Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət qayğısı bu sahədə istehsalın artmasını təmin edib

Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət qayğısı bu sahədə istehsalın artmasını təmin edib

04.08.2015 [00:55]

Prezident İlham Əliyev: Kənd təsərrüfatının inkişafı bizim üçün prioritetdir. Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq
Güclü sənaye potensialı olan Azərbaycan, eyni zamanda, kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Bütün bu və digər amillər, həmçinin, qlobal miqyasda yaranan yeni çağırışlar ölkəmizdə kənd təsərrüfatının intensiv metodlarla inkişafını mümkün və zəruri edir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinə və bu sahədə yüksək nəticələrə nail olunmasına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyev bu günlərdə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsinin prioritet olduğunu bir daha nəzərə çatdırıb. Cari ilin birinci yarısında kənd təsərrüfatında əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edən dövlət başçısı bildirib ki, bu sahədəki yüksək temp bundan sonra da saxlanılmalıdır: “...Kənd təsərrüfatının inkişafı bizim üçün prioritetdir. Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq”.
Ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafı güclü iqtisadi potensiala əsaslanır
Ölkəmizdə mövcud reallıqlar nəzərə alınmaqla kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət qayğısının bir sıra istiqamətləri formalaşdırılıb. Bunlar, ilk növbədə, aqrar sahədə yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili kimi vacib məsələləri əhatə edir. Dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Bu məqamda onu vurğulamaq lazımdır ki, son illərdə respublikamızda kənd təsərrüfatının sürətli inkişaf yoluna çıxması bütövlükdə ölkənin güclü iqtisadi potensialına və geniş maliyyə imkanlarına əsaslanır. Məlumdur ki, “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə iqtisadiyyatın diversifikasiya edilməsinə, qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasına yönəldilir. Məqsədyönlü siyasət sayəsində artıq respublikamızda iqtisadiyyatın ağırlıq mərkəzi qeyri-neft sektoruna keçib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, cari ilin əvvəlindən bəri ölkə iqtisadiyyatında artım 5,7 faiz səviyyəsində olub. Bu, özlüyündə kifayət qədər yaxşı göstəricidir. Ancaq bundan daha yaxşı göstərici 9,2 faiz olmaqla məhz qeyri-neft sektorunda qeydə alınıb. Bu baxımdan son illərdə respublikamızda kənd təsərrüfatının maliyyə təminatının gücləndirilməsi aqrar sektorda da əsaslı dönüşə səbəb olub.
Ölkədə kənd təsərrüfatının inkişafına çoxşaxəli dövlət qayğısı göstərilir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Respublikamızda aqrar sektorun inkişafına davamlı və hərtərəfli dövlət qayğısı, öz növbəsində, kənd təsərrüfatında istehsalın artmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev haqqında bəhs olunan nitqində cari ilin birinci yarısında kənd təsərrüfatında yüksək artıma nail olunmasından məmnunluğunu ifadə etməklə bərabər, vurğulayıb ki, bu, görülən işlərin nəticəsində mümkün olmuşdur.
Ərzaq məhsullarına olan tələbat 100 faiz daxili istehsal hesabına təmin olunmalıdır
Son illərdə qlobal miqyasda müşahidə olunan arzuolunmaz tendensiyalar ölkələrin qarşısına yeni çağırışlar qoyub. Belə çağırışlardan biri ölkələrin ərzaq təminatı ilə bağlıdır. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır. Təkcə bu fakt bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə ölkəmizdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı dünyada yaranan yeni çağırışlara uyğun olaraq qarşıya belə bir hədəf qoyub: Azərbaycanda ərzaq məhsullarına olan tələbat 100 faiz daxili istehsal hesabına təmin olunmalıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı nitqində ölkənin ərzaq təminatı ilə bağlı məsələni yenidən gündəmə gətirərək vurğulayıb: “Bütün lazımi tədbirlər görülüb - struktur islahatları aparılıb, müvafiq sərəncamlar imzalanıb. Biz öz potensialımızdan maksimum dərəcədə istifadə etməliyik və əhalimizi 100 faiz səviyyəsində ərzaq məhsulları ilə özümüz təmin etməliyik. Biz buna yaxınlaşırıq”.
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Respublikada kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biri də ixrac imkanlarının artırılmasıdır
Respublikamızda kənd təsərrüfatının inkişafını şərtləndirən amillər sırasında yeni ixrac imkanlarının yaradılması da mühüm yer tutur. Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Son illərdə müasir aqrar-sənaye komplekslərinin yaradılması nəticəsində respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanları daha da artıb. Paralel surətdə xarici ölkələrdə respublikamızın ixrac infrastrukturu qurulur. Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisi cari ildə başa çatdırılacaq. Gələcəkdə digər ölkələrdə də mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına müsbət təsir göstərəcək. Prezident İlham Əliyev ölkənin ixrac imkanlarının genişləndirilməsinin əhəmiyyətindən bəhs edərək deyib: “Bununla bərabər, biz ixrac bazarlarına çıxışı da əldə edirik... Əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq, artıq məhsul istehsal edə bilməyəcəyik”.
Qeyd edək ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının geniş ixrac imkanlarına malik olan ölkədir. Ölkəmizin üstünlüyü həm də ondadır ki, respublika böyük istehlak bazarları ilə əhatə olunub. Yüksək keyfiyyətli Azərbaycan məhsulları həmin bazarlarda yaxşı tanınır. Qarşıdakı mərhələdə isə yeni bazarlar fəth olunmalıdır. Əlbəttə, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə yeni ixrac imkanlarının yaradılması real zəminə əsaslanmalıdır və bunun üçün zəruri olan bütün tədbirlər görülməlidir. Prezident İlham Əliyev diqqəti ixrac bazarlarına çıxmaq üçün görüləsi zəruri işlərə yönəldərək deyib: “İxrac bazarlarına çıxmaq üçün ilk növbədə məhsul rəqabətqabiliyyətli olmalıdır. Digər tərəfdən, o bazarlarda bizim logistik imkanlarımız olmalıdır. Eyni zamanda, onu da qeyd etməliyəm, dost ölkələrlə əlaqələr yüksək səviyyədə olmalıdır”.
Yeni torpaqların dövriyyəyə cəlb olunması kənd təsərrüfatında istehsalın artmasına əlavə imkanlar yaradır
Ölkəmizdə aqrar sektorda istehsalın genişləndirilməsi üçün həyata keçirilən genişmiqyaslı tədbirlərdən biri də dövriyyəyə yeni torpaqların cəlb olunmasıdır. Ölkəmizdə bir sıra iri suvarma layihələri icra olunub. Son illərdə istifadəyə verilən Taxtakörpü su anbarının ümumi su tutumu 270 milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir. Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcəkdir. Tikintisi təxminən 700 milyon manatdan çox dövlət vəsaiti hesabına reallaşdırılan Şəmkirçay su anbarı da yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi üçün əvəzsiz layihədir. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Sözügedən su layihələrinin icrası Azərbaycanın kənd təsərrüfatında yeni torpaqların dövriyyəyə buraxılmasına, suvarılan əkin sahələrinin artmasına səbəb olacaq. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib.
Cari ildə isə Tovuzçay su anbarının tikintisi başa çatıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafı baxımından bu da çox önəmli layihədir. Yeni su anbarının istifadəyə verilməsi ilə 20 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq və 300 hektarda yeni torpaq sahələri suvarılacaqdır. Prezident İlham Əliyev ölkəmizdə yeni su layihələrini tarixi nailiyyət kimi səciyyələndirib: “Şəmkirçay, Taxtakörpü su anbarları tikilib istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətimizdir. Hazırda yeni kanalların tikintisi gedir və bu məqsədlər üçün də ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılmalıdır. Xüsusilə, Şəmkirçay dəryaçasından əkin sahələrinə gedən kanallar sürətlə tikilməlidir ki, biz bu infrastrukturdan maksimum dərəcədə istifadə edək”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 955 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31