Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Özbəkistan enerji əməkdaşlığında yeni mərhələ: SOCAR-dan Trans-Xəzər layihələrinə

Azərbaycan-Özbəkistan enerji əməkdaşlığında yeni mərhələ: SOCAR-dan Trans-Xəzər layihələrinə

23.08.2026 [18:57]

Azərbaycanla Özbəkistan arasında neft-qaz əməkdaşlığını hazırda münasibətlərin ən perspektivli istiqamətlərindən biri hesab etmək olar. Amma bu əməkdaşlığı artıq yalnız neft və təbii qazla məhdudlaşdırmaq düzgün olmazdı. SOCAR-ın Özbəkistanda fəaliyyəti getdikcə hasilatdan emala, ticarətə və son istehlakçıya qədər genişlənən biznes modelinə çevrilir.

Bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AZƏRTAC-a açıqlamasında bildirib.

O bildirib ki, bu baxımdan Üstyurt regionundakı neft-qaz layihəsi mühüm əhəmiyyət daşıyır: “SOCAR burada Özbəkistan və bp ilə birlikdə iştirak edir və operator funksiyasını həyata keçirir. Layihənin kommersiya nəticələrini qiymətləndirmək hələ tez olsa da, Azərbaycanın enerji şirkətinin Özbəkistanın upstream sektoruna daxil olması strateji baxımdan əhəmiyyətlidir. Dünən iqtisadiyyat naziri Mikayıl Cabbarovun SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olacağını rəsmən açıqlaması isə əməkdaşlığın daha bir istiqamətinin formalaşdığını göstərir. Bu, SOCAR-ın Özbəkistanda sadəcə layihələrdə iştirak edən şirkət deyil, enerji bazarında birbaşa kommersiya iştirakçısına çevrilməsi baxımından diqqətəlayiqdir.

Qarşıdakı illərdə neft-qaz sahəsində əməkdaşlığın neft və neft məhsullarının ticarəti, kəşfiyyat və hasilat, emal, yanacaq pərakəndə satışı və logistika istiqamətlərində genişlənməsi mümkündür. Amma mən enerji əməkdaşlığının daha uzunmüddətli perspektivində başqa bir istiqaməti də xüsusi qeyd edərdim. Söhbət Özbəkistan–Qazaxıstan–Azərbaycan enerji sistemlərinin əlaqələndirilməsindən və Xəzərin dibi ilə yüksəkgərginlikli elektrik kabelinin çəkilməsindən gedir. Bu layihə reallaşarsa, Mərkəzi Asiyanın, xüsusilə Qazaxıstan və Özbəkistanın elektrik enerjisinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması üçün yeni imkan yarana bilər”.

Onun sözlərinə görə, burada vacib məqam odur ki, söhbət artıq yalnız nəzəri ideyadan getmir: “Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibi ilə optik sualtı kabel xəttinin çəkilişinin başa çatdırılması Trans-Xəzər infrastruktur layihələrinin texniki baxımdan həyata keçirilə biləcəyinə dair mühüm praktiki təcrübə yaradır. Təbii ki, optik kabel ilə yüksəkgərginlikli elektrik kabeli eyni texnologiya deyil və elektrik kabelinin çəkilməsi daha mürəkkəb və bahalı layihədir. Amma Xəzərin dibi ilə belə bir infrastrukturun yaradılmasının artıq yalnız uzaq perspektivli xəyal olmadığını göstərən real nümunə var.

Bu baxımdan Azərbaycanın Özbəkistanla enerji əməkdaşlığının gələcəyini iki səviyyədə görürəm: birincisi, SOCAR-ın Özbəkistanın neft-qaz və yanacaq bazarında kommersiya fəaliyyətinin genişlənməsi, ikincisi isə Azərbaycanı Mərkəzi Asiyanın enerji resurslarını və yaşıl enerjisini Avropa bazarlarına bağlayan mühüm tranzit və enerji qovşağına çevirə biləcək Trans-Xəzər layihələrinin inkişafı.

İkinci istiqamət daha uzunmüddətli perspektivdir. Lakin Qazaxıstan və Azərbaycan arasında artıq formalaşan nəqliyyat, enerji və rəqəmsal bağlantılar nəzərə alınarsa, Trans-Xəzər enerji layihələrini artıq sadəcə siyasi niyyət kimi deyil, texniki və iqtisadi əsaslandırması üzərində işlənə biləcək real perspektiv kimi qiymətləndirmək olar.

Nəticə etibarilə, Azərbaycan–Özbəkistan enerji əməkdaşlığının növbəti mərhələsi yalnız “SOCAR Özbəkistanda nə qədər neft-qaz layihəsində iştirak edəcək?” sualı ilə məhdudlaşmayacaq. Daha böyük sual Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən dünya, xüsusilə Avropa bazarlarına çıxışında iki ölkənin hansı rolu oynayacağıdır. Məncə, strateji baxımdan əsas perspektiv məhz buradadır”.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31