Altı ölümün öldürdüyü tək adam
21.07.2026 [09:25]
Edqar Allan Ponun yaradıcılığı haqqında
əvvəli ötən saylarımızda
Çox keçmədən evdəki çöküş əhvalı təhkiyəçiyə də yoluxur - yatağına girsə də, saatlarla yata bilmir, səbəbsiz bir vahimə onun canına vəlvələ salır, dəhşətdən qanı donur. Özünü inandırmağa çalışır ki, ağlını qarışdıran fikirlər evin ab-havasından, ya da yaxınlaşmaqda olan tufanın təsirindəndir. Küləyin susduğu məqamlarda o haradan gəldiyi anlaşılmayan boğuq səslər eşidir. Az sonra Roderik dəhşət içində onun otağına gəlir, məlum olur ki, onlar ledi Medileyni diri-diri basdırıblar, indi cəsəd qiyama qalxıb lənətlənmiş evi dolaşır. Bunun ardınca külək qapını yavaş-yavaş açır, qapının kandarında kəfənə bürünmüş ledi Medileyn görünür. Ağ kəfənin üstündəki qırmızı qan ləkələri amansız mübarizədən xəbər verir. Ağrıdan inildəyən bacısı səndələyib Roderikin üstünə yıxılır, onu da özü qarışıq yerə yıxır:
“Mən dəhşət içində əvvəl otaqdan, sonra isə evdən çıxdım. Tufan daha da şiddətlənmişdi, köhnə daş cığırı keçəndən sonra yolum qəfil işıqlandı. Bu gözqamaşdıran parlaqlığın səbəbini anlamadan dönüb geriyə baxdım, çünki arxada yalnız qaranlıq, tutqun duman içində üzən Aşerlər evi vardı. İşıq qan rəngli bədirlənmiş aydan düşürdü. Ayın ziyası malikanənin divarında güclə nəzərə çarpan, evin damından başlayıb gölə qədər uzanan çatı işıqlandırırdı. Çat durmadan böyüyürdü, qəfildən qasırğa da gücləndi, ayın işığı gözümü qamaşdırdı, başım gicəlləndi, sonra evin möhkəm divarlarının uçulub-dağıldığını gördüm. Sonda Aşerlər evinin dağıntıları gölün dərin, sakit sularına qarışdı”.
Bununla da qədim, köklü Aşer nəslinin varlığına xitam verilir, silsilə sona çatır. Bir ailənin tənəzzülündən danışan bu məşhur novelladan Tomas Mannın “Buddenbroklar”ından tutmuş Markesin “Yüz ilin tənhalığı” romanına qədər dünya ədəbiyyatının bir sıra ailə dastanlarına gedən yollar açıq-aşkar görünür. Hələ onu demirəm ki, Markes Buendia ocağının sönməsindən, Buendia nəslinin çöküşündən bəhs eləyən şah əsərinin adını əvvəlcə “Ev” qoymaq istəyirmiş...
***
Görünür, Qoqol kimi Edqar Ponun da sağ ikən basdırılma qorxusu olub. “Diri-diri gömülənlər” (1844) adlı hekayəsində o bu mövzuya yenidən qayıdır. Təhkiyəçi katalepsiya (ölümə bənzər sinir tutmaları, ürəkgetmə) xəstəliyindən əziyyət çəkən biridir. Əvvəl-əvvəl o, letargiya yuxusuna dalmış adamların səhvən basdırılmasına dair bir neçə misal çəkir. Sonra da özünün başına gələni danışır.
Bir gecə o, qorxulu yuxudan ayılıb hər tərəfi zülmət qaranlıq görür. Qışqırmaq istəyəndə çənəsinin çəkilib bağlandığını hiss eləyir. Sinəsinin üstündə çarpazlanmış əllərini qaldıranda əli taxtaya toxunur. Bundan sonra tabutda uzandığına, məzara gömüldüyünə heç bir şübhəsi qalmır: “Tabutun qapağını qaldırmağa çalışdım, açılmadı. Zənglərin ipini axtardım, o da əlimə gəlmədi. Nəfəsimi çəkəndə xam torpağın qoxusunu duydum. Gəldiyim nəticə məni dəhşətə gətirdi: mən sərdabədə yox, adi qəbiristanlıqda dəfn olunmuşdum! Deməli, sinir tutması evdə, dostlarımın, doğmalarımın yanında yox, tanımadığım adamların arasında baş vermişdi. Bu, necə, nə vaxt olmuşdu, xatırlaya bilmirdim. Bir məsələ aydın idi ki, məni ölü bilib adi qəbiristanlıqda basdırıblar, daha doğrusu, yiyəsiz it kimi dərin bir quyuya gömüblər”.
Əslində isə hekayənin qəhrəmanı tufandan qaçıb sığındığı bir yük gəmisində yatmış olur. Gəminin işçiləri onu silkələyib oyadanda təhkiyəçi bir müddət harada olduğunu anışdırammır. Çənəsindəki sarğı da öz əlinin işiymiş - papağı olmadığından yağışdan qorunmaq üçün cib dəsmalını başına bağlayıbmış: “Düzünə qalanda başıma gələn bu acı təəssürat diri-diri gömülən adamın çəkdiyi əzablardan geri qalmazdı. Həmin dəhşəti, ölüm qorxusunu eynən yaşadım. Amma necə deyərlər, hər ziyanda bir fayda var, Tanrı neylərsə, gözəl eylər. Keçirdiyim iztirabın hüdudsuzluğu ürəyimdə tab-tavan, fəlakətə qarşı müqavimət yaratdı. Ruhum möhkəmlənib dinclik tapdı. Xaricə getdim, idmanla məşğul oldum. Çöl-çəmənin təmiz, saf havasını ciyərlərimə çəkdim. Ölümü düşüncəmə yaxın qoymadım, gözəl şeylər haqda düşündüm. Xəstəliklərdən danışan tibbi kitabları bir kənara tulladım, gecə kabuslarına, ölülərə, məzarlıqlara dair yalan-gerçək əhvalatlarla dolu kitabları yandırdım. Bir sözlə, tamam başqa adama çevrilib həyatı yenidən yaşamağa başladım. Diri-diri gömülmək qorxusundan tədricən azad oldum. Bütün bunlarla yanaşı kataleptik tutmalarım, ürəkgetmələrim də keçib getdi. Çox güman, bu xəstəlik qorxumun səbəbi deyilmiş, əksinə, qorxuların törətdiyi nəticəymiş”.
Hekayənin qəhrəmanı özünü kiçik dozalı ölümlə peyvəndləyir, çildağçı kimi qorxunu qorxuyla sağaldır, qəfil soyuq suya atılan uşaqtək bədənini ölümün “temperaturuna” uyğunlaşdırıb qara-qorxudan çıxır. Amma onun qurtuluşu mənəvi akt sayəsində, şəri yenmək hesabına yox, bioloji gimnastika, şərin, emosiyaların mənfi qütbündən müsbət qütbünə - ölüm qorxusundan yaşamaq ehtirasına doğru yerdəyişmə nəticəsində baş tutur, odur ki, qəhrəmanımızın əcəldən aldığı möhləti ölüm mələyinə qurbanlar verməyə sərf eləyəcəyinə əmin ola bilərik. Başqa sözlə, ona həyat həvəsini sevgi yox, qorxu verir, o, yaşamaq sevincini tanrıdan yox, şeytandan alır. Ölüm onun enerji generatoruna çevrilir, ölüm ona həyat verir.
***
Ayrı bir hekayəsi elə belə də adlanır: “Ölümdə həyat var” (1842). Hekayə sənətin dağıdıcı gücü haqdadır. Burada da təhkiyə birinci şəxsin dilindən aparılır. Quldurların əlindən qurtulmuş yorğun, yaralı yolçu kimsəsiz bir qəsrdə daldalanır. Burada o, gənc bir xanımın oval çərçivəyə salınmış olduqca canlı portretinə rast gəlir. Rəsmlərin şərh olunduğu kitabdan oxuyur ki, bu portret sənətinə mübtəla olmuş dahi bir rəssamın əl işidir. Rəssam cavan arvadının surətini yaratmağa necə aludə olubsa, qadının günü-gündən saralıb-solduğunu sezməyib. Beləcə, gənc xanımın ruhunu, gözəlliyini kətana köçürməklə rəssam bir yandan onu ölümə məhkum eləyib, o biri yandan da onun gəncliyini, surətini əbədiləşdirib.
Yaratdığı portretə heyran qalan sənətkar işinə yekun vuranda kəşf elədiyi həqiqəti həyəcanla dilə gətirir: “Bəli, həyat bax budur!” Sözün onun ağzından çıxmağıyla qadının yıxılıb canını tapşırmağı bir olur. Rəssamın fırçasına könül verməsi gerçək həyatı öldürür, necə deyərlər, incəsənət qurban istəyir. Belə çıxır ki, sənət də ölüm kimi həyatla rəqabətdədir, demək, onların təbiəti də birdir, sənət özü də ölümdən qidalanır. Bu biri yandan sənət həyatı üstələməyə çalışır, deməli, həm də həyatdan güc-qüdrət alır. Hər bir böyük sənət əsərində həyatla ölüm qəribə şəkildə çulğaşır, qol-boyun yatır. Yalnız ağlın pəncərəsindən ruhun gözüylə baxanda bunca paradoksal qovuşmanın məntiqini anlamaq olur.
Bu hekayə sənətlə həyatın konflikti kimi gözdən keçirilsə də, məncə, ona ruhla bədənin münaqişəsi kimi də baxa bilərik. Əgər bədən ruhun gücü hesabına ölümünə qovuşursa, bu, xoşbəxt ölümdür, faniliyə yox, əbədiyyətə qovuşmaqdır. Yox, proses tərsinə gedirsə, yəni bədən ruhu evindən qovmaqla əcəl durağına çatırsa, bu, cismin içindən çıxarıldığı, bəzək-düzək vurulub şəkilləndiyi heçliyə qayıdışı, cəhənnəmə vasil olmağıdır.
***
“Vilyam Vilson” (1839) adlı hekayədə söhbət belə bir qayıdışdan gedir. Bu hekayə də birinci şəxsin dilindən danışılır, ancaq bu dəfə təhkiyəçinin adını bilirik - onun adı əsərin başlığına çıxarılıb. Qədim, kübar bir nəslin törəməsi olan Vilyam gəncliyindən əslinə-kökünə yaraşmayan sapıq həyat keçirir. Hələ məktəbdə oxuduğu vaxt onların sinfinə Vilyama bənzər, onun adını-soyadını daşıyan, onunla eyni ildə, eyni gündə doğulmuş bir oğlan gəlir. Çox keçməmiş hamı onları əkiz qardaşlar bilir, halbuki oğlanların bir-birinə heç uzaq qohumluğu da çatmır. İki Vilson arasında dərhal bütün sahələr üzrə rəqabət yaranır - həm təhsildə, həm idmanda, həm də özünü başqalarına bəyəndirməkdə. Təhkiyəçi Vilyam adaşına nifrət bəslədiyini oxucudan gizlətmir, çünki rəqibi ondan daha istedadlı, daha vicdanlı, daha alicənab olur. Üstəlik, oxşarı onun geyim tərzini, davranışını, başqa maneralarını da mənimsəyib yamsılayır, onun hərəkətlərini daim nəzarətdə saxlayır, adaşına onun xoşuna gəlməyən haqlı məsləhətlər, tövsiyələr verir. Hətta əsas qəhrəmanın pıçıltıya bənzər alçaq səsini də rəqibi yamsılamaqla onun əleyhinə işlədir. Ona rahatlıq verməyən adaşından qisas almaq üçün bir gün qəhrəmanımız gizlicə onun yatdığı otağa girir, ancaq oğlanın hətta yuxuda da özünə bənzədiyini görüb eymənir, oxşarına xətər yetirməyə əlləri qalxmır.
Bundan sonra məktəbi buraxan təhkiyəçi Vilyam Oksfordda kollecə qəbul olunur. Orada gənc tələbə avara, pozğun həyat sürür. Ancaq günün birində ayılır ki, oxşarı heç də nəzərini onun üstündən götürməyib, ən intim əxlaqsızlıq məqamlarında belə onun gözünə görünüb tez də qeybə çəkilir. Daha sonra qumara qurşanan təhkiyəçi zadəgana yaraşmayan üsullarla fırıldaq işlədib kurs yoldaşlarını soyur, ancaq iş başında tutulmadığından öz reputasiyasını da qoruyub saxlayır. Nəhayət, ortada böyük pulların dövr elədiyi qızğın qumar məclislərinin birində adaşı peyda olub onu ifşa eləyir. Bu rüsvaylıqdan sonra qəhrəmanımızın Oksfordu təcili tərk qılmaqdan savayı çarəsi qalmır. Cəlayi-vətən olan Vilson oxşarının gözündən yayınmaq üçün bütün Avropanı gəzib dolaşır, şəhərlər, ölkələr dəyişir, di gəl, harada olur olsun adaşı onu tapıb fırıldaqlarının üstünü açır.
Romada keçirilən karnaval günlərində qəhrəmanımız bir qoca hersoqun gənc, gözəl arvadını tovlamaq üçün maskarada qatılır. Qadına yaxınlaşdığı vaxt kimsə onun qolundan yapışıb tanış səslə qulağına pıçıldayır - bu, onunla eyni qiyafəyə bürünmüş ikinci Vilyam Vilsondur. Əsəbiləşən qəhrəman oxşarını duelə çağırır, o isə qətiyyən etiraz eləmir. Təkbətək döyüş uzun çəkmir, təhkiyəçi Vilson adaşını divara qısnayıb qılıncıyla neçə yerdən onun köksünü dəlir. Qanlı cismiylə üstünə yeriyən oxşarı Vilyama belə deyir: “Sən qalib gəldin, mən təslim oluram. Fəqət indən belə sən də ölüsən - dünya üçün, göylər üçün, ümid üçün yoxsan artıq! Mənimlə sən sağ idin, məni öldürməklə isə - üzümə bax, gör bu, sən deyilsənmi? - varlığını biryolluq puça çıxardın!”
Buna bənzər şəxsiyyət ikiləşməsini irəlidə Dostoyevskinin “Oxşar” povestində, Oskar Uayldın “Dorian Qreyin portreti” romanında, Borxesin “Borxes və mən” hekayəsində də görəcəyik. Hər cür bəd əmələ qadir Vilyam Vilsonun oxşarı onun mənəvi varlığı, onun ruhudur. Şeytani qanunlarla idarə olunan Vilyam Vilson namlı bədən ruhunu özündən qovmağa, tanrısından qaçmağa çalışır, anlamır ki, bununla yalnız özünə qəsd eləyir, hər şeydən çox qorxduğu ölümünə can atır; qanmır ki, ruhsuz bədən ölü bədəndir. Zatən şeytan şeytanlığını qansaydı, şeytan olmazdı. Tərsinə yeriyən şeytanın məntiqi, idrakı yoxdur, varsa da, tərs məntiqdir, tərsməzhəb idrakdır.
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

