Qalib Azərbaycanın Böyük Qayıdış hədəfi
22.08.2026 [11:15]
Yeni strateji mərhələdə Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin güclü diplomatiyası və Ordumuzun şücaəti sayəsində işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin edilməsi qalib Azərbaycanın 5 mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Bu prioritet çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyi təmin etməklə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsinə nail olmaq hədəflənib. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixində imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib.
Dövlət Proqramının uğurlu icrasını təmin etmək üçün geniş tədbirlər planı hazırlanıb və ötən dövrdə həmin tədbirlərin reallaşdırılması üçün böyük iş həcmi yerinə yetirilib. Artıq Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası tamamlanmaq üzrədir və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama uyğun olaraq yeni Dövlət Proqramı hazırlanır. Böyük Qayıdış proqramının icrası Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının digər dövlət və özəl qurumlarla sıx koordinasiyalı fəaliyyəti şəraitində təmin edilir.
Geniş əhatə dairəsinə malik olan strateji əhəmiyyətli sənəd
Postmüharibə dövründə qalib Azərbaycanın qarşısında təxminən 11 min kvadratkilometr ərazinin bərpası və məskunlaşdırılması kimi mühüm vəzifə dayanır. Mənfur düşmən otuz illik işğal illərində bu yerlərdə ağlasığmaz vəhşiliklər törədərək hər şeyi dağıdıb. Bu baxımdan dövlət başçısının sərəncamı ilə təsdiqlənən Böyük Qayıdışa dair I Dövlət Proqramı kifayət qədər geniş əhatə dairəsinə malik olan strateji əhəmiyyətli bir sənəddir. Bunu quruculuğun, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlişinin yol xəritəsi də adlandırmaq mümkündür.
Dövlət Proqramının ən mühüm səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, sənəd hazırlanarkən hazırkı qlobal trendlər əsas götürülüb ki, bu da Azərbaycanın müasirləşmə xətti ilə tam uzlaşr. Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, dairəvi iqtisadiyyat və yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxıb. Bəhs olunan Dövlət Proqramının hazırlanması zamanı sözügedən amillər ətraflı araşdırılıb və onların mümkün təsirləri təhlil edilib. Həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. Sənəddə də vurğulandığı kimi, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılıb.
Dövlət Proqramının məqsəd və vəzifələrinə uyğun olaraq bir sıra mühüm istiqamətlər müəyyənləşdirilib. Bunlar aşağıdakılardır:
- Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili,
- Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini,
- Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması,
- Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması,
- Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası,
- Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi.
Ən önəmli məsələlərdən biri - təhlükəsizliyin təmin olunması, ərazilərin minalardan təmizlənməsi
Qalib Azərbaycan azad ərazilərimizə böyük qayıdışı tez və layiqli şəkildə təmin etmək əzmindədir və burada təhlükəsizlik önə çəkilir. Sənəddə xüsusi olaraq vurğulanır ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.
Dövlət Proqramında təhlükəsizlik və azad ərazilərimizin minalardan, digər partlamamış hərbi sursatlardan təmizlənməsi zərurətinin ön plana çəkilməsi təsadüfi deyil. Mina terroru Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi çoxsaylı müharibə cinayətləri sırasında xüsusi yer tutur. Hazırda beynəlxalq təşkilatların da təsdiqlədikləri kimi, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. Verilən məlumatlara görə, ermənilər işğal illərində və 44 günlük müharibədən sonra ərazilərimizdə 1 milyondan çox mina basdırıblar. Acınacaqlı haldır ki, insanlar ayaq basdıqları ən ağlagəlməz yerlərdə belə mina partlayışının qurbanlarına çevrilə bilərlər. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizi Ermənistanın minalarla çirkləndirməsi nəticəsində Vətən müharibəsi başa çatandan (10.11.2020-ci il tarixdən etibarən) indiyədək 436 nəfər zərər çəkib. Onlardan 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb ki, bu da vəziyyətin son dərəcə ciddiliyindən xəbər verir.
Qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsinə müharibə başa çatandan dərhal sonra start verib.
Verilən məlumatlara əsasən, 2021-2025-ci illər ərzində ümumilikdə 248 min 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib. Minatəmizləyənlərin peşəkarlığı və fədakarlığı sayəsində aşkarlanan minaların sayı da kifayət qədər çoxdur. 2021-2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 20 min 272 ədəd tankəleyhinə mina və 34 min 213 ədəd piyadaəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyəti 2026-cı ilin əvvəlindən eyni intensivliklə davam etdirilir. ANAMA-dan verilən məlumata görə, azad edilmiş ərazilərdə cari ilin iyul ayında 614 piyada əleyhinə mina, 174 tank əleyhinə mina, 2106 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, ay ərzində 8 012,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Güclü maliyyə təminatı və geniş infrastruktur quruculuğu
Aydın məsələdir ki, zəruri infrastruktur yaradılmadan azad ərazilərin dayanıqlı məskunlaşdırılmasını təmin etmək mümkün deyil. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir. Bu zərurət nəzərə alınmaqla Böyük Qayıdış proqramının icrasının ilkin mərhələsindən başlayaraq minalardan təmizlənmiş ərazilərdə müxtəlif təyinatlı infrastruktur obyektlərinin tikintisi həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir. Ötən ilin noyabr ayında Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib və tədbirdə böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlərə diqqət çəkilib. Təqdim olunan statistika çox zəngindir. Beş il ərzində dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib.
Böyük Qayıdışın inteqrasiyalı yanaşma ilə təmin olunması real nəticələr verir. Artıq “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, bir sıra digər şəhərlərin Baş planları isə işlənilmə mərhələsindədir. Ötən dövrdə azad ərazilərdə Zəngilanda, Füzulidə və Laçında olmaqla 3 beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycanın gücünü göstərir. Azad ərazilərdə tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün inşası planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.
Azad ərazilərdə quruculuq-bərpa işləri cari ildə də eyni intensivliklə davam etdirilir. Burada birinci yarımildə Böyük Qayıdış proqramı üzrə 340 layihə icra olunub. Maliyyə Nazirliyinin məlumatına görə, bu layihələrin icrasına 1 milyard 64,1 milyon manat xərclənib. O cümlədən birinci yarımildə Böyük Qayıdış proqramı üzrə icra edilmiş layihələrin 76-sı nəqliyyat, 182-si sosial, 36-sı su təsərrüfatı və meliorasiya, 11-i energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 16-sı isə sair layihələr olub.
Azad ərazilərdə həyata keçirilən quruculuq- bərpa işləri güclü maliyyə təminatı ilə dəstəklənir. Bütövlükdə, 2020-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 30,5 milyard manat vəsait ayrılıb. 2026-cı ildə bu məqsədlə 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının canlandırılması
Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir. Dövlət Proqramının icrasının arxada qalan illəri ərzində azad ərazilərin həm sənaye, həm də kənd təsərrüfatı imkanlarından geniş istifadə olunması və bu əsasda geri qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm layihələr reallaşdırılıb. Vacib məqamlardan biri ondan ibarətdir ki, hər iki istiqamətdə müasir və innovativ yanaşmalar tətbiq olunur.
Artıq azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında uğurlu nəticələr əldə edilir. Belə ki, Ağdam Sənaye Parkı qısa müddətdə regional iqtisadi mərkəzə çevrilib. İndiyədək Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən 171,68 milyon manat investisiya yatırılıb. Ölkənin ikinci ən böyük sənaye parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,86 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 82,33 milyon manatlıq hissəsi ixracın payına düşür.
Sənaye parkında 1000-dən çox daimi iş yeri yaradılıb. İşə qəbul zamanı əsasən Ağdam və ətraf rayonlardan olan vətəndaşlara üstünlük verilir ki, bu da bölgədə məşğulluğun artırılmasına mühüm töhfədir. Sənaye parkında 31 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib.
Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 19 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib. Parkda 43,8 milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeri yaradılıb.
O cümlədən işğaldan azad olunmuş ərazilərin aqrar imkanlarından geniş istifadə olunması üçün bütün zəruri şərtlər var. Xüsusilə də bu yerlərin münbit torpağı və su ehtiyatlarının zənginliyi kənd təsərüfatında yüksək məhsuldarlıq əldə edilməsinə şərait yaradır. Qeyd etmək yerinə düşər ki, ölkəmizin su ehtiyatlarının təxminən 25 faizi məhz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında formalaşır.
Məlumdur ki, postmüharibə dövründə azad ərazilərdə quruculuq-bərpa işləri Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq “yaşıl zona” konsepti və innovativ yanaşmalar əsasında həyata keçirilir. Hazırda bunun təzahürlərini həmçinin aqrar sektorda da aydın şəkildə görmək mümkündür. Aqroparkların yaradılması da buna yaxşı nümunədir. Hazırda Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 20 oktyabr 2022-ci il tarixində birinci mərhələsi istifadəyə verilən “Dost” aqroparkı uğurla fəaliyyət göstərir. Bu kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Əlamətdar haldır ki, “Dost” aqroparkının ət məhsulları satış bazarlarına “Made in Qarabağ” etiketi ilə çıxarılır.
Geniş aqrar potensiala malik Laçında isə Aqro-Sənaye Parkı yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. 27 may 2025-ci il tarixində Prezident İlham Əliyev aqro-sənaye parkında “LATIFA” tikiş fabrikinin açılışına qatılıb.
Bütövlükdə, aqroparklar müasir aqrar istehsalın təşkili, yeni texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması baxımından mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, innovativ təsərrüfatlar Qarabağın iqtisadi gələcəyini müəyyənləşdirəcək.
Azad ərazilərin məskunlaşdırılması
Müvafiq Dövlət Proqramında yaşayış məntəqələrinin bərpası və məskunlaşdırılması ilə bağlı geniş tədbirlər planı hazırlanıb və uğurla həyata keçirilməkdədir. İşğaldan azad olunmuş ərazilərin məskunlaşdırılmasına Zəngilan rayonunda start verilib. Rayonun Ağalı kəndi qaçqın və məcburi köçkün soydaşlarımızın yurd yerlərinə köçünün ilk ünvanı olub. Bu əlamətdar hadisə 19 iyul 2022-ci il tarixində yaşanıb. Burada 27 il ərzində ağır məcburi köçkünlük taleyi yaşayan sakinlər üçün hər cür rahatlıq təmin edilib. Qeyd edək ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Ağalıya ilk köç zamanı 41 ailə doğma kəndə qayıdıb və sonradan Ağalıya daha bir neçə köç karvanı yola salınıb.
Bundan sonra bərpa olunan yaşayış məntəqələrinin məskunlaşdırılması intensivləşib. Tarixi şəhərimiz olan Şuşanın, Laçının, Kəlbəcərin və hər bir azərbaycanlı üçün son dərəcə əziz olan digər yaşayış məntəqələrinin qısa müddətdə məskunlaşdırılması dünyaya bir nümunədir. Bu illər ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qaçqın və məcburi köçkün soydaşlarımızın yurd yerlərinə qayıtmalarının sevincini dəfələrlə birlikdə bölüşüblər.
Yurd yerlərimizə böyük köç karvanlarının adətən ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyət daşıyan əlamətdar tarixlər ərəfəsinə təsadüf etməsi də ikiqat sevinc hissi yaradır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024-cü il 10 may tarixində - Ümummilli Lider Heydər Əliyevin doğum günündə Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla, 88 nəfər köçürülüb.
Böyük Qayıdış proqramı çərçivəsində Laçına köç də əlamətdar tarixdə baş tutub. Belə ki, 2023-cü il mayın 28-də - Müstəqillik Günündə xalqımız ikiqat sevinc hissi yaşayıb. Ölkəmizdə bayramın bayrama qarışması onunla bağlı idi ki, laçınlıların bir qrupu uzun fasilədən sonra məhz qürur duyduğumuz Müstəqillik Günündə doğma torpaqlarına qayıtdılar. Bu, Laçına böyük köçün başlanğıcı idi.
“Heydər Əliyev İli”ndə həmçinin Füzuli şəhərinin məskunlaşdırılmasına start verilib. 2023-cü il avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Belə xoş ovqat yaradan misalların sayı çoxdur. Hazırda azad ərazilərimizə demək olar ki, hər ay köç karvanları yola salınır. Artıq burada yaşayan, işləyən və təhsil alan insanların sayı 90 mini ötüb ki, bu da Böyük Qayıdış hədəfinə uyğundur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28

