Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Vergilər Nazirliyi 2012-ci ilə yekun vurub

Vergilər Nazirliyi 2012-ci ilə yekun vurub

23.01.2013 [01:18]

Natiq Əmirov: 2012-ci ildə vergi sistemində həyata keçirilən islahatlar davam etdirilib, vergi nəzarəti təkmilləşdirilib, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti yüksəldilib
Yanvarın 22-də Vergilər Nazirliyində 2012-ci ilin yekunları və 2013-cü ildə görüləcək işlərə, eləcə də, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilib. Vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov 2012-ci ildə Vergilər Nazirliyinin fəaliyyətinin yekunları ilə bağlı ətraflı məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində qarşıda duran mühüm vəzifələrin uğurla həyata keçirilməsi üçün möhkəm və dayanıqlı zəmin yaradıldığını qeyd edib. Bildirilib ki, 2012-ci il ərzində nazirlik tərəfindən dövlət büdcəsinə 6 mlrd. 25,4 mln. manat vəsaitin ödənilməsi təmin olunub. Bu da 2011-ci illə müqayisədə 553,5 mln. manat və ya 10,1 faiz çoxdur. Daxil olan vergilərin 4 mlrd. 330,2 mln. manatı və ya 71,9 faizi qeyri-dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektorundan vergi daxilolmalarının həcmi əvvəlki ilə nisbətən 512,6 mln. manat və ya 13,4 faiz artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 3 mlrd. 286,5 mln. manat təşkil etməklə, 2011-ci ilə nisbətən 415,7 mln. manat və ya 14,5 faiz artıb.
Qeyd olunub ki, 2012-ci ildə vergi sistemində həyata keçirilən islahatlar davam etdirilib, vergi nəzarəti təkmilləşdirilib, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsi və keyfiyyəti yüksəldilib: “Vergi xidmətində informasiya texnologiyalarının tətbiqi və genişləndirilməsi istiqamətində bir sıra ciddi nailiyyətlərə imza atılıb. 2012-ci ildə yerli investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatı elektron formata keçirilib, vergi və rüsumların elektron ödənilməsi imkanları yaradılıb, elektron xidmətlərin çeşidi artırılıb”.
Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, ölkəmizdə elektron hökumət çərçivəsində təqdim olunan elektron xidmətlər arasında Vergilər Nazirliyi ən çox sayda-57 elektron xidmət göstərən dövlət orqanıdır. Natiq Əmirov ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu barədə də ətraflı məlumat verib.
Nazir müavini dəyişikliklərin əsasən vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi ödəyicilərinin mənafelərinin qorunması, vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı məsələləri əhatə etdiyini bildirib. Qeyd olunub ki, bunlar Vergi Məcəlləsində son illər ərzində edilmiş ən böyük dəyişikliklərdir və əsas hissəsini vergi ödəyicilərinə və vətəndaşlara müxtəlif vergi güzəştlərinin verilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına xidmət edən tədbirlər təşkil edir.
Sonra nazirliyin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri və mahiyyəti barədə ətraflı məlumat verib. “Vergi Məcəlləsinin 65 maddəsinə 131 bənd üzrə 176 əlavə və dəyişiklik edilib” deyən idarə rəisi vergi ödəyicilərinin hüquqlarının müdafiəsi istiqamətində Vergi Məcəlləsinə edilən əsas dəyişikliklər sırasında vergi partnyorluğu sazişinin bağlanması hüququnun verilməsini qeyd edib.
Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları ilə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyalarından məhkəməyə şikayətin verilməsi, bu dövrdə vergi ödəyicisinin pul vəsaitlərinin yalnız məhkəmənin müvafiq qərarına uyğun olaraq dövlət büdcəsinə alınması qaydasını tənzimləyir. Məcəlləyə edilmiş dəyişikliklər sırasında diqqət çəkən yeniliklərdən biri büdcəyə ödənilməli olan əlavə dəyər vergisinin təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə vergi ödəyicisinin kassasına və hesablaşma hesabına daxil olmuş məbləğlərdən hesablanmasının nəzərdə tutulmasıdır: “Əsas vəsaitlərə aid edilən aktivlərin dəyərinin 100 manatdan 500 manatadək artırılması uçot-hesabat işlərinin aparılmasının daha da sadələşdirilməsinə müsbət təsir göstərəcək, eyni zamanda, dəyəri 500 manatdan aşağı olan aktivlərin xərclərə silinməsinə imkan verəcək. Bu isə vergi ödəyicilərinə əlavə dövriyyə vəsaitinin əldə edilməsinə, investisiya fəaliyyətləri üçün əlavə imkanlar yaranmasına səbəb olacaq. Sözügedən dəyişikliyi faktiki olaraq 100 faiz həcmində sürətli amortizasiya kimi də dəyərləndirmək olar”.
Vergi Məcəlləsinə edilmiş daha bir əsas dəyişiklik fiziki şəxslərin aylıq gəlirlərinə və qeyri-sahibkarlıq fəaliyyətindən illik gəlirlərinə tətbiq edilən gəlir vergisinin maksimal dərəcəsinin 30 faizdən 25 faizə endirilməsi, fiziki şəxslərin 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilən aylıq gəlirlərinin 2000 manatdan 2500 manatadək artırılması, fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinin 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilən illik gəlirlərinin isə 24000 manatdan 30000 manata qaldırılmasıdır. Bu dəyişiklik muzdla işləyən fiziki şəxslərə ödənişlərin əmək haqları şəklində leqallaşdırılmasına, əhalinin pul gəlirlərinin artırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Gəlir verigisi üzrə qanunvericiliklə müəyyən edilmiş güzəştlərdə də dəyişikliklər var. Sosial vəziyyətindən asılı olaraq fiziki şəxslərin müxtəlif kateqoriyalarının aylıq gəlirlərinə tətbiq edilən vergi güzəştləri müvafiq olaraq 100 manatdan 200 manata, 55 manatdan 100 manata, 20 manatdan 50 manatadək artırılıb: “Mühüm dəyişikliklər sırasında, Azərbaycan Respublikasının Prezidentinin Fərman və sərəncamları ilə yaradılmış sənaye və texnologiyalar parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il müddətinə gəlir vergisindən, parkların idarəedici təşkilatının və operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsinin müddət qoyulmadan və sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərinin fəaliyyətindən əldə etdikləri gəlirlərin 7 il müddətinə mənfəət vergisindən, sənaye və texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi məqsədilə idxal edilən texnikalar, texnoloji avadanlıqlar və qurğuların ƏDV-dən, parkların idarəedici təşkilatı və operatoru, parkların rezidenti olan hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərindən azad edilməsi də var. Məcəlləyə edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlirlər mənfəət vergisindən, Fondun aktivlərində yerləşdirilməsi üçün idxal edilən qızılın və qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi ƏDV-dən azad edilib”.
Bütövlükdə, son dəyişikliklərlə vergi güzəşt və imtiyazlarının əhəmiyyətli şəkildə artdığını vurğulayan A.Musayev bu addımın Azərbaycanda innovasiya və bilik menecmentinə əsaslanan iqtisadiyyatın qurulması istiqamətində vergi siyasətinin, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının vergi siyasəti nöqteyi-nəzərindən hədəf və məqsədlərinə xidmət etdiyini deyib.
Onun sözlərinə görə, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 51 maddəsinə dəyişikliklər edilib. A.Musayev bildirib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi vergi qanunvericiliyinin vahid normativ sənəd əsasında tənzimlənməsini zəruri edir. Bu məqsədlə, Vergi Məcəlləsinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənən vergi ödəyicilərində istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə müşahidənin aparılması qaydaları, iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarları və idman mərc oyunlarını həyata keçirən vergi ödəyicilərinin vergiyə cəlb edilməsi qaydalarını nəzərdə tutan 50-1-ci maddə daxil edilib.
Eyni zamanda, Vergi Məcəlləsinə vergi nəzarətinin təkmilləşdirilməsi məqsədilə də müəyyən dəyişikliklər edilib.
Sonra Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1268 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31