Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dövlət büdcəsinin gəlirlərində yüksək artım

Dövlət büdcəsinin gəlirlərində yüksək artım

10.09.2026 [10:25]

Büdcədə 3,5 milyard manatdan çox profisit yaranıb

2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat təşkil edib ki, bu da proqnozu 780,2 milyon manat və ya 3  faiz üstələyib. Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 619,1 milyon manat təşkil edərək proqnozdan 900,1 milyon manat və ya 7,7 faiz çox olub. Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat olmaqla proqnozu 7,3 milyon manat və ya 23,8 faiz çox üstələyib. Sair daxilolmalar isə 462,5 milyon manat təşkil edərək proqnozdan 77,1 milyon manat və ya 20 faiz çox , Dövlət Neft Fondundan transfert isə 8 559,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 326,9 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat icra olunub.

Qeyd edilən dövrdə büdcədə fiskal yığımların əsas mənbəyi Neft Fondunun transfertləri nəzərə alınmadan əsas etibarilə qeyri-neft gəlirləri təşkil edib. Belə ki, təkcə vergilərin 9,5 milyarda manata yaxını qeyri-neft-qaz sektorundan daxilolmalardır. Bu sahə üzrə büdcəyə proqnozdan əlavə 281,7 milyon manat vəsait ödənilib ki, bu da 2025-ci ilin müvafiq dövrünə nisbətən 12,3 faiz çoxdur.

İcmal büdcədə 6 milyard manata yaxın profisit

Yanvar-avqust ayları ərzində dövlət büdcəsinin xərcləri 22 milyard 770,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2.1 faiz çoxdur. İcmal büdcənin gəlirləri isə 32 milyard 799,6 milyon manat, xərcləri  isə 26 milyard 967,5 milyon manat məbləğində icra edilib. Yeri gəlmişkən, bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat məbləğində vəsait geri qaytarılıb. Həmin vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir. Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Yenilənmiş büdcə göstəriciləri

Büdcə göstəricilrəi ölkədə maliyyə-fiskal siyasətin uğurlu nəticələrini göstərir. İlin əvvəlindən müşahidə edilən bu müsbət meyilləri nəzərə alan Maliyyə Nazirliyi bir neçə gün əvvəl 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb ki, yeni ssenarilər fonunda dövlət büdcəsinin gəlirlərində ilin əvvəlində tərtib edilən proqnozlarla nisbətdə daha çox artım gözlənilir. Yeni gözləntilərə əsasən, 2026-cı  ilin  sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil  edəcəyi gözlənilir. Büdcə gəlirlərinin 43,4 faizi və ya 17 milyard 85 milyon  manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22 milyard 280 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. İlin əvvəlində təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650 milyon manat və 4 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106 milyon manat və ya 0,5 faiz artım gözlənilir. Dövlət büdcəsinin gözlənilən gəlirlərinin 17 milyard 760 milyon manatı və ya 45,1 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 762 milyon manatı və ya 17,2 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12 milyard 835 milyon manatı və ya 32,6 faizi Dövlət Neft Fondundan transfertin, 1 milyard 21 milyon manatı və ya 2,6 faizi  büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987 milyon manatı və ya 2,5 faizi sair gəlirlərin payına düşəcək. Vergi və rüsumlar üzrə daxilolmaların məbləği cəmi 17 milyard 760 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850 milyon manat və yaxud 5 faiz çoxdur. Qeyd olunan  vəsaitin 4 milyard 250 milyon manatı və ya 23,9 faizi neft-qaz sektorunun,  13 milyard 510 milyon manatı və ya 76,1 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Dövlət Neft Fondundan transfert 12 milyard 835 milyon manat gözlənilir.

Büdcə xərcləri 40 milyard manatı üstələyəcək

Yenilənmiş proqnozlara görə, 2026-cı il dövlət büdcəsinin xərcləri 40 milyard 862,6 milyon manat səviyyəsində olacaq. Bu, təsdiq olunmuş göstəriciyə nisbətən 2 faiz azdır. Ümumilikdə, 2026-cı il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,5 faizi həcmində və ya 24 milyard 713,1 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 488,5 milyon manat və ya 1,9 faiz az), əsaslı xərclərə ümumi xərclərin 33,5 faizi həcmində və ya 13 milyard 691,8 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 352,6 milyon manat və ya 2,5 faiz az) olacağı ehtimal edilir. Cəmi xərclərdə dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 6 faizi həcmində və ya 2 milyard 457,6 milyon manat (təsdiq  olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.

Xarici borc azalır

2026-cı ilin dövlət büdcəsində xarici dövlət borcu üzrə 1 milyard 400 milyon manat, daxili dövlət borcu üzrə isə 1 milyard 057,6 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq ümumi dövlət xidmətləri əvvəlki göstərici - 5 milyard 518 milyon manata qarşı 5 milyard 462,8 milyon manat və ya 55,2 milyon manat az gözlənilir. Sosial müdafiə və sosial təminat xərcləri isə təsdiq olunmuş 4 milyard 873 milyon manata qarşı 4 milyard 824,2 milyon manat və ya 48,7 milyon manat az, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 632,1 milyon manata qarşı 625,8 milyon manat və ya 6,3 milyon manat az, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 3 milyard 336,3 milyon manata qarşı 3 milyard 286,2 milyon manat və ya 50 milyon manat az nəzərdə tutulur. Müdafiə və milli təhlükəsizlik xərcləri isə təsdiq olunmuş 8 milyard 717,6 milyon manata qarşı 8 milyard 562,8 milyon manat və ya 154,7 milyon manat az, səhiyyə xərcləri təsdiq olunmuş 2 milyard 24,3 milyon manata qarşı 1 milyard 987,3 milyon manat və ya 37,1 milyon  manat az, kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1 milyard 226,5 milyon  manata qarşı 1 milyard 202 milyon manat və ya 24,5 milyon manat az gözlənilir. İqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərclərinin təsdiq olunmuş 7 milyard 856,6 milyon manata qarşı 7 milyard 699,5 milyon manat və ya 157,1 milyon manat, təhsil xərclərinin təsdiq olunmuş 5 milyard 16,4 milyon manata qarşı 4 milyard 880,1 milyon manat və ya 136,3 milyon manat az olacağı proqnozlaşdırılır.

Kəsir 18,8 faizdən 17,5 faizə düşəcək

Büdcə kəsirinin 2026-cı ilin sonuna 1 milyard 497,6 milyon məbləğində olacağı gözlənilir. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına təmin edilməsi nəzərdə tutulub. Kəsir cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,1 faiz olacaq, eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2026-cı ilin əvvəlindəki 18,8 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonunda 17,5 səviyyəsində olacağı gözlənilir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30