Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Manat dəyərdən düşməyəcək, banklardakı əmanətləri də hər hansı bir təhlükə gözləmir

Manat dəyərdən düşməyəcək, banklardakı əmanətləri də hər hansı bir təhlükə gözləmir

20.02.2015 [00:34]

Ölkəmizdə tətbiqinə başlanan yeni məzənnə siyasəti sırf iqtisadi amillərin, qlobal maliyyə məkanında müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışlara adekvat atılan zəruri addımdır
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qərarı ilə 16 fevral 2015-ci il tarixdən etibarən ölkəmizdə manatın yeni məzənnə siyasətinin tətbiqinə start verilib. Milli valyutamızın yeni məzənnə siyasətinə keçidin cəmiyyətdə müsbət ictimai rəylə qarşılanmasına baxmayaraq, bəzi maraqlı qüvvələr Mərkəzi Bankın haqqında bəhs olunan qərarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır, bu məsələ ətrafında ucuz manipulyasiya cəhdlərində bulunurlar. Sözügedən qüvvələr özlərisayağı “təhlillər” apararaq yeni məzənnə siyasətinin mahiyyətini təhrif edir, Azərbaycan reallığı ilə daban-dabana zidd olan iddialar səsləndirirlər. Qaragüruh qüvvələr əhalinin banklardakı əmanətləri, eləcə də valyutadəyişmə məntəqələrindəki vəziyyətlə bağlı süni ajiotaj yaratmağa çalışırlar. Onlar guya, banklardakı manat hesablı əmanətləri təhlükə gözlədiyi, valyutadəyişmə məntəqələrində uzun növbələr əmələ gəldiyi və xarici valyuta qıtlığı yarandığı barədə əsası olmayan iddialar irəli sürürlər. Bəri başdan deyək ki, haqqında bəhs olunan qaragüruh qüvvələrin insanlarda çaşqınlıq yaratmaq məqsədi ilə dövriyyəyə buraxdıqları manipulyativ iddiaların heç bir əsası yoxdur. Bəs əsl həqiqətdə nə baş verir?
Azərbaycan dünyaya açıq ölkədir və qlobal məkanda müşahidə edilən proseslər respublikamızda da mütləq nəzərə alınmalıdır
Məlum olduğu kimi, Azərbaycan dünyaya açıq ölkədir. Xarici ölkələrlə qarşılıqlı-faydalı maraqlar əsasında partnyorluq münasibətlərinin genişləndirilməsi Azərbaycanın strateji hədəfləri sırasında yer alır. Həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycan dünya iqtisadiyyatının mühüm tərkib hissəsinə çevrilib. Bunu aşağıdakı rəqəmlərdən də görmək mümkündür. Son 11 ildə milli iqtisadiyyatımızın qlobal iqtisadiyyata inteqrasiyası əhəmiyyətli dərəcədə dərinləşib. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Bu, ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 11 ildə 7 dəfə artıb. 2014-cü ilin nəticələrinə əsasən, respublikamızda ixracın həcmi idxalı 2,6 dəfə üstələyib. Son illər ərzində daxili istehsalın artması hesabına ölkəmizin özünütəminat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi nəticəsində idxal təxminən 20 faizədək azalıb ki, bu da xarici ticarət balansına müsbət təsir göstərib.
Ölkəmizin qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi öz növbəsində respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınmasını zəruri edir. Mərkəzi Bankın ölkəmizdə 16 fevral 2015-ci il tarixdən etibarən tətbiqinə başlanan yeni məzənnə siyasəti də sırf iqtisadi tədbirdir və hökumət hazırda qlobal maliyyə-iqtisadi məkanında müşahidə edilən proseslərin meydana çıxartdığı yeni çağırışlara cavab olaraq daxili bazarı gözlənilən risklərdən qorumaq, yerli istehsal subyektlərinin aktivliyini təmin etmək, Azərbaycan mallarının xarici bazarlarda rəqabətqabiliyyətliliyini artırmaq və bu kimi digər sosial-iqtisadi hədəflərə nail olmaq məqsədilə bu zəruri addımı atıb. İndiyədək qlobal risklər fonunda müxtəlif iqtisadi məkanlarda milli valyutaların dəyərdən düşməsi partnyorluq əlaqələrində olduğumuz ölkələrlə respublikamız arasında disbalans yaradırdı. Yeni məzənnə siyasəti manatla digər milli valyutalar arasında getdikcə daha da artan dəyər fərqinin yaratdığı qeyri-müəyyənliyə son qoyacaq. Təsadüfi deyil ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov yerli KİV-ə müsahibəsində yeni məzənnə siyasətinin məqsədinə bir daha aydınlıq gətirərək vurğulayıb: “Bizim əsas məqsədimiz bundan ibarətdir ki, ölkədə iqtisadi artımı stimullaşdıraq, ölkə başçısının dediyi kimi, ixracatın stimullaşdırılması istiqamətində siyasət aparaq. Çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir”.
Yeni məzənnə siyasətinin mahiyyəti nədən ibarətdir?
Yeni məzənnə siyasətinin mahiyyətində manatın çevikliyini artırmaq, onun eyni zamanda iki valyutaya ekvivalentliyini təmin etmək kimi məqsədlər dayanır. Məlumdur ki, yeni məzənnə siyasətinə keçid barədə qərar qəbul olunanadək milli valyutamızın məzənnəsi yalnız ABŞ dollarına nəzərən müəyyənləşdirilirdi. Bu isə manatın dollara birbaşa bağlanması demək idi. Bu səbəbdən də qlobal miqyasda baş verən iqtisadi proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Bundan sonra isə manatın məzənnəsi həm dolların, həm də avronun müvafiq məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilən optimal dəhliz əsasında konkretləşəcək. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, 16 fevral 2015-ci il tarixindən etibarən ölkəmizdə yeni məzənnə siyasətinə keçidlə bağlı müvafiq qərara əsasən, respublikamızda məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçilib. Yeni qərarla məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda, məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “Financial Times” qəzetinə müsahibəsində yeni məzənnə siyasətinə aydınlıq gətirərək büdcə və pul-kredit siyasətinə düzəlişlər etməyin həddindən artıq vacib olduğunu bildirib: “Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik”.
Beləliklə, yeni məzənnə siyasətinə əsasən, manatın ABŞ dollarına bağlılığı azaldılıb, eyni zamanda, milli valyutamızın avroya çarpaz bağlılığına son qoyulub. Bundan sonra valyuta bazarında manatın məzənnəsində dollarla yanaşı, avronun da məzənnəsi nəzərə alınacaq. Bununla da valyuta bazarında tez-tez müşahidə edilən qeyri-müəyyənliyə son qoyulacaq.
Manat dəyərini itirməyəcək, əhalinin sosial müdafiəsi də etibarlı şəkildə qorunacaq
Yeni məzənnə siyasətinin tətbiqi təbii olaraq əhalinin sosial müdafiəsi məsələsini də aktuallaşdırıb. Elə yuxarıda haqqında bəhs olunan qüvvələr də məhz bu həssas mövzu ilə bağlı daha çox canfəşanlıq sərgiləyərək, guya, yeni məzənnə siyasətinin manatı kəskin ucuzlaşdıracağını və əhalinin sosial müdafiəsini risk altında qoyacağını iddia edirlər.
Lakin Mərkəzi Bankın rəsmiləri bu kimi iddiaların ölkəmizin reallığını əks etdirmədiyini və narahatlığa hər hansı əsas olmadığını bildirirlər. Azərbaycan güclü iqtisadi potensiala və geniş maliyyə imkanlarına malik olan ölkədir. Ölkəmizin güclü iqtisadi-maliyyə rezervləri qlobal riskləri qarşılamaq, həmçinin, manatın məzənnəsini optimal səviyyədə saxlamaq və əhalinin etibarlı sosial müdafiəsini təmin etmək üçün zəruri tədbirlər görməyə imkan verir. Elman Rüstəmov da yeni məzənnə siyasətində əhalinin maraqlarının mütləq nəzərə alınacağını bildirib. Mərkəzi Bankın rəhbərinin inflyasiya hədləri barədə söylədiyi fikir də nikbindir. E.Rüstəmovun açıqlamasından bəlli olur ki, ölkəmizdə ikirəqəmli inflyasiya gözlənilmir, inflyasiya ilə bağlı oriyentir cəmi 5-7 faiz təşkil edəcək: “Bu il də Azərbaycanda birrəqəmli, çox aşağı inflyasiya gözləyirik. Sərəncamımızda olan bütün pul-kredit vasitələrindən istifadə etməklə buna nail olmağa çalışacağıq, bu, bizim hədəfimizdir”.
Manatın kəskin devalvasiyaya uğrayacağı barədə səsləndirilən iddiaların da heç bir əsası yoxdur. Hazırda manat MDB məkanında öz stabilliyini qoruyan yeganə milli valyutadır. Bundan sonra da manatın devalvasiya edilməsi gündəmdə duran mövzu deyil və buna iqtisadi əsaslar da yoxdur. Mərkəzi Bankın sədri deyib: “Bir çox dövlətlər öz milli valyutalarını kəskin şəkildə devalvasiya etdilər. Azərbaycan dövləti devalvasiya etməyi düşünmür. Bunun üçün heç bir səbəb yoxdur. Bu, əhalinin banklardakı əmanətləri, biznesin maraqlarına zidd olardı. Və biz bu addımı atmadıq və birmənalı olaraq deyirəm ki, belə bir şey düşünülmür”.
E.Rüstəmov bu fikirlərin davamı kimi, əminliklə vurğulayıb ki, manatın zəifləməsi üçün fundamental amil yoxdur. Mərkəzi Bankın sədri bildirib ki, milli valyutanın ucuzlaşması iki halda - ölkənin ödəmə balansında defisit yarandıqda və xroniki ödəmə balansı şəraitində heç bir ehtiyatı olmadıqda baş verir: “Lakin biz deməliyik ki, bu gün Azərbaycanın ÜDM-in 70 faizinə yaxın səviyyədə, dövriyyədə olan manat həcminin isə 2,5 qatı qədər ehtiyatı var. Yuxarıda sadalanan şərtlərin heç biri Azərbaycanda yoxdur. Buna görə də, manatın zəifləməsi üçün heç bir amil yoxdur”.
Banklarda manat hesabında saxlanılan əmanətlərə görə də narahatlığa hər hansı əsas yoxdur
Son illərdə ölkəmizdə müşahidə edilən sosial-iqtisadi inkişaf dinamikası, həmçinin, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə və onların pul gəlirlərinin artmasına müsbət təsir göstərib. Eyni zamanda, ölkədəki möhkəm daxili sabitlik insanların banklara olan inamını yüksəldib. Vətəndaşlar hər hansı risklərdən çəkinmədən öz əmanətlərini dövlət və kommersiya banklarında, eləcə də digər kredit təşkilatlarında yerləşdirirlər. Mərkəzi Bankın açıqlamasından deyilir: “2014-cü ildə əhalinin əmanətləri 11 faiz artaraq 7,1 milyard manat təşkil etmişdir. Son 5 ildə isə əmanətlər orta hesabla illik 25,4 faiz artmışdır.
2014-cü ildə fiziki şəxs olan əmanətçilərin sayı 4,5 milyon nəfərə çatıb, il ərzində artım isə 17 faiz təşkil etmişdir. Son 5 ildə əmanətçilərin sayı 2,3 dəfə artmışdır”.
Qeyd edək ki, hazırda ölkəmizdə adambaşına düşən əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır, halbuki 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi. 2014-cü ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri yarım milyard manatı ötüb və bank sektoru bu istiqamətdə mühüm rol oynamağa başlayıb.
Mərkəzi Bankdan verilən məlumatda vurğulanır ki, yeni məzənnə siyasəti ilə bağlı banklardakı manat hesablı əmanətlərə hər hansı təhlükə gözlənilmir. Həmçinin, vətəndaşlar öz istəklərinə uyğun olaraq banklardakı manat əmanətlərini xarici valyuta hesabları ilə əvəzləyə bilərlər. Mərkəzi Bankın sədri vurğulayıb ki, əhalinin banklardakı əmanətlərini dollara çevirmələri normal haldır: “Azərbaycan əhalisinin banklarda 7 milyard manatdan çox əmanətləri mövcuddur. Bunun yarısı milli valyutada, yarısı isə xarici valyutadadır. Son iki ayda müşahidə edirik ki, dollarlaşma prosesi gedir. Bu, cəmisi 4 faiz artımdır. Bizim banklara göstərişimiz bundan ibarət olub ki, heç bir maneə törətmədən öz əmanətlərini xarici valyutaya keçirmək istəyən əmanətçilərinə hər bir şəraiti yaratsınlar. Bu, sadəcə olaraq, dollarlaşmadır. Hər bir vətəndaşın maneə olmadan öz pulunu dəyişməyə hüququ var. Banklar bunu edir”.
O da əlamətdar haldır ki, müəyyən qüvvələrin süni ajiotaj yaratmaq cəhdlərinə baxmayaraq, əmanətçilərin banklara olan inamı yüksək olaraq qalır. Belə ki, ölkədə əmanətlərin banklardan geri çəkilməsi tendensiyası müşahidə edilmir. Öz növbəsində Mərkəzi Bank banklarda vətəndaşların manat hesablı əmanətlərini xarici valyuta hesablarına dəyişmək istəkləri ilə bağlı müraciətlərinə lazımi qaydada baxılmasını diqqət mərkəzində saxlayır. Bunu Mərkəzi Bankın sədri də xüsusi olaraq nəzərə çatdırıb: “Bir daha Azərbaycan bank sisteminə müraciət etmək istəyirəm ki, əhalinin əmanətlərinə qarşı çox həssas olsunlar və ilk müraciətdə onların əmanətlərinin mübadiləsini təmin etsinlər. Biz bu işi ciddi izləyirik. Bu, normal haldır. Çox yaxşı haldır ki, banklardan əhalinin əmanətlərinin çıxışının şahidi olmuruq”.
Mərkəzi Bankın sədri son günlərdə valyutadəyişmə məntəqələrində ajiotaj yarandığı ilə bağlı deyilənlərə də aydınlıq gətirib. E.Rüstəmov bildirib ki, ölkədə xarici valyuta defisiti yarandığı barədə deyilənlər həqiqəti əks etdirmir: “Bu günlərdə nağd valyutaya təlabat artmışdır. Mən mübadilə məntəqələrinə demək istəyirəm ki, bizim həm nağd, həm də qeyri-nağd formada kifayət qədər valyuta ehtiyatlarımız var. Biz bankları tam təchiz edirik. Öz əllərində olan vəsaitlərini milli valyutada saxlamaq, yaxud onu konvertasiya etmək əhalinin öz seçimidir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1043 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31