Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq

Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq

03.02.2015 [18:26]

Prezident İlham Əliyev: Biz hazır məhsullarla xarici bazarlara çıxmalıyıq, indi çıxırıq və çıxacağıq
Son illərdə dünyada baş verən qlobal risklər fonunda Azərbaycanın sabitlik adası və inkişaf məkanı kimi fərqlənməsi respublikamızda bütün sahələrdə istehsal göstəricilərinin yüksəlməsində və ixrac imkanlarının artmasında da aydın şəkildə nəzərə çarpır. Son 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş məqsədyönlü siyasət sayəsində ölkəmizdə daxili istehsalın həcmi əhəmiyyətli dərəcədə artıb. İstər sənaye sahəsində, istərsə də kənd təsərrüfatında bir sıra mühüm istiqamətlər üzrə daxili istehlak məhz yerli istehsal hesabına təmin olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Azərbaycanda keçən il ərzində bütün işlərin müsbət istiqamətdə getdiyini, ölkəmizin inamla irəlilədiyini vurğulayaraq respublikamızda istehsalın artmasını da xüsusi nəzərə çatdırıb: “Bütün planlarımızı həyata keçirmək üçün ilk növbədə, ölkədə makroiqtisadi vəziyyət sabit olmalıdır. Bu istiqamətdə böyük işlər aparılmışdır. Uzun illər makroiqtisadi vəziyyət diqqət mərkəzindədir. Bizim göstəricilərimiz də çox müsbətdir. Keçən il inflyasiya cəmi 1,4 faiz olmuş, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektorumuz isə 7 faiz artmışdır”.
Azərbaycanda iqtisadiyyatın genişlənməsi qeyri-neft sektorunda istehsalın üstün artımı hesabına baş verib
Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri neft amilindən asılılıq sindromunun acı fəsadları ilə üzləşib. Azərbaycan iqtisadiyyatı da uzun illər ərzində neft amili ilə sıx bağlı olub. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində Azərbaycan neft amilindən asılılıq sindromundan yan keçib. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti hazırda Azərbaycan iqtisadiyyatının dayanıqlılığını şərtləndirir. “Əsrin müqaviləsi” və digər qlobal iqtisadi layihələr çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də, iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə, regionların iqtisadi güc amilinə çevrilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında iqtisadiyyatın çoxqütblüyünün təmin edilməsinin və bu sahədə məqsədli şəkildə diversifikasiya siyasətinin həyata keçirilməsinin həmişə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha nəzərə çatdırıb: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır”.
Hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda bu göstərici 40 faizədək azalıb və ÜDM-də qeyri-neft sektorunun payı 60 faizi ötüb.
Ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasında sənaye quruculuğu sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Respublikamızda 2014-cü ilin “Sənaye ili” elan olunması bir sıra müəssisələrin yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Təkcə “Sənaye ili” çərçivəsində respublikamızda 230-dan çox sənaye müəssisəsi yaradılıb. Ümumiyyətlə, son 11 ildə dövlətin güzəştli kreditləri sayəsində fəaliyyətə başlayan 500-dən çox yeni müəssisə hesabına respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib, o cümlədən də, sənaye istehsalı 2,7 dəfə artıb. Yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir. Sumqayıtda yaradılan Kimya Sənaye Parkı ölkə sənayesində yeni inkişaf mərhələsi kimi dəyərləndirilir. Hazırda sözügedən nəhəng sənaye parkında xarici və daxili infrastrukturun yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Artıq parkda fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına start verilib, yaxın gələcəkdə isə hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, vərəqə şüşə istehsalına başlanılacaq. Digər bir iri sənaye parkı isə Balaxanıda yaradılır. Burada tullantıları emal edəcək ayrı-ayrı müəssisələr fəaliyyət göstərəcək ki, bu da paytaxtımızın ekologiyasının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq. O da əlamətdar haldır ki, ölkəmizin sənaye quruculuğunda elmtutumlu, müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələrinin yaradılması xüsusi yer tutur. Qısa müstəqillik tarixinə malik Azərbaycanın kosmik və müdafiə sənayesinə malik olması qürurverici haldır.
Son illərdə Azərbaycanda istehsalın artmasına və yeni ixrac imkanlarının yaranmasına, həmçinin, aqrar sektorun inkişafı güclü təsir göstərib. Məlumdur ki, ölkəmizin kənd təsərrüfatı potensialı kifayət qədər böyükdür. İlk növbədə, əlverişli coğrafi-iqlim xüsusiyyətləri respublikamızda aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, respublikamızda həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının və maliyyə resurslarının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır.
Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında ölkəmizdə aqrar sektorun inkişafının önəmini bir daha nəzərə çatdırıb: “Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir”.
Son illərdə davamlı dövlət dəstəyi tədbirləri aqrar sektorda istehsalın əhəmiyyətli dərəcədə artması ilə nəticələnib.
Əlbəttə, qazanılan nailiyyətlər, arxayınçılığa əsas vermir. Prezident İlham Əliyev qarşıdakı illərdə kənd təsərrüfatı istehsalının məhz intensiv metodlarla təmin edilməsini bir vəzifə kimi qarşıya qoyub. Dövlət başçısı bununla bağlı fikirlərini ifadə edərək deyib: “Ona görə kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir”.
Azərbaycan ənənəvi bazarları saxlamaqla, Avropa bazarlarına da çıxmalıdır
İxrac potensialı hər bir ölkənin iqtisadi inkişaf səviyyəsini göstərən əsas amillərdən biridir. Hazırda qlobal miqyasda yeni ixrac bazarları uğrunda ciddi rəqabət müşahidə edilir. Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında vurğuladığı kimi, indi dünyada böyük dövlətlər, böyük sənaye potensialına, əlaqələrə, təsir gücünə malik olan ölkələr bütün mövcud bazarları əldə ediblər. Onlar bir çox hallarda siyasi nüfuzdan istifadə edərək digər ölkələrin bazarlarına öz məhsulları ilə çıxırlar.
Məlumdur ki, hazırda Azərbaycan dünyanın onlarca ölkəsinə neft və neft məhsulları ixrac edir. Lakin ölkəmizin qeyri-neft sektorunda da geniş ixrac potensialı vardır. Prezident İlham Əliyev bu potensialdan səmərəli istifadə olunmasının zəruriliyinə diqqət çəkərək vurğulayıb: “Gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq. İxrac potensialı yaratmaq olar və yaradırıq... Ancaq biz gərək ixrac bazarları da əldə edək”.
Prezident İlham Əliyev diqqəti, həmçinin, ölkənin ixrac potensialından səmərəli istifadə olunması ilə bağlı bir sıra zəruri məqamlara yönəldib. Hazırda Azərbaycan bazarında vəziyyət elədir ki, ayrı-ayrı məhsullara olan daxili tələbat tam ödənilir. Buna görə də oxşar istehsalatların yaradılmasına lüzum yoxdur. Müvafiq dövlət qurumları, eləcə də, sahibkarlar dünya bazarının konyukturasını öyrənməli və yeni satış məntəqələrinə çıxış imkanları qazanmaq üçün səylərini artırmalıdırlar. Bu isə, əlbəttə ki, düşünülmüş siyasət və yüksək rəqabət qabiliyyətli məhsul istehsalına nail olmaqla mümkündür. Prezident İlham Əliyev ixracı ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafının əsas stimulverici amillərindən biri kimi səciyyələndirərək deyib: “Ümumiyyətlə, bir daha demək istəyirəm ki, ixrac olmadan Azərbaycan iqtisadiyyatı, həmçinin, qeyri-neft sektoru inkişaf edə bilməz. Çünki biz daxili tələbatı artıq ödəyirik. İxrac, bir daha demək istəyirəm ki, düşünülmüş siyasət nəticəsində mümkündür”.
Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq yeni investisiya proqramları hazırlanarkən ixrac qabiliyyətli müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılır. Təkcə son illərdə qablaşdırma, saxlama, daşınma imkanlarının artırılması üzrə bir neçə layihələr həyata keçirilib, hazırda Aktau şəhərində logistik mərkəzin yaradılması layihəsi reallaşdırılır. Məqsədyönlü investisiya layihələri çərçivəsində yeni yaradılan müəssisələr hesabına 11 il ərzində ölkənin qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən, emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb. Hazırda Azərbaycan dünyanın təxminən 105 ölkəsinə 25 adda qeyri-neft məhsulu ixrac edir.
Zəngin iqtisadi potensial, geniş maliyyə resursları, dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə ilə paralel surətdə, Azərbaycanın ixrac imkanlarının genişlənməsini şərtləndirən əsas amillərdən biri də ölkəmizin əlverişli coğrafi məkanda yerləşməsi ilə bağlıdır. Prezident İlham Əliyev konfransdakı çıxışında ətrafda böyük bazarların olmasını ölkəmizin üstünlüyü kimi səciyyələndirərək həm də yeni bazarlar uğrunda mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb: “Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər. Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq”.
Prezident İlham Əliyev ixrac sahəsində Azərbaycanın gələcək hədəfini də elan edib. Bu, xarici bazarlara xammal yox, hazır məhsul çıxarılmasına nail olmaqdan ibarətdir: “Bizim ümumi daxili məhsulumuzda neft amili artıq üstünlük təşkil etmir. Amma ixrac potensialımızın əksəriyyəti təbii resurslarımızdır. Biz hazır məhsullarla xarici bazarlara çıxmalıyıq, indi çıxırıq və çıxacağıq”.
Ölkənin ixrac potensialını artıran sahələrə investisiya qoyuluşu bundan sonra da davam etdiriləcək
Hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən ən mühüm amillərdən biri, heç şübhəsiz ki, maliyyə təminatı ilə bağlıdır. Bu cəhətdən Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı nikbin proqnozlar vermək mümkündür. Belə ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycanın bütün sahələrdə nail olduğu dinamik inkişaf göstəriciləri ölkə iqtisadiyyatının maliyyə təminatının yaxşılaşmasında özünü daha qabarıq şəkildə büruzə verir. Sevindirici haldır ki, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi ilbəil genişlənir. Son 11 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollar həcmində investisiyalar yönəldilib. Ötən il ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi 27 milyard dollara çatıb. Eyni zamanda, investisiyaların strukturunda da əhəmiyyətli dəyişiklik baş verib. Belə ki, 2014-cü ildə Azərbaycanda müxtəlif sahələrə yönəldilən investisiyaların böyük əksəriyyətini - təxminən 16 milyard dollarını daxili sərmayələr təşkil edib. Respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətləri kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür.
Qeyd edək ki, ölkəmizdə daxili investisiya təminatının artmasında dövlət başçısının “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” müvafiq Sərəncamına uyğun olaraq 2006-cı ildə yaradılan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) Açıq Səhmdar Cəmiyyəti böyük rol oynayır. Bununla belə, hazırda müxtəlif sahələrə yönəldilən daxili investisiyaların tərkibində dövlət investisiya xərcləri üstünlük təşkil etsə də, özəl bölmənin sərmayə imkanlarının ilbəil artması da məmnunluq doğurur. Qeyd edək ki, hazırda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə il ərzində özəl bölmənin subyektlərinə ayrılan güzəştli kreditlər sahibkarlar tərəfindən ölkə iqtisadiyyatında prioritet sahələrinin inkişaf etdirilməsinə yönəldilir.
Məqsədyönlü investisiya siyasəti sayəsində ölkənin sənaye xəritəsinə yeni müəssisələr əlavə olunub, respublikanın ixrac potensialı artıb. Son illərdə təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, çoxlu sayda obyektdə isə işlər davam etdirilir. Güzəştli kreditlərin təxminən 65 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilib. Prezident İlham Əliyev real sektora yönəldilən güzəştli kreditlərin gözəl nəticələr verdiyini vurğulayıb: “Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılmışdır. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı məsələlərinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilmişdir. Bu il də vəsait nəzərdə tutulur və biz görürük ki, bu kreditlər, doğrudan da, gözəl nəticələrə gətirib çıxarır”.
Prezident İlham Əliyev məqsədyönlü investisiya siyasətinin bundan sonra da davam etdiriləcəyini bildirib. Dövlət başçısı, həmçinin, investisiya siyasətində prioritet istiqamətləri də açıqlayıb: “O sahələr ki, ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və o sahələr ki, öz növbəsində, həm ixrac potensialımızı artıracaq, eyni zamanda, özəl sektorun fəaliyyətinə təkan verəcək, o sahələrə dövlət investisiyalar qoyur, qoymalıdır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31