Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Söz sərrafı...

Söz sərrafı...

09.07.2025 [08:34]

Aşıq Ələsgər saz, söz sənətimizin böyük ustadıdır!

Aşıq sənətimizin ən uca zirvəsində dayanan Aşıq Ələsgər 1821-ci ilin bu günü anadan olub. Xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş sənətkarın yaradıcılığı ədəbiyyatımızın parlaq səhifələrindəndir. Onun yaradıcılığı Azərbaycan poetik fikrinin inkişafında elə bir səhifədir ki, doğurdan da insanın ürəyində çox nəcib duyğular oyadır, insana böyük zövq verir.

Müxtəlif mövzularda yazıb-yaradan söz sərrafı xüsusi təhsil ala bilməyib, sənətin sirlərini el sənətkarlarının və ağsaqqalların yanında öyrənib. Böyük ustad Aşıq Alının yanında şagirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ondan ədəb və mərifət qaydalarını da mənimsəyib. Toy məclislərinin birində Ələsgərlə deyişib və ona məğlub olaraq sazını qalib tərəfə - Ələsgərə təslim edib. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını bu sözlərlə bildirib:

Bir şəyird ki, ustadına

kəm baxa,

Onun gözlərinə qan

damar, damar.

Aşıq Ələsgər Azərbaycan dilinin incəliklərindən bacarıqla istifadə edərək aşıq poeziyamızı daha da zənginləşdirib Məhz buna görə də ondan sonra gələn bütün aşıqlar, hətta yazılı ədəbiyyatımızın görkəmli nümayəndələri bu qüdrətli söz ustadının yaradıcılığından bəhrələniblər. Aşıq Ələsgər şeirlərinin məna dərinliyi, sözlərin axıcılığı, təsvir vasitələri, cinas qafiyələrin dolğunluğu, sözlərin yerində tutarlı və böyük ustalıqla işlədilməsi bütün aşıq poeziyamızda əlçatmaz zirvəyə qalxıb.

Böyük ustadın yaradıcılığında qoşma janrı üstünlük təşkil edir. Bu qoşmaların bir qismində insanları ucaldan, yaşamağa həvəs oyadan, təmiz  və mənalı məhəbbətin tərənnümü xüsusi yer tutur. Gözəllərin vəsfi şairin bir sıra qoşmalarında qırmızı xətt təşkil edir. Bu cəhətdən aşağıdakı bənd daha səcivvədir:

Ələsgəri gözdən salma

irağa,

Könül dərd gətirməz

dərdi-fərağa

Leyli kimi vədə versən

bulağa

Məcnun tək gözlərəm il,

sənə qurban.

Göyçədə dünyaya göz açsa da, saz sehri, söz tilsimiylə bütün Qafqazı, Türkiyə və İranı heyrətdə qoymağı bacarmışdı. 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talandı, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur oldu. Hər yerdə aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. O gözünü açıb gördüyü doğma yerlər üçün çox darıxırdı. Sanki canından əziz bildiyi Göyçə dağlarının nə vaxtsa əldən çıxıb yad yağılara qismət olacağından duyuq düşübmüş. Ustad sənətkar Göyçə yaylaqlarının eldən ayrı düşəcəyinin xiffətini, ağrısını uzaqgörənliklə əsərlərində söyləmişdi. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıdır, ömrünün son illərini doğma kəndində yaşayır. Ancaq onun çal-çağırlı günləri arxada qalmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:

Səksəni, doxsanı keçibdir yaşım,

Əzrayıl həmdəmim,

məzar yoldaşım.

Gor deyə tərpənir bəlalı

başım,

Daha köç təbilin çal,

qoca baxtım.

1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi, 1998-ci ildə 175 illiyi, 2021-ci ildə isə 200 illik yubileyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunub. Söz ustadının xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilib. Onun adına küçə, mədəniyyət sarayı, Respublika Xalq Yaradıcılığı evi fəaliyyət göstərir.

2011-ci ilin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi tərəfindən “Aşıq Ələsgər İli” elan edilməsi ilə əlaqədar M.F.Axundov adına Milli Kitabxana tərəfindən “Aşıq Ələsgər -190” biblioqrafik göstərici tərtib edilib.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31