Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri dünya mediasının diqqətində...

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri dünya mediasının diqqətində...

23.07.2026 [10:36]

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri təkcə bu ölkənin dövlət, teleradio və regional mətbuatında deyil, eyni zamanda, qlobal xəbər nəşrlərinin, maliyyə-birja portallarının və nüfuzlu təhlil mərkəzlərinin diqqət mərkəzində olub.

Beynəlxalq informasiya məkanında dərc olunan materialların həcmi və məzmun dinamikası Berlin görüşlərinin regional çərçivədən çıxaraq Avropanın enerji arxitekturasına və qlobal geostrateji balansa bilavasitə təsir edən mühüm siyasi hadisə kimi qiymətləndirildiyini göstərir. Səfərlə əlaqədar Almaniyanın və dünyanın 70-dən çox aparıcı media resursunda dərc edilən analitik məqalələrin, xəbərlərin və rəsmi bəyanatların məzmunu bir neçə konseptual istiqamətdə dəyərləndirilib və ətraflı təhlil edilib. Almaniya mediasında səfərin dinamikası əsasən enerji təhlükəsizliyi, iqtisadi institusionallaşma və ikitərəfli gündəlik əsasında təqdim olunub. Bu ölkənin dövlət qurumlarının resursları, milli teleradio yayımları, maliyyə xəbərləri portalları və regional mətbuatı Azərbaycan Prezidentinin səfərini, ilk növbədə, rəsmi Berlinin enerji təchizatının şaxələndirilməsi və iki ölkə arasında iqtisadi əlaqələrin yeni institusional müstəviyə qaldırılması kontekstində işıqlandırıblar.

Almaniya Hökumətinin rəsmi portalı (Bundesregierung.de) və Federal Prezidentin dəftərxanası (Bundespraesident.de) dövlətimizin başçısının Berlindəki görüşləri barədə operativ məlumatlar yayıblar. Məlumatlarda Almaniya Kansleri Fridrix Merts və Prezident Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində ikitərəfli siyasi dialoqun dinamikası, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinin ətraflı müzakirə olunduğu diqqətə çatdırılıb. Almaniyanın əsas informasiya agentliyi olan DPA (Deutsche Presse-Agentur) ilə yanaşı, geniş oxucu auditoriyasına malik “Stern”, “News.de”, “Klamm.de”, “Deutsche Welle” kimi media orqanları da rəsmi protokollara və müzakirə olunan əsas mövzulara geniş yer ayırıblar.

Dövlətimizin başçısının rəsmi səfəri ilə bağlı Almaniya mediasında ən böyük maraq doğuran istiqamətlərdən biri enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi olub. Almaniyanın “N-TV”, “Stern”, “Deutschlandfunk” (DLF) və “Zeit”, “Deutsche Welle” (DW), “Berliner Zeitung”, “Ostdeutsche Allgemeine”, “Epoch Times” və “Energy News Magazine” kimi nüfuzlu media qurumlarının məlumatlarında Almaniyanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmaq strategiyasında Azərbaycanın həlledici rol oynadığı, Kansler Fridrix Mertsin mətbuat konfransında səsləndirdiyi fikirlərə istinadla Almaniyanın Azərbaycandan təbii qaz və neft idxalını artırmaq niyyətində olması barədə xəbərlər yayıblar. Həmçinin materiallarda Kansler Fridrix Mertsin öz bəyanatında Azərbaycanın Almaniyanın enerji təchizatının təmin edilməsində maraqlı tərəfdaş olduğunu vurğulaması xüsusi qeyd olunub. Həmin nəşrlərdə yayımlanan məqalələrdə, eləcə də maliyyə sahəsində fəaliyyət göstərən “Marketscreener”, “Onvista”, “Business-Panorama” portallarının materiallarında Azərbaycan qazının Mərkəzi Avropa bazarlarına nəqli imkanları xüsusi qeyd olunub, Prezident İlham Əliyevin Avropaya enerji nəqlini genişləndirmək üçün hasilat və tranzit infrastrukturuna Avropa İttifaqı tərəfindən adekvat maliyyə və investisiya dəstəyinin göstərilməsi ilə bağlı prinsipial mövqeyi işıqlandırılıb.

Almaniyanın birja və biznes mediası səfərin praktiki-iqtisadi əhəmiyyətinə və nəticələrinə xüsusi diqqət ayırıb. Ölkənin regional xəbər şəbəkələri - “Presse Augsburg”, “Regionalheute”, “Pfalz-Express”, “Hasepost”, “Regiojournal Saarland”, “Foerde.news” və “Klamm.de” kimi portallar səfər çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və onun fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanmasına geniş yer verib. Eyni zamanda, “Deutsche Börse” (Almaniya Birjası) və “Yahoo Finance” saytlarında Azərbaycan ilə enerji və sənaye sahəsində əldə olunan razılaşmaların Avropanın kapital bazarlarındakı müsbət əks-sədası təhlil edilib.

Siyasi-analitik yayımlar həyata keçirən nüfuzlu media orqanları - “Welt”, “Handelsblatt”, “Deutsche Börse”, “Neue Westfalische” və “Upday” nəşrləri isə Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin yerli jurnalistin sualına cavab olaraq alman siyasətçilərin Bakıda keçirdikləri iddia olunan qapalı təmaslar barədə fikirlərinə yer verib.

Digər ölkələrin media orqanları da Prezident İlham Əliyevin Berlinə rəsmi səfərini və keçirilən mətbuat konfransını diqqətdə saxlayıblar. Aİ mediasında səfərin hüquqi tərəflərinə diqqət yetirilib. İtaliyanın “Agenzia Nova” agentliyi səfərin hüquqi bazasına, strateji çərçivənin genişlənməsinə xüsusi həssaslıqla yanaşıb. Nəşr Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin imzaladıqları ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin hüquqi və siyasi mahiyyətinə geniş yer ayıraraq, həmin sənədin Bakı ilə Berlin arasında ikitərəfli əlaqələri keyfiyyətcə daha yüksək, institusional müstəviyə qaldırdığını vurğulayıb.

Prezident İlham Əliyevin Almaniyaya səfəri Türkiyənin aparıcı televiziya kanalları, xəbər agentlikləri, çap mediası və xəbər saytlarının diqqət mərkəzində olub. Türkiyənin media orqanları Almaniyada görüşləri zamanı Azərbaycan liderinin qaldırdığı mövzular, o cümlədən Prezident İlham Əliyevin çıxışlarından əsas məqamlar barədə qardaş ölkənin ictimaiyyətini məlumatlandırıb. Qardaş ölkənin bir sıra xəbər agentlikləri və televiziya kanalları Azərbaycan liderinin Berlindəki çıxışlarını canlı yayımlayıb. Bakının enerji sektorunda Avropa ölkələri ilə fəal əməkdaşlığa hazır olması barədə Azərbaycan Prezidentinin fikirlərinə də geniş yer ayrılıb. Eləcə də, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanmasına xüsusi diqqət yetirilib.

Gürcüstanın aparıcı informasiya portalları və televiziyaları da Azərbaycan Prezidentinin Almaniyaya səfərini geniş işıqlandırıb. Belə ki, imedinews.ge, interpressnews.ge, 1tv.ge, palitranews.ge portallarında Azərbaycan Prezidentinin səfəri, keçirdiyi görüşlər, eləcə də Almaniya Kansleri ilə birlikdə mətbuata bəyanatından materiallar yayıblar.

Bundan əlavə,  beynəlxalq xəbər agentlikləri və aparıcı xarici nəşrlər - “Reuters”, “Bloomberg”, “US News”, “Kyiv Post”, “Meduza”, “Nau.ch”, həmçinin Rusiyanın “TASS”, “Kommersant”, “RBC.ru”, “Lenta.ru”, “The Moscow Times” və “Forbes Russia” resursları əsas diqqəti mətbuat konfransına yönəldiblər. Həmin nəşrlər mətbuat konfransında səsləndirilən fikirlərə istinadla Almaniyanın və Rusiyanın sabiq rəsmilərinin Bakıda keçirdikləri qeyri-rəsmi təmaslar barədə məlumatlar yayımlayıblar.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31