Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sığorta yığımları və könüllü sığorta artsa da...

Sığorta yığımları və könüllü sığorta artsa da...

30.07.2024 [10:47]

Xidmətin keyfiyyəti və əlçatanlıq dəyişməyib

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkəti tərəfindən sığorta daxilolmalarının həcmi 725 milyon manatı ötüb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 faiz çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356 milyon manat təşkil edib. Belə ki, şirkətlərin müştərilərə ödədiyi sığorta ödənişlərini çıxdıqdan sonra onların xalis aktivində 370 milyon manata yaxın vəsait qalıb. Yəni şirkətlər yığdığı pulun hər 1 manatının 49 qəpiyini xərcləyir, 51 qəpiyini özündə saxlayır. Bu isə olduqca böyük həcmdə mənfəət deməkdir.

Sığorta bazarının böyüməsində son illərdə müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər də mühüm rol oynayıb. Xüsusilə də aqrar sığorta və daşınmaz əmlak sığortası ilə bağlı yeniliklərdən sonra sığorta şirkətləri bu istiqamətdə də yığım paketlərini aktivləşdirib.

Sığorta yığımlarında könüllü ödəmələrin həcmi daha böyük olub və ilk dəfə olaraq 541 milyon manatı üstələyib. Bu, ümumi sığorta portfelinin 70 faizi deməkdir. Son illərdə könüllü həyat, fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar və ödənişlərdə daha çox artım müşahidə edilir. Avtomobil, daşınmaz əmlak üzrə, işçilərin peşə fəaliyyəti ilə bağlı olan icbari sığortada olan yığımlarda artımlar olsa da, könüllü sığorta yığımlarından geri qalır. Bu da onu təsdiqləyir ki, adından da göründüyü kimi insanlar məcburi və ya inzibatı üsullara yox, azad seçimə, könüllülüyə daha çox üstünlük verirlər. Onlar könüllü olaraq, həyatlarını, sağlamlıqlarını, daşınar və daşınmaz əmlakını, yaxud digər mal və xidmətləri sığortalamaq üçün seçimlər əsasında qərar verirlər.

Ümumilikdə, sığorta üzrə rəqəmlər onu göstərir ki, Azərbaycanda sığorta bazarı son illərdə əhəmiyyətli dərəcədə böyüyüb, sığorta sektorunun toplam illik gəlirləri 1 milyard manatı ötüb. Ancaq buna baxmayaraq, sığorta şirkətlərinin təqdim etdiyi xidmət çeşidlərində ciddi dönüş müşayiət olunmur, müştərilərə xidmətin keyfiyyəti daha da aşağı düşür, yeni xidmət alətləri tətbiq olunmur. Bir çox hallarda vətəndaşlara dəymiş zərər zamanı (sığorta hadisəsi) sığorta haqqı ödənilmir. Xüsusilə də belə hallar nəqliyyat sektorunda nəzərə çarpır. İlk yarımillikdə sığorta portfelində avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlərdə əhəmiyyətli artım baş verib. Bu növ sığorta üzrə yığımlar 79 milyon 641 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 milyon manat çox vəsait deməkdir.

Sığorta sektorunun böyüməsi və yığım kanallarının genişlənməsinə baxmayaraq, xidmət çeşidləri, operativlik və əlçatanlıq, müştəri məmnuiyyəti, sığorta mədəniyyəti hələ də lazımi səviyyədə deyil. Bunun da əsas səbəblərindən biri əhalinin sığorta hadisəsi baş verdiyi zaman, şirkət tərəfindən ödənişlə bağlı məsuliyyətsizlik və intizamsızlıq halları, hadisənin təsdiq olunması və aktlaşdırılması üçün gərəksiz əlavə sənədlərin tələb olunmasıdır. Ələlxüsus da sığorat şirkəti tərəfindən sənədlərin  yığılaraq gec  təqdim olunması və sığorta hadisəsinə maddi təminat verilməsində yubanmalar xidmətin keyfiyyətinin aşağı səviyyədə olmasına dəlalət edir. Nəticədə müştərilərin sığorta şirkətlərinə inamsızlığı yaranır.

Hazırda sığorta sektorunda ən çox müşahidə edilən nöqsanlar mənzil və daşınmaz Sığorta sektorunda şikayət və narazılıqların ən böyük hissəsi, təxminən ümumi şikayətlərin 50 faizindən çoxu avtomobillərin sığortası ilə bağlıdır. Narazılıqlar avtomobillərin sığortası zamanı rüsumların böyüklüyü və sığorta şirkətlərinin sığortadan imtinası ilə bağlıdır. 2022-ci ildən tətbiq olunan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na əsasən, avtomobillər üçün müəyyən edilmiş sığorta rüsumu əvvəlkindən fərqli əmsallar üzrə hesablanmaqdadır. Həmçinin, yeni qaydaların qüvvəyə minməsindən sonra sığorta şirkətlərinin bəzisi sui-istifadə edərək avtomobilləri sığorta etməkdən imtina edir. Sığorta şirkətləri bunu kiçik mühərrikli nəqliyyat vasitələrinin əksəriyyətinin istismara yararsız olması ilə əsaslandırır. Başqa arqument həmin markalı avtomobillərin daha çox taksi fəaliyyəti üçün icarəyə verilməsidir. “Toyota Prius”, “Kio Rio”, “Ravon”, Xəzər” və s. markalı nəqliyyat vasitələri onlar üçün risk qrupuna aid edilir. Bu isə şirkət tərəfindən  “Sığorta fəaliyyəti haqqında” Qanunun 3.4-cü maddəsinin, eləcə də Mülki Məcəlləsinin 907.2-ci maddəsinin pozulması deməkdir.

Bundan başqa, dəymiş zərərə görə, kompensasiyanın, sığorta haqqının verilməsində ləngimələr, süni özbaşınalıqlar da xarakterik nöqsanlardandır.

Bütün bunlar sığorta şirkətlərinin yığımla yanaşı, müştəri məmnunluğuna xüsusi diqqət ayırmasını zəruri edir. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda əsas prioritetlərdən biri kimi sığorta sektorunun dayanıqlığının gücləndirilməsi nəzərdə tutulub. Ona görə də, müvafiq qurumlar sığortanın əsas fəlsəfəsi olan sığorta hadisəsinə adekvat və çevik, tamhəcmdə xidmətin təşkilinə nəzarəti artırmalıdır.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31