ARDNŞ 2003-2013-cü illərdə: Azərbaycan neft-qaz sənayesinin yüksəliş dövrü
12.09.2013 [09:17]
Azərbaycan iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Bu davamlı inkişaf gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, özünə inam və cəsarət tələb edən idarəçilk dəst-xəttinin, dönməz və ardıcıl fəaliyyətin bəhrələridir. Qazanılan nailiyyətlərdə ölkəmizin zəngin ənənələrə malik neft-qaz sənayesinin rolu danılmazdır. Əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə dönmədən davam etdirilən yeni neft strategiyası siyasi xarakteristikası etibarilə müstəqil Azərbaycanın davamlı inkişaf doktrinası olmuşdur.
Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də transmilli neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuş, təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz, Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etmişdir. Bu qlobal layihə dövlət müstəqilliyinin və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının mühüm təminatına çevrilməklə, bütövlükdə regionun makroiqtisadi dirçəlişinə güclü təkan vermişdir. Müqavilə çərçivəsində qazanılmış nailiyyətlər göz qabağındadır. Ötən müddətdə geoloji və geofiziki tədqiqatların, ehtiyatların dəqiqləşdirilməsində yeni üsulların, mükəmməl qazma metodlarının tətbiqi nəticəsində Azərbaycanın proqnozlaşdırılan neft ehtiyatları 4 milyard tona, qaz ehtiyatları isə 6 trilyon kubmetrə qədər artırılmışdır. Ölkə üzrə neft hasilatı ilbəil artaraq 50 milyon tonluq psixoloji həddi keçmiş, qaz hasilatı 30 milyard kubmetrə yaxınlaşmışdır. Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlər tərəfindən 50 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur. Respublikanın enerji müstəqilliyi tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən beynəlxalq miqyasda tanınan mühüm qaz ixracatçısına çevrilmişdir.
Axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş görülmüş, misilsiz yüksəliş qeydə alınmışdır. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağının, “Əşrəfi”, “Qarabağ” yataqlarının, son illərdə isə “Ümid” və “Abşeron” qaz yataqlarının kəşf edilməsi bir qaz ixrac edən ölkə olaraq Azərbaycanın mövqeyini daha da möhkəmləndirmişdir.
“Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan öz yeraltı sərvətlərinin suveren sahibi olduğunu bəyan etdi. Bu bəyanatın reallığa çevrilməsi üçün ilkin neftin dünya bazarlarına çıxışı təmin olunmalı idi. Bu zaman mövcud Bakı-Novorossiysk kəmərinin imkanlarından istifadə olundu. Daha sonra Azərbaycan və Gürcüstanın birgə səyləri ilə Bakı-Supsa kəməri, həmçinin, Supsa terminalı istismara verildi. Böyük neft həcmlərinin nəql olunması üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşası istiqamətində çoxşaxəli titanik fəaliyyət 2006-cı ildə ən müasir mühəndis-texnoloji fikrin məhsulu olan 1769 kilometr uzunluğunda mürəkkəb konstruksiyalı bu xəttin tikilib istifadəyə verilməsi ilə nəticələndi. Kəmərin rəsmən fəaliyyətə başlaması haqlı olaraq, dünya neft sənayesinin inkişafının dönüş nöqtəsi kimi dəyərləndirildi. BTC-nin əfsanədən reallığa çevrilməsi dünya istehlakçılarının əlavə enerji mənbəyindən fasiləsiz neft həcmləri ilə təmin edilməsi ilə bərabər dünyanın xam neftlə təchizatında monopoliyaya son qoyulması demək idi.
Yeni əsrin əvvəlində “Şahdəniz” yatağının kəşf edilməsi və istismara başlaması ilə BTC-yə paralel olaraq Cənubi Qafqaz Boru Kəməri (CQBK) çəkildi. Ehtiyatları 1,2 trl. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” hazırda dəniz akvatoriyalarında mövcud olan ən iri qaz-kondensat yataqlarındandır. Bu layihənin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikanın daxili tələbatı tam təmin olunmuş, Azərbaycan qazı 2007-ci ildən Gürcüstan və Türkiyənin enerji təminatında mühüm amilə çevrilmişdir. Artıq “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinə hazırlıq sona çatmaq ərəfəsindədir. Bu mərhələ üzrə hasil olunacaq həcmlərin Avropa Birliyi tərəfindən irəli sürülən “Cənub qaz dəhlizi” strategiyası çərçivəsində ixrac edilməsi nəzərdə tutulmuşdur. İxrac marşrutunun müəyyən olunması məqsədi ilə aparılmış gərgin fəaliyyətin nəticəsi olaraq bu ilin iyununda konsorsium tərəfindən hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün Trans-Adriatik Boru Kəmərinin seçildiyi elan edilmişdir. Bu, “Cənub qaz dəhlizi”nin inkişafında çox mühüm bir addımdır. CQBK-nin genişləndirilməsi, TANAP və TAP boru kəməri layihələrinin işlənilməsi ilə gerçəkləşəcək “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetrdən çox Azərbaycan qazı Avropa bazarlarına daşınacaq. Artıq ARDNŞ və tərəfdaşları payçı qismində TAP layihəsinə qoşulmuşlar. Beləliklə, Azərbaycan həm də hasil etdiyi qazın Avropaya nəql olunmasının fəal iştirakçılarından biri kimi özünü dünyaya təqdim edir.
Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinə Azərbaycanın verəcəyi daha bir töhfə isə “Şahdəniz-2” layihəsi çərçivəsində, habelə son illərdə açılmış “Ümid”, “Abşeron” yataqlarından, digər perspektiv strukturlardan hasil olunacaq qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinə nəql olunmasını nəzərdə tutan yeni Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsidir. 2012-ci ilin sonlarında Azərbaycan və Türkiyə arasında imzalanmış Memorandum ixrac-nəql sisteminin diversifikasiyası nöqteyi-nəzərindən xüsusi qeyd olunmalıdır. Dövlət başçısının təşəbbüsü ilə irəli sürülən TANAP layihəsinin operatoru da ARDNŞ-dir. TANAP - CQBK ilə TAP arasında birləşdirici halqa rolunu oynayacaqdır. Göründüyü kimi, mövcud ixrac neft və qaz kəmərləri sisteminin diversifikasiya olunması Avropa və digər uzaq ölkələrin karbohidrogen resursları ilə təminatı üçün ölkəmiz qarşısında geniş perspektivlər açır, Xəzəryanı ölkələrdə hasil olunan enerji daşıyıcılarının tranziti üçün real imkanlar yaradır.
Ötən 10 ildə ARDNŞ regionun ən güclü neft şirkətlərindən birinə çevrilmişdir. Şirkətin aktivində şaxələndirilmiş neft-qaz kəmərləri sistemi ilə yanaşı, terminallar, hidrotexniki obyektlərin tikinti və təmir üzrə ixtisaslaşmış inşaat müəssisələri mövcuddur. Bu zəngin infrastrukturun müasirləşdirilməsi istiqamətində kompleks tədbirlər fasiləsiz olaraq davam etdirilir. 60 ildir, Xəzər hövzəsində unikallığını qoruyub saxlayan Neft Donanmasının gəmi parkının yeniləşdirilməsi zərurətini, habelə ölkə üzrə dəniz daşımaları həcminin artmasını nəzərə alaraq, 2010-cu ildə Şirkətimiz daxili və xarici tərəfdaşları ilə birlikdə Bakıda müasir standartlara cavab verən yeni gəmiqayırma zavodunun tikintisinə başladı. Xəzər dənizində analoqu olmayan bu zavodun yaxın günlərdə istismara verilməsi, burada istehsal olunmuş ilk gəminin suya buraxılması nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi Xəzər dənizi hövzəsində kəşfiyyat, qazma, tikinti və təmir işləri həcminin genişləndirilməsi, eləcə də digər ölkələrin müasir tanker və gəmilərə tələbatının ödənilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək.
Məlum olduğu kimi, neft-qaz sənayesinin gələcəyi Xəzər dənizinin dərinlikdə yerləşən yataq və perspektiv strukturlarda axtarış-qazma işlərinin aparılması ilə bağlıdır. ARDNŞ-də yeni nəsil qazma qurğularına ehtiyac duyulur. Bu ilin ortalarında “Keppel Offshore & Marine Ltd.” şirkəti ilə Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisinə dair müqavilə imzalandı. Yeni qurğu dənizin 1000 metrədək dərinliklərində qazma işləri aparmaq qabiliyyətinə malik olacaq, 12192 metrlik qazma gedişi həyata keçirə biləcək. Qurğu, həmçinin, Xəzər dənizinin çirklənmə ehtimalına qarşı dünya standartlarına uyğun bütün qabaqlayıcı avadanlıqlarla təmin ediləcəkdir. Qurğu 2016-cı ildə təhvil verilməlidir. Biz gələcəkdə də müasir qazma qurğuları tikintisi işini davam etdirəcəyik.
Neft sənayesinin infrastruktur resursları arasında terminallar xüsusi yer tutur. ARDNŞ-in 2008-ci ildə Gürcüstanda illik gücü 10 mln. tonluq Kulevi “Black Sea” Terminalını əldə etməsi Qara dənizdə ölkəmizə əlverişli mövqe qazandırmışdır. Kulevi terminalında Azərbaycan mənşəli xam neft və neft məhsulları ilə yanaşı artıq bir neçə ildir ki, Qazaxıstanın “Tengiz” yatağından hasil olunan xam neftin də nəqli uğurla həyata keçirilir.
Hazırda Azərbaycanın neft və neft məhsulları ABŞ, Çin, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Hindistan, İndoneziya, Cənubi Koreya, Tayland, Braziliya daxil olmaqla dünyanın 30 ölkəsinə ixrac olunur.
Dövlət başçısının əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədilə yeraltı qaz anbarlarının tutumunun genişləndirilməsi haqqında tapşırığına əsasən, kompleks tədbirlər həyata keçirilmiş, yeni kompressor stansiyaları, qazpaylama məntəqələri inşa olunmuş, quyular qazılmış, anbarlar müasir avadanlıqlarla komplektləşdirilmişdir. Qısa bir müddətdə Qaradağ və Qalmazdakı yeraltı qaz anbarlarının aktiv tutumu tarixdə görünməmiş bir həcmdə - 3,5 milyard kubmetrdən də artıq genişləndirilmişdir. Eyni zamanda, “Azəriqaz” İstehsalat Birliyi 2009-cu ildə ARDNŞ-in tərkibinə verildikdən sonra qaz təsərrüfatı sisteminin yenilənməsi, əhalinin və sənayenin fasiləsiz təbii qazla təmin edilməsi üçün əsaslı inkişaf proqramı işlənilmiş və icra olunmuşdur. Etibarlı qaz yığım-nəql sistemi yaradılmış, minlərlə kilometr boru kəməri çəkilmiş, indiyə qədər təbii qazla təmin olunmamış yüzlərlə yaşayış məntəqəsi qazlaşdırılmışdır. İstismar, monitorinq və nəzarət sistemlərinin təkmilləşdirilməsi, beynəlxalq standartlar səviyyəsinə çatdırılması, ölkə ərazisinin 95 faizinin qazlaşdırılması istiqamətində gündəlik gərgin iş aparılır. Hacıqabul, Siyəzən, Astara və Qaradağ kompressor stansiyalarının müasirləşdirilməsi tədbirlərini buna misal göstərmək olar.
Azərbaycan indi dünyada təkcə neft və qazın deyil, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Ölkə sənayesinin və əhalinin yanacaq təminatını həyata keçirən, ixrac öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirən neft-qaz emalı və neft kimyası kompleksinin inkişafı daim diqqət mərkəzindədir. Hazırda ölkədə ARDNŞ-ə məxsus və ümumi gücü ildə 16 mln. ton olan 2 neft emalı zavodu- Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və “Azərneftyağ” Neft Emalı Zavodu fəaliyyət göstərir. Mövcud emal qurğularının təkmilləşdirilməsi, müasirləşdirilməsi, səmərəliliyin artırılması, məhsulların keyfiyyətinin yüksəldilməsi xətti ardıcıl davam etdirilmiş, mühüm nəticələr əldə olunmuşdur. Təkrar emal qurğularında məhsuldarlığın artırılması neftin emal dərinliyini 92 faizə çatdırmağa imkan vermişdir. Hazırda ARDNŞ-in emal kompleksində istehsal olunan məhsullar Avro-2 standartlarına tam uyğundur. Avro-3 standartlarına keçidlə əlaqədar ciddi tədbirlər hazırlanmışdır və planauyğun şəkildə həyata keçirilməkdədir.
Dövlət başçısının 2010-cu il 22 aprel tarixli Fərmanı ilə ARDNŞ-in tərkibində “Azərikimya” İstehsalat Birliyi təsis olunduqdan sonra Birliyin müəssisələrində sabit iş rejiminin təminatı, istehsal həcminin artırılması və məhsulların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.
Ölkəmizdə gedən sosial-iqtisadi inkişafla əlaqədar əhali və sənayenin yanacağa ehtiyacı ilbəil artır, keyfiyyət standartları yüksəlir. Neft-qaz emalı və neft kimyası komplekslərində hazırda fəaliyyətdə olan fiziki və mənəvi cəhətdən köhnəlmiş qurğularla bu ehtiyacları təmin etmək mümkün deyil. Zavodların mövcud ərazisi isə yeni qurğular tikilməsi üçün məhduddur. Bu və digər səbəblərdən müasir standartlara cavab verən Neft-Qaz Emalı və Neft-Kimya kompleksinin (NQNK) inşa olunması zərurətə çevrilmişdir. Hazırda dövlət tapşırığına uyğun olaraq, ARDNŞ tərəfindən şəhər kənarında müasir standartlara cavab verən belə bir kompleksin layihələndirilməsi üçün intensiv iş aparılır. Qeyd edim ki, bu, yaxın onillikdə Azərbaycan iqtisadiyyatının ən böyük layihəsidir. 2013-2020-ci illər ərzində NQNK layihəsinin həyata keçirilməsi həm paytaxtımızın ekoloji durumunun yaxşılaşdırılması, həm də istehsal olunan məhsulların keyfiyyət və çeşidinin artırılması üçün real imkanlar yaradacaq, ölkəmizin və bütövlükdə regionun iqtisadi cəhətdən daha da qüdrətlənməsinə xidmət edəcəkdir. Qaz emalı, Neft emalı, Neft kimyası zavodlarından, habelə, elektrik stansiyasından ibarət olacaq kompleksin inşasına hazırlıq işləri artıq başa çatmaqdadır.
ARDNŞ bu gün güclü bir sərmayədar şirkət olaraq Türkiyə sənayesinin inkişafında da mühüm rol oynayır. Qardaş ölkənin ən böyük neft-kimya kompleksi olan “Petkim” Petrokimya Holdinqinin səhmlərinin 61,32 faizi ARDNŞ-ə məxsusdur. Holdinqin istehsal gücünün durmadan artırılması məqsədi ilə aparılan ardıcıl tədbirlər tezliklə “Petkim”in Türkiyədə ən böyük, Avropada isə aparıcı istehsal komplekslərindən birinə, regionun iri logistika mərkəzinə çevrilməsinə yönəldilmişdir. “Petkim” limanının genişləndirilməsi, burada böyük həcmli konteyner terminalının, kompleksin enerji tələbatını tam şəkildə təmin edəcək yeni stansiyanın tikilməsi belə tədbirlərdəndir.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə ARDNŞ-nin “STAR” neft emalı zavodunun təməli qoyuldu. İllik məhsuldarlığı 10 milyon ton həcmində nəzərdə tutulan bu zavodda 11 çeşiddə məhsul istehsal olunacaq və beləliklə, “Petkim”in xammala tələbatı ödəniləcəkdir. Hazırda, Türkiyə neft-kimya sektorunun ən böyük müəssisəsi olan “Petkim” bu bazarda 25-27 faiz paya malikdir. Yeni zavodun işə düşməsi kompleksin illik istehsal gücünü 6 milyon tona, qardaş ölkənin neft-kimya sektorunda malik olduğu payı isə 40 faizədək yüksəltməyə imkan verəcəkdir. Bu gün artıq deyə bilərik ki, “Petkim”in tezliklə bütün regionda neft-kimya sənayesinin liderinə çevrilməsi üçün bütün məqsədyönlü addımlar atılmışdır və bu istiqamətdə işlər qrafikə uyğun davam etdirilir.
Azərbaycanda və Türkiyədə neft-kimya aktivlərinə malik olması ARDNŞ-ə dünya bazarında fəaliyyətini optimallaşdırmaq, istehsal etdiyi məhsulların çeşidini artırmaq və daha çox mənfəət götürmək imkanı verir. Dövlət başçısının 21 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən yaradılmasına başlanan Sumqayıt Kimya Sənaye Parkı “Azərikimya” və “Petkim”də istehsal edilən məhsulların dərin kimyəvi emala cəlb olunması və əlavə dəyər yaradılması baxımından müstəsna əhəmiyyət kəsb edən bir layihədir. Kimya Sənaye Parkı Şirkətin neft-kimya aktivləri arasında inteqrativ proseslərin möhkəmlənməsinə, xam neft və qazın son məhsullara qədər emal edilməklə müxtəlif çeşidli yekun istehlak malları hazırlanmasına güclü təkan verəcəkdir.
Regionun lider şirkəti olaraq ARDNŞ-nin inteqrativ potensialı da qat-qat yüksəlmişdir. Şirkətin eyni vaxtda Sumqayıt və Potidə (Gürcüstan) 2 karbamid zavodunun inşasına başlaması deyilənləri bir daha təsdiq edir. Təməli 2011-ci ilin dekabrında dövlət başçısının iştirakı ilə qoyulmuş Karbamid zavodu “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən tikilir. Ammonyak, karbamid mayesi və əmtəəlik karbomid istehsalı bölmələrindən ibarət olacaq zavodda sutkada 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edilməsi nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi ilə ARDNŞ ölkəmizdə aqrar sahənin inkişafına ciddi dəstək verəcəkdir. Zavodun inşası ilə əlaqədar beynəlxalq tender keçirilmiş və artıq “Samsung Engineering Co. Ltd.” şirkəti ilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanmışdır. Karbamid zavodunun 2013-2015-ci illər ərzində inşa olunması nəzərdə tutulur. Gürcüstanda da analoji zavodun tikilməsi həm ölkələrimizin kənd təsərrüfatında azot gübrəsinə tələbatın tam təmin edilməsinə, həm də region bazarlarına yeni və perspektivli məhsul çıxarılmasına əlavə imkanlar yaradacaqdır. İki zavodun birgə istehsal güçü 1 mln. ton təşkil edəcək.
Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-ni çevik, müasir və rəqabətə davamlı bir quruma çevirmək tapşırığını əldə rəhbər tutan şirkət, xarici ölkələrdə investisiya proqramları həyata keçirir, cəlbedici layihələr icra edir, inamlı addımlar atır. Son illər 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəliklərimiz, xaricdəki aktivlərimiz vasitəsilə uğurlu marketinq işləri aparmağa nail olmuş, dünya enerji bazarında əlverişli mövqe qazanmışıq. Xaricdəki müəssisələrimiz Azərbaycan dövlətinin mülkiyyəti olaraq, respublikanın iqtisadi gücünün möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.
Bu gün Gürcüstanın enerji bazarının 60 faizdən çoxunu ARDNŞ təmin edir. Artıq 3 ildir, Gürcüstanın qaz təchizatı sisteminin idarəçiliyini də müvəffəqiyyətlə həyata keçiririk. Hazırda Gürcüstanda “SOCAR” brendi ilə 100-dən artıq YDM fəaliyyət göstərir. 2007-ci ildən etibarən, Gürcüstanın ən iri vergi ödəyiciləri də ARDNŞ-nin törəmə müəssisələri olmuşdur.
Pərakəndə neft məhsulları satışı ilə məşğul olduğumuz Rumıniya və Ukraynada da “SOCAR” brendi ilə fəaliyyət göstərən iri yanacaqdoldurma şəbəkələrimiz, neft bazalarımız mövcuddur. Hazırda Ukraynada “SOCAR” brendi ilə 34, Rumıniyada isə 14 YDM fəaliyyət göstərir. Xaricdəki yanacaqdoldurma komplekslərində daim yeni texnologiyalar tətbiq etdiyimiz üçün sərt rəqabət şəraitində mövqeyimizi qoruyur və genişləndiririk.
2011-ci ildə Avropanın tanınmış şəbəkələrindən olan “Esso Switzerland”-in səhmlərini əldə etdik. Amerikanın “Exxon Mobil” şirkətinin İsveçrədəki 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, yanacaq marketinqi ilə məşğul olan bölməsi, Vangen-Oltendəki qazdoldurma zavodu, Cenevrə və Sürix hava limanlarında fəaliyyət göstərən aviasiya yanacaqdoldurma məntəqələri, eləcə də, terminallara və boru kəmərlərinə malik müvafiq təchizat və paylama şirkətinin səhmləri ARDNŞ-nin mülkiyyətinə keçdi. Ötən ildən etibarən həmin aktivlər “SOCAR” brendi ilə istehlakçıların xidmətinə başladı. Bu isə yeni mənfəət mənbəyi olmaqla yanaşı, ARDNŞ-nin və bütövlükdə Azərbaycanın beynəlxalq imicinin Avropa məkanında təbliğ edilməsi baxımından əlavə imkanlar deməkdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq arenada daha bir uğuru bu yaxınlarda Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin satın alınması barədə Yunanıstanın Əmlakın İdarəedilməsi Fondu ilə prinsipial razılığın əldə olunmasıdır. DESFA-nın satın alınması haqqında qərar Yunanıstan və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin, həmçinin, SOCAR və Yunanıstanın aparıcı enerji şirkətləri arasında əlaqələrin təzahürüdür.
Müasirləşmə xəttini öz fəaliyyətinin əsas prioritetinə çevirmiş ARDNŞ ölkəmizdə birincilərdən olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçid prosesini müvəffəqiyyətlə başa vurmuşdur. Şirkətin konsolidasiya edilmiş hesabatları beynəlxalq auditdən keçirilir ki, bu da onun kredit qabiliyyətinin artırılmasında mühüm amildir. ARDNŞ dünyada tanınmış “Fitch Ratings”, “Moody’s” və “Standard and Poors” kimi beynəlxalq şirkətlər tərəfindən müsbət reytinq dərəcələrinə layiq görülmüşdür və bu dərəcələr ildən ilə daha da yüksəlir. Beynəlxalq audit və reytinqlər ARDNŞ-nin modern şirkət olaraq nüfuzunun yüksək göstəricisi, xarici əməliyyatlar zamanı şirkətin tərəfdaş kimi üstünlüklərinə mühüm təminatdır.
Son illər ölkəmizdə ekoloji hərəkat geniş vüsət alıb. Ətraf mühitin - torpağın, havanın, suyun, o cümlədən, Xəzər dənizinin çirklənmədən qorunması xüsusi aktuallıq kəsb edir. ARDNŞ-də mədən ərazilərinin, habelə, dənizin çirklənməsinin, havaya istixana effekti verən qazların atılmasının qarşısının alınması, keçmişdən miras qalmış problemlərin həlli üzrə mühüm layihələr icra olunur. Qalada Ekoloji Parkın yaradılması, “Ağ şəhər” layihəsi çərçivəsində görülən tədbirlər bu istiqamətdə şirkətin potensialının böyük olduğunu göstərir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin “Ekologiya ili” çərçivəsində vermiş olduğu tapşırığa uyğun olaraq “Çıraq” neft yatağında şamda yandırılan səmt qazının həcminin əsaslı şəkildə azaldılmasına nail olundu. Bu, ARDNŞ ilə “bp-Azərbaycan” şirkəti arasında hasilat zamanı ətraf mühitin qorunması sahəsində aparılan çoxillik əməkdaşlığın yeni bir nailiyyətidir.
Ölkənin ən böyük vergi ödəyicisi kimi sosial məsuliyyətini daim dərindən dərk edən ARDNŞ büdcə ödəmələri ilə yanaşı, öz maliyyə vəsaitləri hesabına ölkədə aparılan sosial-iqtisadi inkişaf proqramlarında, o cümlədən, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması məqsədi daşıyan proqramlarda, digər mədəni, elmi və ekoloji proqramların həyata keçirilməsində yaxından iştirak edir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarına əsasən, şirkətin maliyyə vəsaiti hesabına Lənkəran, Şirvan, Naxçıvan, Bərdə, Gəncə, Qazax, Qəbələ, Zaqatala, Quba, Şamaxı, Cəlilabad və digər şəhərlərdə tikilib istifadəyə verilmiş regional müalicə-diaqnostika mərkəzləri deyilənlərə bariz nümunədir. Azərbaycan səhiyyəsinin inkişafında bütöv bir mərhələ açmış, bölgələrimizə yeni səhiyyə xidməti mədəniyyəti gətirmiş, Avropa, Amerika və Yaponiyanın tanınmış şirkətlərinin istehsalı olan ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş regional müalicə-diaqnostika mərkəzləri, habelə, yüksək beynəlxalq standartlar səviyyəsində modern səhiyyə ocağı kimi bütün Cənubi Qafqazda yaxşı tanınan Mərkəzi Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. Əvvəllər ARDNŞ-nin balansında olan təhsil, idman-sağlamlıq, mədəniyyət obyektləri də Nazirlər Kabinetinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilmişdir.
Şirkət, eyni zamanda, ölkədə təhsil sisteminin inkişafını diqqət mərkəzində saxlayır, gənc neftçi mütəxəssislərin hazırlanması məqsədi ilə müxtəlif təqaüd proqramları həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin nəzdində Bakı Ali Neft Məktəbinin ən yüksək dünya standartları səviyyəsində yaradılması və qısa müddət ərzində xarici universitetlərlə əməkdaşlığın qurulması uğurlu addımlardandır. Qəbul imtahanlarında yüksək bal toplamış gənclərin BANM-də təhsil almağa üstünlük vermələri yeni fəaliyyətə başlayan bir ali məktəb üçün yüksək göstəricidir.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına mühüm töhfələr verən ARDNŞ tərəfindən indiyədək Balakən, Zaqatala, Lerik, Qusar, Goranboy, Ağsu, Göygöl rayonlarında və Bakı şəhərində onlarla yeni məktəb binaları inşa edilmiş, əsaslı təmir olunmuş, müasir səviyyədə komplektləşdirilmişdir. Elm Fondunun təsis olunması, dünyada məşhur ingilis məktəbləri tipində Bakı İstedadlar Kompleksinin və Bakı Fransız Liseyinin yaradılması bir daha göstərir ki, neft strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir.
Dövlətimizin başçısı İlham Əliyev cənabları Azərbaycan neftçilərinə və onların avanqard qüvvəsi sayılan ARDNŞ-yə daim böyük etimad bəsləyir. Cənab Prezident demişdir: “Mən əminəm ki, bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti gələcəkdə də öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir”.
Neftçilərimizin daha böyük qələbələr naminə göstərdikləri əzmkarlıq da məhz bu inamdan qaynaqlanır. Zəngin tarixi ənənələrə malik neft sənayemiz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının gələcək qələbələri naminə əllərindən gələni əsirgəmir, neftçilərimizin şərəfli salnaməsinə yeni-yeni səhifələr yazırlar.
Rövnəq Abdullayev
ARDNŞ-in prezidenti, millət vəkili
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45

