Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bu gün Azərbaycanda orta əməkhaqqı 500, orta pensiya isə 200 dollar səviyyəsindədir

Bu gün Azərbaycanda orta əməkhaqqı 500, orta pensiya isə 200 dollar səviyyəsindədir

20.02.2013 [01:44]

Prezident İlham Əliyev: Dövlət müəssisələrində çalışanların əməkhaqları, pensiyaları artırılacaq, eyni zamanda, sahibkarlığın inkişafı üçün yaradılan şərait nəticəsində özəl sektorda çalışanlar da öz maliyyə vəziyyətini yaxşılaşdıracaqlar
Hazırda Azərbaycan regionun dinamik inkişaf edən ölkəsidir. Bu da səbəbsiz deyil. Belə ki, aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb. 2011-ci ildən başlayaraq ötən ildə də ümumi daxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri-neft sektorunun hesabına formalaşıb və 2,2 faiz olub. Qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etməklə, ümumi daxili məhsulda payı artaraq 52,7 faizə çatıb. Əhalinin pul gəlirləri isə 13,8 faiz artıb. İnflyasiya ilə əhalinin pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Cari ilin yanvar ayında isə əhalinin gəlirləri 2012-ci ilin eyni ayı ilə müqayisədə 5,3 faiz artaraq 2,3 milyard manat təşkil edib, onun hər nəfərə düşən həcmi orta hesabla 246,1 manat olub. Hər nəfərə düşən gəlirlər 3,9 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 3,1 faiz bəndi üstələyib, yəni hər nəfərə gəlirlər real ifadədə 3,1 faiz artıb.
2012-ci ilin yekunları bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosial məsələlərin həllinin də daim diqqət mərkəzində olduğunu, hakimiyyətin fəaliyyətində sosialyönümlü layihələrin prioritet təşkil etdiyini bir daha təsdiqləyib. Keçən ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisinin 33 faiz təşkil etməsi də dövlətin bu sahədə məqsədyönlü siyasət yeritdiyini göstərir.
Mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. Dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli surətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilir. Bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, ötən il Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Başqa sözlə, bu gün ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Dünya Bankının hesabatında milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir.
Təbii ki, hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluğun yüksək səviyyədə təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması nəticəsində insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. 2012-ci ildə işsizliyin səviyyəsinin azaldılması istiqamətində tədbirlər davam etdirilib, ümumilikdə 100 mindən çox yeni iş yeri açılıb. İqtisadi fəal 4 milyon 634 min nəfərdən çox vətəndaşın 4 milyon 388 min nəfərinin məşğulluğu var. Ölkəmizdə 250 minə yaxın vətəndaş işsiz sayılır və bu da iqtisadi fəal əhalinin cəmi 5,2 faizi deməkdir.
Fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında çıxış edən Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, biz 2004-cü ildə beşillik Proqramı qəbul edərkən işsizliyin aradan qaldırılması üçün qarşımıza müəyyən hədəflər qoymuşduq: “Çox şadam ki, birinci beşillik Proqramın icrası nəticəsində iş yerlərinin açılması ilə bağlı əvvəldən verilmiş proqnozlar daha da nikbin olmuşdur, 600 mindən çox iş yerləri açılmışdır ki, biz 2004-cü ildə bəyan etdiyimiz hədəflərə çata bildik. Ancaq bu proses ondan sonrakı dövrdə də davam etmişdir. Bildiyiniz kimi, 2009-cu ildə ikinci Dövlət Proqramı qəbul edilmişdir. Bu ilin sonunda bu Proqram başa çatacaqdır”.
Qeyd etmək lazımdır ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, işsizliyin səviyyəsinin azaldılması Dövlət Proqramında əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Heç şübhəsiz regionların sosial-iqtisadi inkişafının göstəriciləri sırasında ən mühümü yoxsulluğun azalmasıdır. Təkcə onu demək kifayətdir ki, son illərdə açılmış iş yerlərinin 80 faizi bölgələrin payına düşür. Məsələn, 2005-ci ildə ölkə üzrə işsizlərin sayı 7,5 faiz və ya 317,8 min nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 5,4 faiz və ya 250,9 min nəfər olub. İşsizlik statusu almış şəxslərin ümumi sayı 56 343-dən (2005-ci il) 38 330 nəfərədək (2011-ci il) azalıb. İşsizlik müavinəti alan şəxslərin sayı isə 2087-dən (2005-ci il) 1002 nəfərədək (2011-ci il) azalıb.
Vurğulamaq yerinə düşər ki, 2011-ci il 15 noyabr tarixdə imzalanmış “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” bir sıra strateji məqsədləri özündə ehtiva edir. Makroiqtisadi sabitliyin və qeyri-neft sektorunun tarazlı inkişafının təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi məsələləri Dövlət Proqramında dəqiqliklə əksini tapıb. Bu tədbirlər nəticəsində 2015-ci ilədək ölkədə işsizlik səviyyəsinin 3-4 faiz həddinədək, yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda son 20 il ərzində əhalinin real gəlirləri 2,4, ölkə üzrə iqtisadiyyatda məşğul olan işçilərin orta aylıq əməkhaqqı nominal ifadədə 107 dəfə artıb. 2011-ci ildə isə, əhalinin pul gəlirlərində artım 20 faizə çatıb. Minimum aylıq əməkhaqqının məbləği 10, orta aylıq əməkhaqqı isə 9,6 faiz artaraq analoji olaraq 93,5-359,3 manata yüksəlib. Eləcə də, 2005-2010-cu illər ərzində Azərbaycan insan resursunun inkişafı sahəsində ən sürətli irəliləyişə nail olub. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlib. Son 10 ildə bu indeksin orta illik artım tempinə görə isə nəinki keçmiş Sovet İttifaqı məkanında olan ölkələri, hətta Çin və Hindistan kimi bu gün dünyada sürətlə inkişaf edən dövlətləri də qabaqlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2012-ci ildə əvvəlki ilə nisbətən 8,7 faiz yüksələrək 396.0 manat, əhalinin hər nəfərinə düşən gəlirləri isə 2013-cü ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 3,9 faiz artaraq 246.1 manat olub.
Ötən il ölkədə, həmçinin, insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılıb. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Məsələn, həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində bu gün pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. 2012-ci il oktyabrın 1-nə olan məlumata görə, əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb. Ölkəmizdə icra olunan ünvanlı yardım proqramı isə hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir.
Məlum müşavirədə dövlət başçısı qeyd edib ki, biz, eyni zamanda, sosial məsələlərin həlli ilə ciddi məşğuluq: “Bizim iqtisadi sahədəki islahatlar, eyni zamanda, güclü sosial siyasətlə də tamamlanır. Əgər yenə də son doqquz ilin statistikasına nəzər salsaq görərik ki, 2004-cü ildə Azərbaycanda orta əməkhaqqı təxminən 100 dollar səviyyəsində idi, bu gün 500 dollar səviyyəsindədir. Orta pensiya 20 dollar səviyyəsində idi, bu gün 200 dollar səviyyəsindədir. Əlbəttə, bu rəqəmlər də bizi qane etmir və mən hesab edirəm ki, orta pensiyanın, orta əməkhaqqının səviyyəsi artmalıdır və artacaqdır. Dövlət müəssisələrində çalışanların əməkhaqları, pensiyaları artırılacaq, eyni zamanda, sahibkarlığın inkişafı üçün yaradılan şərait nəticəsində özəl sektorda çalışanlar da öz maliyyə vəziyyətini yaxşılaşdıracaqlar. Ancaq yenə də deyirəm, bu böyük fərq onu göstərir ki, biz sosial məsələlərin həllində də böyük nailiyyətlərə çata bilmişik”.
Ümumilikdə, sosialyönümlü iqtisadiyyatı respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin keçmiş Sovet dövründən qalma əmanətlərin qaytarılması haqqında imzaladığı Fərmanı da həmin tendensiyanın bariz göstəricilərindəndir. Bu proses digər MDB ölkələrindən fərqli olaraq uğurlu olub və hər hansı bir mübahisə və anlaşılmazlıq yaranmasına səbəb olmayıb. 2012-ci ilin yekunlarına görə, 1 mln 500 min nəfərə yaxın vətəndaş kompensasiyaları alıb və təxminən 550 mln manat vəsait əmanətlərin qaytarılmasına sərf olunub. 2013-cü il dövlət büdcəsində də bu istiqamətdə 500 mln manat vəsaitin ayrılması nəzərdə tutulub.
Əvvəlki illərdə olduğu kimi, ötən ildə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunub. 2012-ci ildə hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Məcburi köçkünlərə verilən aylıq yemək xərci müavinəti hər il artırılaraq 16 manat 50 qəpiyə çatdırılıb. Bu, 2003-cü ilə nisbətən 3,5 dəfə çoxdur.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
SEVİNC

Paylaş:
Baxılıb: 1320 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31