Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / TDT-nin innovasiya və rəqəmsallaşma üzrə yeni fəaliyyət planı

TDT-nin innovasiya və rəqəmsallaşma üzrə yeni fəaliyyət planı

29.10.2024 [08:51]

İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci toplantısında müzakirə olunan əsas mövzulardan biri rəqəmsallaşma və “yaşıl iqtisadiyyat” quruculuğu sahəsində əməkdaşlığın artırılması ilə bağlı olub. Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu toplantı türk dövlətləri arasında qeyri-neft sənayesinin inkişafı, ticarət və investisiyaların təşviqi, müasir texnologiyaların tətbiqi, elm, innovasiya və rəqəmsallaşma sahələrində təşəbbüslərin artırılması üçün yeni imkanlar yaradır. Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev isə bildirib ki, iqtisadiyyatın inkişafının texnologiyasız, innovasiyasız təsəvvür etmək çətindir. Bu konteksdən həmin sahələr üzrə razılaşdırılan fəaliyyət planı texnologiya, bilik və maliyyə resurslarına çıxışı təmin edəcək.

TDT-nin “Rəqəmsal İpək Yolu” və “Digital Hub”u...

Türk Dövlətləri Təşkilatının mühüm prioritetlərindən biri müasir rəqəmsal texnologiyaların və kommunikasiya bağlantılarının yaradılmasıdır. Bu məqsədlə çoxşaxəli “Rəqəmsal İpək Yolu” layihəsi hazırlanıb. Həmin layihə müasir dünyada ən innovativ platformalardan biri olan “Digital Hub”u formalaşdırmaqla türk dövlətlərinin rəqəmsal iqtisadiyyat blokunda sıx birləşməsinə əlverişli imkanlar yaradacaq. Ötən ilin noyabr ayında Özbəkistanda TDT ölkələri tərəfindən imzalanmış Səmərqənd Bəyannaməsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılması barədə razılıq əldə olunub ki, bu anlaşma “Rəqəmsal İpək Yolu”nun mühüm tərkib hissəsidir. Strategiyaya əsasən, Xəzərin dibi ilə “Trans-Xəzər” fiber-optik kabel xəttinin çəkilişinin 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Bununla da “Digital Hub” sistemi də yaxın illərdə qlobal rəqəmsal ticarətin ən işlək və çevik həlqəsinə çevriləcək. 

2024-cü ilin iyul ayında Şuşada imzalanmış Qarabağ Bəyannaməsinin əsas bəndlərindən biri türk ölkələrinin elektron və rəqəmsal ticarət sistemlərinin vahid platformada birləşdirilməsidir. Bu məqsədlə türk dövlətləri qarşıdan gələn illərdə ticarət həcminin həqiqi potensiala çatdırmaq üçün ticarətdə texniki maneələrin aradan qaldırılmasını və Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) tələblərinə uyğun olaraq güzəştli rejimlərin tətbiqini əsas həll yollarından biri hesab edirlər. Qarabağ Bəyannaməsində bununla bağlı bənddə DEPA üzrə səmərələşdirici təkliflərin hazırlanması və yaxın müddətdə tamamlanması nəzərdə tutulub. TDT ölkələri arasında rəqəmsal infrastrukturların vahid məkanda birləşdirilməsi isə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin də formalaşmasını təmin edəcək.

Azad Ticarət Rejiminin yaradılması

Gələcək əsas sahələrdən biri rəqəmsal azad ticarət rejiminin təmin olunmasıdır. Bu, üzv ölkələr arasında  qarşılıqlı  ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində vahid siyasətin yürüdülməsini nəzərdə tutur. Ticarətdə elektron mübadilənin yeni mexanizmlərindən biri kimi Türkiyədə qüvvədə olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (DEPA) təcrübəsinin bütün üzv ölkələrdə geniş tətbiqi nəzərdə tutulur ki, bu da iqtisadi-ticarət əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasına xidmət edir. DEPA sazişi qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.

Türk İnvestisiya Fondunun yaradılması da rəqəmsal iqtisadiyyatın inkişafında möhkəm maliyyə sütunu olmaqla, ticarət prosedurlarının sadələşdirilməsi, qarşılıqlı sərmayələrin artırılması və yeni maliyyə alətlərinin tətbiqində tərəfdaşlığın qurulmasında mühüm əhəmiyyət kəsb edir. İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi üçün ölkələr arasında institusional islahatların aparılması nəzərdə tutulur ki, bu, əsas etibarilə çoxsaylı iqtisadi stimulları, vergi-gömrük güzəştlərini əhatə edəcək. Bu xüsusda “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” imzalanmış saziş həmin məqsədə çatmaq üçün güclü zəminlər yaradır. Eləcə də ötən il Türkmənistan, Azərbaycan və Türkiyə arasında Gömrük Əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılması azad iqtisadi ticarət dəhlizi üçün əsas sütunlardan biridir.

Yaxın vaxtlarda bütün üzv ölkələr arasında  azad ticarət sazişləri imzalanması nəzərdə tutulur ki, bu, faktiki olaraq TDT-nin Azad Ticarət Zonasının formalaşmasına imkan verəcək. Beləliklə, ölkələr arasında ticarətin liberallaşdırılması, sərhəd-keçid sistemlərinin rəqəmsallaşması sayəsində daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsinin qurulması, gömrük prosedurlarının asanlaşdırılması və preferensial ticarətin təmin olunması nəzərdə tutulur ki, bütün bunlar son nəticədə əsas niyyət olan Azad Ticarət Rejiminin formalaşmasına səbəb olacaq. Bu isə türk dövlətlərinin regional iqtisadi inteqrasiyası istiqamətində bağlantılarını daha da artıracaq.

Orta Dəhlizdə vahid nəqliyyat zəncirinin yaradılması...

TDT ölkələrinin yerləşdiyi əlverişli coğrafiya Orta Dəhlizin inkişafı üçün də səyləri artırmağı aktuallaşdırıb. Bu ölkələr üçün Orta Dəhlizin əhəmiyyəti Çindən Avropaya gedən ən sürətli marşrut kimi böyük bir iqtisadi və ticari potensialı bir portfeldə cəmləşdirmək, böyüktutumlu valyuta axınlarına sahib olmaqdır. Məhz bu reallıqları nəzərə alan türk dövlətləri müasir nəqliyyat-logistika infrastrukturlarını müasirləşdirərək vahid dəhliz konsepsiyasına uyğun siyasət yürütməkdədir. Bu strateji çərçivəyə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması, Mərkəzi Asiya-Xəzər bölgəsinin nəqliyyat bağlantılarının genişləndirilməsi və şaxələndirilməsi, Pakistanı və digər region ölkələrinin bu sistemə cəlb edilməsi, Özbəkistan-Qırğızıstan-Çin və Termiz-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolu xətlərinin tikintisi istiqamətində çoxplanlı işlər sürətləndirilib. Qeyd edilən nəqliyyat nöqtələri türk dövlətlərinin yerləşdiyi Orta dəhlizin önəmli həlqələri və kənar bağlantıları olmaqla vahid dəhliz konseptinin tezliklə işə düşməsinə xidmət edir. Nəticədə bu bağlantıların bir zəncirdən idarə olunması böyük bir coğrafiyada iqtisadi-ticari potensialın yaranmasına və rəqabətliliyin daha da güclənməsinə səbəb olacaq, türk respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası dərinləşəcək.

TDT-nin iqtisadi potensialı qlobal ÜDM-də payını artırmağa imkan verir

Türk dövlətlərinin “yaşıl hədəfləri” sırasında bərpa olunan enerji resurslarının vahid tranzit coğrafiyasında birləşdirilməsi və ixracı başlıca yer tutur. 2023-cü il noyabrın 3-də Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu Zirvə görüşündə enerji və iqtisadiyyat sahəsindəki əməkdaşlığın yeni körpülərinin inşa edilməsi, beynəlxalq yükdaşımalarında və dünyanın yeni enerji gündəliyi olan “yaşıl enerji” dəhlizlərində sıx təmasların gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı yeni öhdəliklər müəyyən edilib. Eləcə də Şuşa Bəyannaməsində “yaşıl enerji” üzrə imkanların birləşdirilərək vahid dəyər zəncirində nəqli nəzərdə tutulur. Bu hədəfə uyğun olaraq tərəflər Asiya-Xəzər-Qara dəniz-Avropa “yaşıl kabeli”nə qoşulmaq üçün niyyətlərini bəyan edib. Qazaxıstan, Özbəkistan və Azərbaycan “yaşıl enerji” dəhlizi adlanan bu koridorda birləşərək mövcud külək və günəş enerjisi resurslarını vahid dəhliz üzərindən Avropaya nəql edəcək.

Hazırda Türk Dövlətləri Təşkilatında birləşən dövlətlər 155 milyon əhaliyə sahib olmaqla 4,5 milyon kvadratkilometr coğrafi ərazini əhatə edir. İqtisadi potensial baxımından 1,5 trilyon dollara yaxın nominal ÜDM-ə malik olmaqla dünyada 13-cü yerdə qərarlaşır. Alıcılıq qabiliyyəti pariteti üzrə isə türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Türk dövlətlərini vahid dövlət strukturu kimi götürsək, ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə hesab olunardı. Bu potensial Türk dünyasının iqtisadi gücünün real dəyəridir. İmkanlar isə bundan qat-qat böyükdür, nəqliyyat-tranzit potensillarının, “yaşıl enerji”, turizm və digər resursların vahid bir iqtisadi blokda əlaqələndirilməsi və böyük bir regional iqtisadi güc arxitekturasının formalaşması TDT-nin qlobal ÜDM-də payının artmasına və dünya sıralamasında yerinin yüksəlməsinə səbəb olacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31