Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Neft qiymətləri həftəni artımla tamamlamağa yönəlib

Neft qiymətləri həftəni artımla tamamlamağa yönəlib

21.08.2026 [17:15]

Yaxın Şərqdəki münaqişə ilə bağlı qeyri-müəyyənliklərin neft tədarükünü pozması və Hörmüz boğazında böhranın davam etməsi fonunda birjalarda xam neft qiymətləri həftəni artımla tamamlamağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 93 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 96 dollardan baha satılır. Təchizatla bağlı narahatlıqlar səbəbindən həftə ərzində “Brent”in qiyməti 7 faizdən, “Light” isə 8 faizdən çox artıb və hər iki neftin qiyməti iyulun 24-dən bəri ən yüksək səviyyələrə çatıb. Qiymətlərdə ardıcıl ikinci həftəlik artım gözlənilir.

Ekspertlərin fikrincə, qiymət artımı uzun sürən müharibənin Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt kimi əsas istehsalçıların tədarükünü məhdudlaşdıra biləcəyi ilə bağlı narahatlıqlarla əlaqədardır. ABŞ və İran arasında əvvəlki atəşkəs bu həftə başa çatıb və tərəflər hələ ki danışıqları bərpa etməyib.

ABŞ Prezidenti Donald Trampın İranı dəstəkləyən ölkələrə qarşı “misli görünməmiş iqtisadi müharibə və təcrid” təhdidi də gərginliyi artırıb. Həftə ərzində Birləşmiş Ərəb Əmirlikləri isə İranla bütün maliyyə və iqtisadi əməliyyatları dayandırıb.

Müharibə səbəbindən Hörmüz boğazında tanker daşınması kəskin şəkildə azalıb və çərşənbə günü boğazdan yalnız 9 gəmi keçib. Ötən gün isə boğazdan neft axınının artması ilə bağlı xəbər yayılıb, nəticədə neft qiymətləri ucuzlaşmağa başlayıb. Bu da ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi artıracağına işarə edir və ölkədə neft ehtiyatlarının artması tədarüklə bağlı narahatlıqları azaldır.

Bundan başqa, İranla davam edən gərginlik fonunda ABŞ ordusunun neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək üçün Hörmüz boğazında gizli dəhliz yaratdığı iddia edilir. “Axios” ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, bir neçə həftədir davam edən əməliyyat çərçivəsində hər gecə Hörmüz boğazının cənub kanalından 15-20 neft tankeri keçir. ABŞ rəsmiləri iddia edirlər ki, bu marşrutla hər gün qlobal enerji bazarlarına təxminən 10 milyon barel neft çatdırılır. Bildirilir ki, həmin həcm müharibədən əvvəlki səviyyənin təxminən yarısıdır və bu axının qlobal neft tədarükündəki fasilələrin azaldılmasına əhəmiyyətli dərəcədə töhfə verir. Müharibədən əvvəl dünya neft istehlakının təxminən beşdəbiri bu marşrutla daşınırdı.

ABŞ-nin tankerlərin keçidini asanlaşdırmaq üçün Hörmüz boğazında gizli dəhliz yaratması və bu marşrutla hər gün dünya bazarlarına təxminən 10 milyon barel neft çatdırılması xəbəri regionda təchizat fasilələri ilə bağlı narahatlıqları aradan qaldırıb və qiymətlərə aşağı istiqamətli təzyiq göstərib. Eyni zamanda, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-də kommersiya xam neft ehtiyatlarının və istehsalının artdığını göstərən məlumatlar bazar oyunçuları arasında təchizat narahatlıqlarını azaldıb və bu da qiymətlərə təsirsiz ötüşməyib.

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31