Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır

Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır

30.04.2014 [08:57]

Azərbaycanda regionların tarazlı və yüksək inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Daha dəqiq desək, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramları Azərbaycanın ümumi iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil edir və fundamental strateji inkişaf konsepsiyası sayılır. Ölkəmisizin iqtisadi inkişafının təmin olunmasında mühüm rol oynayan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) iqtisadi artımı sürətləndirməklə yanaşı, sosial həyat tərzinin və insanların məşğulluğunun artmasına, bölgələrin infrastruktur təminatının yaxşılaşmasına güclü təsir göstərib.
Bölgələrin sürətli inkişafını təmin edən strategiya...
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. “Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlayıb”.
Azərbaycan dövləti 10 il əvvəl başladığı bu strategiyanı həyata keçirməklə uğurlu neft strategiyası sayəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəldərək iqtisadiyyatın tarazlı inkişafına nail olmaq məqsədini qarşıya qoymuşdu. Digər məqsəd paytaxt Bakı ilə regionlar arasındakı fərqi aradan qaldırmaq, iqtisadi istehsal obyektlərini, müəssisələri kifayət qədər yüklənmiş olan Bakı şəhərindən kənarda - bölgələrdə yaratmaq idi. Başqa bir istiqamət isə bölgələrdə sosial infrastruktur tarazlığını və regionlarda yeni iş yerlərini yaratmaq, insanların məşğulluğunu təmin etmək məqsədi güdürdü.
Beləliklə, hökumət nəzərdə tutulan bu fundamental prinsipləri yerinə yetirməklə regionların inkişafında həyati əhəmiyyət kəsb edən əsaslı sosial-iqtisadi dəyişikliklərə nail oldu. Aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enib. Regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb və 1,2 milyondan çox yeni iş yeri yaradılıb ki, onun 900 mini daimidir. Bəhs edilən müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3 artıb. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
Regionların inkişafına 50 milyard manatdan çox sərmayə qoyulub...
Bir sözlə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları iqtisadi inkişafın əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun artırılması, bu istiqamətdə dövlət qayğısının genişləndirilməsi və ən əsası regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialdan istifadə edilməsi mühüm vəzifələrdən biri olub. Bu baxımdan regionların maliyyə vəziyyətinin yaxşılaşdırılması və sahibkarlığın regional inkişafının sürətləndirilməsi həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Regionlardakı sahibkarlıq subyektlərinə və biznesə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, azad sahibkarlığın inkişafı üçün maliyyə və texniki imkanların artırılması sahəsində əhəmiyyətli dönüş yaranıb.
Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür. Həyata keçirilmiş tədbirlər sayəsində məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Həmin kreditlər hesabına ölkədə 55 min yeni müəssisə yaradılıb. Hər iki proqramın icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən, birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Dövlət proqramları Azərbaycanın dünyada iqtisadi gücünü artmasına səbəb olub...
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramları Azərbaycanın dünyada sürətli iqtisadiyyata malik ölkə kimi nüfuzunun artmasına, dünya dövlətləri sırasında ən mühüm iqtisadi göstəricilər üzrə qlobal hesabatlarda mövqeyinin yaxşılaşmasına da əhəmiyyətli təsir göstərib. Son 10 ildə bütün sahələrdə böyük uğurlar qazanan Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrın fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması müşahidə olunub. Məhz bu mühüm faktorlarda regionların inkişaf strategiyası ciddi rol oynayıb. Dövlət proqramları Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olub.
Qarşıda yeni hədəflər durur...
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Sənədə əsasən, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, regionlardakı iqtisadi imkanların səfərbər edilməsi, iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, investisiya qoyuluşunun artırılması, yeni müəssisələrin və iş yerlərinin açılması ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulub. Dövlət başçısı üçüncü regional proqramın icrası üçün müvafiq orqanlara zəruri tədbirlər görməklə bağlı tapşırıqlar verib. Dövlət regionların inkişafının sürətləndirilməsinə nail olmaqla bölgələr arasındakı sosial-iqtisadi fərqlərin tam aradan qaldırılmasına və balanslaşdırılmış inkişafa nail olmaq, respublikanın rayon və şəhərlərinin yerli gəlirləri hesabına mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitləri azaltmaq niyyətindədir. Bu məqsədlə qarşıdakı illərdə bölgələrdə iqtisadi gücün tam səfərbər olunması, istifadə edilməmiş iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinin əsas mühüm hissəsinə çevrilməsi nəzərdə tutulur.
Yeni Dövlət Proqramında ölkə regionlarında mühüm infrastruktur layihələrinin reallaşdırılması ilə yanaşı, iqtisadiyyatda sənayeləşmə siyasəti, kənd təsərrüfatının inkişafı üçün rayonlar arasında və rayonlar üzrə ixtisaslaşmanın aparılması, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi və İKT məsələləri, əsas ərzaq məhsulları üzrə daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirlərin istiqamətləri də müəyyən olunub. Ən ucqar kəndlərdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasını başa çatdırmaq, rayonlarda iqtisadi fəallığı artırmaq üçün digər tədbirlərlə bağlı kompleks islahatları həyata keçirmək nəzərdə tutulur. 2009-2013-cü illərdə elektrik enerjisi, qazlaşdırma sahələrinə, içməli su təminatı, meliorasiya və suvarma bölmələrinə böyük diqqət ayrılacaq, bir çox infrastruktur proqramları həyata keçiriləcək. Bir sözlə, Azərbaycanın bütün bölgələrində, kənd və qəsəbələrində bu iqtisadi hədəflərin reallaşması nəticəsində tamamilə yeni mənzərə yaranacaq. 2009-2013-cü illəri əhatə edən proqramın spesifik xüsusiyyətlərindən biri hər bir kənd və qəsəbə üzrə ayrıca tədbirlər planını reallaşdırmaqdan ibarət olacaq.
Məlum olduğu kimi, yaxın 5 il ərzində ölkədəki iqtisadi artımın 2 dəfə yüksəldilməsi əsas hədəf seçilib və bu məqsədlə Azərbaycanın malik olduğu təbii sərvətlərdən səmərəli istifadə edilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regionlar arasında mövcud olan diferensiasiyanın minimuma endirilməsi başlıca prioritetlərdəndir. Eyni zamanda, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin və onun intellektual-texnoloji səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi və optimal iqtisadi strukturun və qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, ölkənin ixrac potensialının artırılması, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin təmin olunması kimi prioritetlər daxildir.
Zahid İLHAMOĞLU
“İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”

Paylaş:
Baxılıb: 1137 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31