Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Son 6 ayda iqtisadiyyatın 5,7 faiz artması Azərbaycanın dinamik inkişafını təsdiqləyir

Son 6 ayda iqtisadiyyatın 5,7 faiz artması Azərbaycanın dinamik inkişafını təsdiqləyir

29.07.2015 [09:49]

Prezident İlham Əliyev: Azərbaycan uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki, altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır
Son illərdə dünyanın mənzərəsi bir sıra arzuolunmaz tendensiyalarla xarakterizə olunur. Ayrı-ayrı ölkələrdə qlobal maliyyə-iqtisadi böhranın fəsadlarını hələ də aradan qaldırmaq mümkün olmayıb, tənəzzül, iqtisadi sahədə geriləmələr, öz növbəsində, investisiya layihələrinin, sosial proqramların ixtisara salınması ilə nəticələnir. Dünyadakı belə təzadlı mənzərə ilə müqayisədə Azərbaycanın bütün sahələrdə sürətli inkişaf dinamikasına nail olması, ələlxüsus da öz iqtisadi potensialını ardıcıl surətdə genişləndirməsi xüsusilə diqqətəlayiqdir. Azərbaycan qlobal risklərə qarşı dayanıqlılıq nümayiş etdirərək hazırda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında yer alır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində hazırda dünyada hökm sürən vəziyyəti bir daha göz önündə canlandıraraq belə bir şəraitdə ölkəmizin cari ilin birinci yarısında əldə etdiyi nailiyyətləri tarixi uğur kimi səciyyələndirib: “Azərbaycan uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki, altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır. Ona görə ki, bu gün biz dünyanın müxtəlif yerlərində çox xoşagəlməz prosesləri müşahidə edirik”.
Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkələr sırasında yer alır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Hətta ekspertlər bildirirlər ki, respublikamızın iqtisadi inkişaf templəri bu sürətlə davam edərsə, gələcəkdə Cənubi Qafqaz iqtisadiyyatı dedikdə məhz Azərbaycan iqtisadiyyatı başa düşüləcək. Dünya reytinq təşkilatları da ölkəmizin iqtisadi sahədə qazandığı uğurları yüksək qiymətləndirirlər. Məsələn, nüfuzlu Davos İqtisadi Forumu 2014-cü ildə Azərbaycan iqtisadiyyatını dünyada rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb ki, bu da ölkəmizin reytinqinin əhəmiyyətli dərəcədə artdığını təsdiqləyir.
Ümumi daxili məhsulun artması hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas amil qismində çıxış edir. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar verir. Son 11 ildə dünya ölkələri üzrə ÜDM-in artım dinamikasında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Belə ki, haqqında bəhs olunan dövrdə ölkəmizin iqtisadiyyatı davamlı olaraq genişlənib və öz potensialını daha da artırıb. Sevindirici haldır ki, bu cəhətdən 2015-ci ilin birinci yarısı da istisna olmayıb. Məlumdur ki, hazırda dünyadakı mənfi tendensiyaların fonunda ayrı-ayrı ölkələrdə ÜDM nəinki zəif artır, hətta bir sıra hallarda bu sahədə geriləmə müşahidə edilir. Azərbaycan isə qlobal risklərin artdığı, neftin qiymətinin aşağı düşdüyü dövrdə də ÜDM istehsalında kifayət qədər yüksək artıma nail olub. Belə ki, ilin əvvəlindən bəri iqtisadiyyatımızda 5,7 faiz artıma nail olunub. Prezident İlham Əliyev iqtisadiyyatımızın bu səviyyədə genişlənməsindən məmnunluğunu ifadə edərək, bunun ölkəmizin dinamik inkişafını sübut etdiyini vurğulayıb: “6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir”.
Ölkə iqtisadiyyatının genişlənməsi, öz növbəsində, makroiqtisadi vəziyyətə müsbət təsir göstərir. Belə ki, son illərdə respublikamızda makroiqtisadi sabitlik təmin olunub, əhalinin gəlirləri artıb, ölkədə işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə enib. Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı nitqində Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır”.
Daha yaxşı göstərici isə qeyri-neft sektorunda qeydə alınıb
Qlobal risklər, o cümlədən də, dünya birjalarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin səyləri sayəsində zamanında həyata keçirilən məqsədyönlü diversifikasiya siyasəti ilə bağlıdır. Məlumdur ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Tarixən neft istehsalı və emalı respublikamızın iqtisadiyyatında xüsusi yer tutub və ənənələr indi də qalmaqdadır. Bununla belə, həyata keçirilən islahatlar, ələlxüsus da qeyri-neft sektorunun üstün inkişafı sayəsində Azərbaycan iqtisadiyyatının çoxqütblülüyü təmin olunub. Həyata keçirilən uğurlu diversifikasiya siyasəti, neft gəlirlərinin məqsədyönlü şəkildə innovativ sənaye quruculuğuna, aqrar sektorun inkişafına yönəldilməsi, qeyri-neft sektorunun inkişafına güzəştli maliyyə təminatı göstərilməsi, zəruri infrastruktur qurulması və bu kimi tədbirlər nəticəsində son 5 ildə ölkə iqtisadiyyatının artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə yüksəlib. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaqdır. Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində neft-qaz amili ölkəmizdə çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitəyə çevrilib və hazırda bu vasitədən səmərəli şəkildə istifadə edilir. Nəticədə, Azərbaycanın qeyri-neft sektoru daha dinamik şəkildə inkişaf edir. Bundan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz”.
Respublikada güclü sahibkarlar ordusu yaranıb
Ölkəmizdə qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafının stimullaşdırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı nitqində bir daha vurğulayıb ki, sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır.
Son illərdə dövlət başçısının elan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq respublikada çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Prezident İlham Əliyev son illərdə ölkəmizdə özəl bölməyə göstərilən dövlət qayğısına diqqət çəkərək deyib: “Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb”.
Aşağıdakı statistik rəqəmlərdə respublikamızda Prezident İlham Əliyevin qayğısı sayəsində özəl bölməyə göstərilən dövlət dəstəyi öz əksini tapıb. Son 11 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfədən çox artıb. Ölkə üzrə məşğulluqda özəl sektorun payı 74 faizə çatıb, vergi daxilolmalarında isə təxminən 73 faizə yüksəlib.
Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi cari ildə də davam etdirilib. Özəl sektorun inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk 6 ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib. Son illərdə verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Son 11 il ərzində respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi yaradılıb.
Prezident İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafına qayğı siyasətinin bundan sonra da davam etdiriləcəyi ilə bağlı mühüm mesajlar verib. Dövlət başçısı vurğulayıb: “Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar”.
Əlbəttə, dövlətin davamlı qayğısının müqabilində sahibkarlar da öz məsuliyyətlərini anlamalıdırlar. Bu məsuliyyət isə, ilk növbədə, vergilərin vaxtında və tam şəkildə ödənilməsini təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev sahibkarlara çağırış edərək deyib: “Ancaq, eyni zamanda, əlbəttə ki, sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm. Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər. Mən burada heç bir tövsiyə də vermək istəmirəm. Ancaq tələblərə gəldikdə, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər”.
Azərbaycanda bütün sosial proqramlar da uğurla icra edilir
Ölkənin iqtisadi-maliyyə imkanlarının ilbəil genişlənməsi, öz növbəsində, sosial sahəyə daha artıq dərəcədə diqqət göstərilməsini şərtləndirir. Geniş sosial infrastruktur layihələrinin reallaşdırılması son illərdə Azərbaycanın mənzərəsini tamamlayan əsas cəhətlərdəndir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. Respublikanın bütün bölgələrində yüksək sürətlə və keyfiyyətlə reallaşdırılan su, kanalizasiya layihələri, yeni-yeni məktəblərin, səhiyyə ocaqlarının inşası bunun təsdiqidir. Son 11 ildə respublikanın müxtəlif bölgələrində təxminən 3 min məktəb, 500-dən artıq səhiyyə obyekti tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində ölkəmizdə bütün sosial proqramların icra edildiyini xatırladaraq bunu aparılan siyasətin əlaməti kimi səciyyələndirib: “Bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”.
Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 831 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31