Volnovaxada döyüşən qəhrəman azərbaycanlı...
28.02.2022 [14:52]
Atasının ilk, anasının isə sonuncu məktubunu ala bilmədi
Dünyanın gözü-nəzəri, diqqəti Rusiya-Ukrayna müharibəsindədir. Sadə insanlardan tutmuş ekspertlərə, siyasətçilərə qədər – hər kəs həyəcanla hadisə və prosesləri izləyir, öz fikir və hisslərini ifadə edir. Saytları müharibə xəbərləri “bəzəyir”, sosial şəbəkələrdə bu mövzuda müzakirələr, paylaşımlar səngimir. Gün ərzində müxtəlif mənbələrdən onlarla xəbər alırıq. Hər biri, demək olar ki, diqqətimizi cəlb edir – fərqli ovqat yaradır. Amma bəziləri var ki...
“Ukrayna ordusu Volnovaxa şəhərini geri alıb”. İnformasiya resurslarında rast gəldiyimiz bu xəbər ilk baxışdan hərbi-strateji məlumat kimi sadəcə bir tərəfin nailiyyəti, digərinin isə uğursuzluğu kimi görünür. Amma “Volnovaxa geri alındı” xəbəri, əslində, bizi çox da uzaq olmayan yeni tariximizə qaytarır – nostalji hissləri oyadır. Söhbət ictimai-siyasi xadim, yazıçı-publisist, ixtisasca həkim Nəriman Nərimanov, oğlu Nəcəf Nərimanovla bağlı mənəvi əhəmiyyəti kifayət qədər böyük olan məsələdən gedir. O Nəcəf Nərimanov ki, Böyük Vətən müharibəsi zamanı – 1943-cü ilin sentyabrın 8-də Ukraynanın Donetsk vilayətinin Volnovaxa şəhərində qəhrəmancasına həlak olub. Bu gün məzarı oradadadır, Volnovaxada adına küçə var...
23 yanvar 1925-ci il - Nərimanov Nərimanovun oğluna məktub yazdığı zamanı əks etdirən tarixdir. Nəcəf Nərimanov hələ 6 yaşında idi. Məktubu yazdıqdan iki ay sonra Nəriman Nərimanov iş yerində vəfat edir. Sonradan “siyasi vəsiyyət” adlandırılan məktubu oxumaq – atasının tövsiyə, çağırış və arzuları ilə tanış olmaq Nəcəfə nəsib – qismət olmur.
Nəcəf 1941-1943-cü illər ərzində faşizmə qarşı müharibədə qvardiya baş leytenantı, tank alayının komandiri kimi Vətən uğrunda şərəflə və ləyaqətlə döyüşür, Volnovaxada qəhrəmancasına həlak olur. O, birinci dərəcəli Vətən Müharibəsi ordeni və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunur. Məzarı, qeyd etdiyimiz kimi, bu gün vaxtilə eyni ittifaqda 69 il çiyin-çiyinə addımlamış Rusiya ilə Ukrayna arasında müharibənin qızğın döyüş meydanlarından olan Donetsk vilayətinin Volnovaxa şəhərindədir.
Görkəmli tədqiqatçı-alim Vəli Məmmədov 1957-ci ildə Volnovaxa şəhərində olub, Nəcəfin qəbrini ziyarət edib. O, Nəriman Nərimanovun məktubunu arxivdən əldə edərək illər sonra oğluna “çatdıra bilib” – ata vəsiyyətini, nakam məktubu qəbri üstündə oxuyub. Beləliklə, Nəcəf Nərimanov ata vəsiyyəti ilə ölümündən sonra “tanış ola bilib”.
“...Biz sarsılmadıq və Stalinqrad böyük bir alman qupunun məzarı oldu. Budur, mən indi iki medal gözləyirəm...”. Atasının məktubu ilə tanış ola və onu cavablandıra bilməyən Nəcəf bu sözləri anası Gülsüm xanıma məktubunda yazmışdı. O, Böyük Vətən müharibəsində xalqının, dövlətinin və ittifaqın alman faşizminə qarşı şərəfini qoruyarkən, əslində, Nəriman Nərimanovun məktubunda əksini tapan tövsiyələrə necə əməl etdiyini, atasının arzularını necə gerçəkləşdirdiyini göstərmişdi. Oxumasa da, bilməsə də...
Nəriman Nərimanov məktubunda qeyd edirdi: “Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm, başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən”. Yaşaya və məktubu çatdıra bilməsə də, Nəriman Nərimanovun diləyi gerçək olmuşdu: övladı da özü kimi böyük işlərə imza atmış, başqaları – hamı üçün Vətəni qorumaq şərəfinə nail olmuşdu.
“Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım”. Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbəyə - bəşəriyyətin bu bəladan qurtulmasına töhfə verən Vətən övladlarından biri də bu sözlərin müəllifi olan Nəriman Nərimanovun oğlu oldu – Vətən oğlu! Hətta kimə görə “xalqlar dostluğu”, kimə görə isə “azadlıq düşməni – köləlik sistemi” olan bir imperiya dağıldı, bolşevizm iflasa uğradı. Nərimanovun hansısa arzuları gerçək oldu, amma onun da, övladının da ruhunu incidən məqamlar var. Elə bu gün Nəcəfin məzarının da yer aldığı, adına küçə olduğu Volnovaxada yaşananların timsalında olduğu kimi...
Sonuncu məktub da ünvanına çatmadı – Nəcəf atasının ilk, anasının isə sonuncu məktubu ala bilmədi. Poçtalyon Nəcəf Nərimanovun ölümü ilə bağlı teleqramı gətirdikdə anası oğluna cavab məktubu yazırdı. Yarımçıq qalmış məktuba davam etmək üçün geri döndükdə isə yalnız nöqtələr qoymuşdu... Nə zamansa bəşəriyyət insan ölümünə, faciələrə səbəb olan müharibələrə də son nöqtəni qoyacaq, şübhəsiz!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

