/ / İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
22.09.2025 [10:28]
Prezident İlham Əliyev Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.
Müraciətdə bildirilir:
"Hörmətli Forum iştirakçıları,
Sizi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram.
Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacağına inamımı ifadə edirəm.
Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır.
Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.
Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.
Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış "Əsrin Müqaviləsi" qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşmüş, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir.
Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.
Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənmişdir: hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır.
Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsində qorunmuşdur İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəltmiş və ölkənin maliyyə gücünü artırmışdır. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artmış, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5%-ə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilmişdir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.
Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur.
Ölkədə qanunun aliliyin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir.
Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.
Azərbaycan yaradıcı təşəbbüsləri, iş adamlarına daha mənfəətli fəaliyyət imkanları təqdim edən layihələri daim dəstəkləyir. Hesab edirəm ki, Azərbaycanın təqdim etdiyi üstünlüklərdən faydalanmaqla tərəfdaşlarımız ölkəmizin dayanıqlı inkişafına, texnoloji tərəqqisinə və bütövlükdə regionunun firavanlığına mühüm töhfələr verə bilər.
Bu gün keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm.
Əminəm ki, sizin ideya və təşəbbüslərinizin Azərbaycanda real layihələrdə əksini tapması uğurlu əməkdaşlığa və ümumi rifaha möhkəm zəmin yaradacaqdır.
Forumun işinə uğurlar, bütün iştirakçılara isə yeni səmərəli tərəfdaşlıqlar arzulayıram".
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

