqlar. Yenə də günahsız müsəlmanların qanı axacaq. Bunun nəticəsinin necə olacağını demək çətindir. Lakin münaqişənin həll edilməyəcəyi aydındır. Yaxın Şərqin geosiyasi mənzərəsi də qeyri-müəyyən olaraq qalacaq.
Bütün bunlar İsrail-Fələstin qarşıdurmasının kəskinləşməsi arxasında xeyli dərəcədə təhlükəli olan bir amilin dayandığına işarə verir. Görünür, regionda fəaliyyət göstərən silahlı qruplaşmalar üzərində nüfuz uğrunda mübarizə yeni səviyyəyə qalxmaqdadır. Artıq bir neçə vaxtdır ki, İŞİD, “ən-Nusra cəbhəsi”, “əl-Qaidə” və başqa təşkilatların müxtəlif ölkələr tərəfindən yaradıldığı barədə informasiyalar yayılır. Məsələn, bir sıra qərbli analitik hesab edir ki, İŞİD-i ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və NATO yaradıb.
Bu dalğa, sözsüz ki, regiona yeni şiddət gətirə bilər. Bir qədər sonra Səudiyyə Ərəbistanı, İran, Türkiyə, Qətər, Misir və digər ölkələrdə radikal qrupların fəallığı müşahidə edilə bilər. Əgər bu ssenari doğrudursa, Yaxın Şərqdə geosiyasi mübarizənin də yeni məzmun kəsb edə biləcəyini istisna etmək olmaz.
Bu kontekstdə Misirin atəşkəs təklifinə İsrail və “Həmas”ın münasibəti maraq doğurur. Təl-Əviv Qahirənin təklifinə razılıq verib. “Həmas” isə hələlik qəti fikir bildirməyib. Bu təşkilatın Qəzzadakı qanadı Misirin təşəbbüsündən narazılıq ifadə edib - o, tam və hərtərəfli razılığın əldə olunmasını tələb edir. Lakin “Həmas” İsrail ərazisinə mindən çox raket atmasına baxmayaraq, bir nəfəri belə öldürə bilməyib. İsrail isə ən azı 197 fələstinlini məhv edib. Bu cür fərqlərin mövcud olduğu şəraitdə “Həmas” hansı şərti qoya bilər?
Belə nəticə alınır ki, bu proseslərin arxasında başqa qüvvələr dayanıb. Onlar regionda gərginliyin azalmasında maraqlı deyillər. Bu halda Yaxın Şərqin geosiyasi taleyi çox böyük suallar doğurur. Günahsız insanlar isə həlak olur.
Newtimes.az

Paylaş:
Baxılıb: 1126 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31