Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sənayedə ilk...

Sənayedə ilk...

01.08.2024 [10:40]

Ölkəmizdə sənaye təyinatlı partlayıcı maddələr istehsalı zavodu inşa edilir

Azərbaycanda ilk dəfə sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodunun inşasına başlanılıb. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “AzerBlast” MMC tərəfindən Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanılıb. Ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilir. İllik istehsal gücü 31 min ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulan müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri “H-ANFO”, “ANFO”-nun istehsalı həyata keçiriləcək.

Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda, regionda yeni iş yerlərinin yaradılmasıdır. Müəssisədə ilkin mərhələdə ölkə üzrə tələbata uyğun olaraq aylıq 500 ton, illik 6 min ton partlayıcı maddənin istehsalı planlaşdırılır. Həmin məhsullar ölkəmizdə mədənçıxaram sənayesinin inkişafında mühüm rol oynamqla yerli sənayenin təmsilçiliyinin artmasına xüsusi töhfə verəcək.

Bu sənaye müəssisəsinin yaradılması ölkəmizin sənaye iqtisadiyyatında imkanların daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töh?ə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun böyüməsində mühüm rol oynayacaq.

Azad ərazilərdə mədən sənayesi üçün yeni imkanlar...

Qeyd edək ki, hazırda mədənçıxarma sənayesinin əsas ünvanı azad edilmiş ərazilərdir və burada yeni sənaye bumu başlanıb. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorları cəlb etməkdədir. Qardaş Türkiyənin “Eti Bakır A.Ş” və “Artvin Maden A.Ş” şirkətləri Kəlbəcərin “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarında hasilata başlamaqdadır. Eləcə də digər zəngin mənbələr olan “Söyüdlü”, “Qızılbulaq”, “Vejnəli”, “Dəmirli” yataqlarının işlənməsi üçün xarici investorların təklifləri nəzərdən keçirilir. Bu isə azad ərazilərdə sənaye sektoru üçün yeni texnologiya və avadanlıqların gətirilməsi, mədənçıxarmda vacib rol oynayan dağ massivlərində partlayıcı maddələrə də tələbatı artırır. Bu baxımdan Gəncədə istifadəyə verilən yeni sənaye sahəsi azad ərazilərdəki qızıl və digər faydalı yataqların kəşfiyyatı və istismarında lazım olan partlayıcı maddələrin yerli istehsal hesabına təmin edilməsini də həll edəcək.

Ümumiyyətlə, yeni qurulan hər bir sənaye müəssisəsi Azərbaycanın sənaye arxitekturasını möhkəmləndirir, yeni qeyri-neft sütunlarını formalaşdırır. Bu siyasət tədbirləri çərçivəsində hazırda ölkəmizin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Neftçala, Hacıqabul bölgələrində yeni sənaye modelləri yaradılıb, 2011-ci ildə ilk sənaye parkı olan Sumqayıt Kimya Parkının təsis edilməsilə

sənayedə texnoloji inqilab baş verib, ardınca sənaye məhəllərinin istehsal və emal bölmələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi geniş vüsət alıb. Sumqayıt, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir ki, həmin parkların hər biri yerləşdiyi ərazinin coğrafi və iqtisadi spesifikasına, sənaye xüsusiyyətlərinə uyğun olaraq müxtəlif adda sənaye məhsulları istehsal etməklə ölkəmizin sənaye iqlimini zənginləşdirib.

Azərbaycan hökuməti sənaye parklarının yaradıldığı ilk gündən bu müəssisələrdə çalışan sahibkarlara müxtəlif iqtisadi stimullar, güzəştlər, dövlət dəstəyi tədbirləri verib, ən münbit şərait formalaşdırıb, parklara investisiya qoyuluşlarını motivasiya etmək üçün dünya praktikasında tətbiq olunan ən səmərəli iqtisadi alətləri tətbiq edib. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisi, torpaq vergisi və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunublar.

Sənayenin gücü: 6 ayda 22,9 milyard manat məhsul...

Bütün bu stimullaşdırıcı və iqtisadi motivasiya tədbirləri bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verməkdədir. Bu dinamika 2024-cü ilin birinci yarısında daha da artıb, yanvar-iyun aylarında ÜDM-in strukturunda ən böyük xüsusi çəkiyə (38,5 faiz) malik bölmə kimi sənaye sektoru mühüm yer tutub. Sənayedə real  ifadədə 0,9 faiz artım olmaqla 22,9 milyard manat həcmində məhsul istehsal edilib. Sənayenin strukturuna diqqət yetirdikdə, qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Hazırda 4-cü sənaye inqilabının ən inadlı və innovativ hədəflərini qarşıya məqsəd qoymuş Azərbaycanın bütün sənaye parklarının vahid ali prinsipi dünya bazarında rəqabətdən geri qalmayan malların ixracını təmin etməkdir. Eləcə də sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib. Hazırda respublikanın müxtəlif bölgələrində və paytaxt Bakı şəhərində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Hazırda sənayeləşmə siyasəti çərçivəsində gəmiqayırma, elektromexanika, yüngül sənaye kompleksləri, gübrə zavodları, əczaçılıq, yeyinti və məşiət mallları istehsalı komplekslərinin yaradılması davam etdirilməkdədir.

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir...

Yeri gəlmişkən, Prezident İlham Əliyevin dünən imzaladığı müvafiq sərəncama əsasən, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi nəzərdə tutulub. Belə ki, Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid 29,63 hektar Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi sənayeləşmənin inkişafında yeni mərhələnin bir hissəsi hesab edilə bilər.

Qeyd edək ki, 583 hektar ərazidə yerləşən Parkda indiyədək 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu sənaye zonasına kənd təsərrüfatı və tibbi kimya, məişət kimyası, tikinti kimya, elektron və mühəndis kimyasə, polimerlər, eləcə də sənaye avadanlıqlarının istehsalı həyata keçirilir.

İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb. Parkın rezidentləri tərəfindən, ümumilikdə, 10 milyard manat həcmində mal və xidmətlərin satışı həyata keçirilib ki, onun da 3,5 milyard manatdan çox hissəsi - təqribən 35 faizi ixracın payına düşür. Bu sənaye müəssisəsində yaradılmış iş yerlərinin sayı isə 9 min nəfərə yaxındır. 

Sumqayır Sənaye Parkının məhsulları Türkiyə, Rusiya, Mərkəzi Asiya ölkələri, Almaniya, Niderland, Polşa, Ukrayna, Braziliya, Kanada, Çin, ABŞ və digər dövlətlər ixrac olunur. Bir sıra xarici şirkətlər, o cümlədən Rusiya Federasiyası, Ukrayna, İran və Almaniya şirkətləri Parkda öz filiallar açmaq niyyətindədir.

Beləliklə, ölkəmizdə sənaye sektorunda yeni istehsal və emal bölmələrinin sayının artması, o cümlədən Gəncədə yeni sənaye müəssisəsinin yaradılması ölkəmizdə sənaye kompleksləri şəbəkəsinin genişlənməsi, sənaye zəncirinin möhkəmlənməsi və  Azərbaycanda güclü ixrac yönümlü sənaye potensialının yaradılmasına da öz töhfəsini verəcək.

Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Nəticədə Azərbaycanın sənaye məhsulları ixrac edən ölkə kimi mövqeyinin daha möhkəmlənməsinə səbəb olacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31