“Cənub” qaz dəhlizi Azərbaycanın dinamik inkişafına yeni təkan verəcək
24.09.2014 [09:47]
Prezident İlham Əliyev: Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək
Neft sənayesinin inkişafında zəngin tarixə və böyük ənənələrə malik olan Azərbaycanda bu günlərdə daha bir möhtəşəm enerji layihəsinin-XXI əsrin layihəsi adını alan “Cənub” qaz dəhlizinin icrasına start verilib. Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi layihəsinin Səngəçal terminalında keçirilən təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Albaniyanın energetika naziri Damian Giknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev iştirak ediblər.
“Əsrin müqaviləsi” ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməli qoyulub
Karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Dünyada ilk neft quyusunun 1848-ci ildə qazıldığı Azərbaycan həmin vaxtdan bəri neft sənayesinin inkişafına bir sıra mühüm töhfələr verməsinə və çoxlu sayda ilklərə imza atmasına baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin neft-qaz sektoru ciddi tənəzzüllə üzləşmişdi. Bir tərəfdən AXC-”Müsavat” iqtidarının səriştəsizliyi ucbatından ölkəni bürüyən xaos və müharibə şəraiti, digər tərəfdən isə gənc respublikanın maliyyə resurslarının məhdud olması neft hasilatının artırılması üçün lazımi tədbirlər görməyə, emal sənayesini müasirləşdirməyə, Xəzərin dərin sulu hissəsində yerləşən karbohidrogen ehtiyatlarının işlənməsinə imkan vermirdi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi. Yeri gəlmişkən, Prezident İlham Əliyev Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə söylədiyi nitqində bu cəhətə diqqət çəkərək bildirib: “Beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmışdır. Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır. Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır”.
Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan mərasimdəki çıxışında 1994-cü ildən bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələnin olduğunu vurğulayıb: “Onların bir neçəsini mən indi sadalamaq istəyirəm. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması, 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması. O da çox önəmli hadisə idi. Çünki bu gün “Cənub” qaz dəhlizinin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.
1999-cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Bu da yeni bir ixrac marşrutu idi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. O kəmər ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. O, bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də bir ixrac boru kəməri kimi fəaliyyət göstərir. Ondan sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır”.
“Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. İndiyədək layihə çərçivəsində 2,5 milyard barel neft hasil olunub və təxminən 30 milyard dollar həcmində investisiya yatırılıb.
Son 20 ildə Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb. “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan gəlirlər Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 54 milyard dollara çatıb. Azərbaycan qısa müddətdə investisiya idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilib. Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrə və digər ölkələrin sərmayə bazarlarında Azərbaycanın payı getdikcə artır.
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Neft gəlirləri, həmçinin, institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkəboyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.
Beləliklə, deyə bilərik ki, “Əsrin müqaviləsi”nin reallaşdırılması ilə Azərbaycanın mənzərəsi dəyişib və ölkənin qarşısında yeni inkişaf perspektivləri açılıb.
“Cənub” qaz dəhlizi Azərbaycana və tərəfdaş ölkələrə əlavə dividendlər gətirəcək
Əlbəttə ki, “Əsrin müqaviləsi”nin 20 illiyinin qeyd olunduğu bir vaxtda yeni qlobal layihənin- “Cənub” qaz dəhlizinin icrasına start verilməsi, ilk növbədə, gələcəyə baxış kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan “Cənub” qaz dəhlizi 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondesat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb.
Yuxarıda vurğuladığımız kimi, yeni neft strategiyasının uğurla reallaşdırılması Azərbaycanda dinamik inkişafa təkan verib. Son 10 ildə respublikamızda ümumi daxili məhsul 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artıb. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. İşsizlik 5 faizə düşüb, yoxsulluq cəmi 5 faiz həcmindədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdə qərar tutub.
“Cənub” qaz dəhlizi isə Azərbaycanın dinamik inkişafına yeni təkan verəcək. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki, son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu layihə bizim üçün yeni imkanlar açır”.
Prezident İlham Əliyev bu fikrin davamı olaraq vurğulayıb: “Neft-qaz resurslarımız sadəcə olaraq bizim üçün əlavə bir imkandır, dəstəkdir. Bu, bizə imkan verir ki, öz investisiyalarımızı bu layihələrə qoyaq. TANAP layihəsində Azərbaycan əsas səhmdardır və əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürəcəkdir. “Şahdəniz”də, TAP-da və digər layihələrdə Azərbaycan öz payını özü maliyyələşdirir və beləliklə, vaxtilə əldə olunmuş iqtisadi mənfəət bu gün bizim ümumi maraqlarımıza xidmət edir”.
“Cənub” qaz dəhlizinə diqqət çəkən başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, bu layihə tərəfdaş ölkələrin hamısına fayda gətirəcək. Layihədə uduzan tərəfin olmayacağına diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar, eyni zamanda, istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq
Son illərdə dünyada baş verən kataklizmlər, o cümlədən də siyasi böhranlar Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimə qatılan Avropa ölkələrinin dövlət və hökumət başçıları bununla bağlı öz narahatlıqlarını dilə gətiriblər. Məsələn, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev enerji təhlükəsizliyi ilə bağlı Avropanın narahatlığını öz ölkəsinin timsalında belə izah edib: “Beş il bundan əvvəl Avropaya bir daha xatırladılmışdır ki, bizim ən həssas, zəif yerimiz haradadır. Bu da enerjidən asılılıqdır. Bolqarıstan bu baxımdan ən zərər çəkmiş ölkə olmuşdur. 2009-cu ilin qaz böhranından söhbət gedir. Bizim ölkə bir kəmərdən asılı idi və heç bir alternativimiz yox idi. Bolqarıstan iqtisadiyyatı ayda yüzlərlə milyon avro zərər çəkirdi. Alternativ mənbələrin təmin edilməsi bizim üçün milli maraq əhəmiyyətli məsələ və enerjinin şaxələndirilməsi başlıca prioritet idi”.
Monteneqronun Baş naziri Milo Cukanoviç yeni qaz dəhlizinin əhəmiyyətini dəyərləndirərək deyib: “Adriatik hövzəsi ölkələri - Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiyanı birləşdirəcək kəmər çox əhəmiyyətli bir məsələdir. Bizim və qonşularımız üçün bu, yeni enerji imkanları açmaqdadır. Qərbi Balkanlarda bu layihələrin əhəmiyyəti çox böyükdür. İstənilən halda enerji məsələsi milli maraqlarla məhdudlaşmır. Bu sahədə əməkdaşlıq çox vacibdir və biz buna böyük əhəmiyyət veririk”.
Albaniya Respublikasının energetika naziri Damian Giknuri isə “Cənub” qaz dəhlizini “Avropanın enerji xəritəsini dəyişəcək layihə” kimi xarakterizə edərək vurğulayıb: “Bu layihə mənim ölkəm üçün çox vacib bir layihədir. Nəyə görə? Çünki Avropa etibarlı və alternativ enerji mənbəyi ilə təmin edilir. Bu, Avropa İttifaqının gələcəyi üçün vacibdir, onun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki alternativsiz qitənin gələcəyi təmin edilə bilməz”.
Yuxarıda ifadə olunan fikirlərdən də göründüyü kimi, “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə olacaq. Üç il bundan əvvəl - 2011-ci ilin yanvarında Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Həmin vaxtdan bəri Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu layihəni reallaşdırmaq üçün birgə çalışıblar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün daha 5 il tələb olunacaq. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. İstehlakçı ölkələr sırasında Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələrin adlarını sadalamaq mümkündür. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, üç il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq”.
Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan mərasimdəki çıxışında Xəzər qazının Avropa üçün yeni mənbə olduğunu bildirib. “Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır”.
Dövlət başçısı, həmçinin, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyətinin uğur gətirəcəyinə əminliyini ifadə edib: “Mən hesab edirəm ki, bu gün bu sahədə - neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

