Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir

Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir

23.09.2015 [10:17]

Bununla belə, hərtərəfli dövlət qayğısı, verilmiş güzəştlər özəl sektorun, investorların, xüsusən də iri məbləğdə kreditlər götürmüş şəxslərin vergi və bank öhdəliklərindən azad edilməsi anlamına gəlməməlidir
Hazırda dünyada müşahidə edilən arzuolunmaz tendensiyaların - bir neçə ildir ki, davam edən maliyyə-iqtisadi böhranın, birjalarda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin fonunda Azərbaycanın uğurlu inkişaf modelinin özəllikləri xüsusilə böyük maraq doğurur. Ölkəmiz hətta dünya üçün çətin illərdə də dinamik inkişaf templərini saxlamağa və iqtisadi potensialını daha da genişləndirməyə nail olub. Qlobal risklər fonunda Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılığını şərtləndirən əsas amil isə ölkəmizdə zamanında həyata keçirilən islahatlarla, məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır.
Ölkəmizdə qeyri-neft sektorunun mühüm istiqamətini təşkil edən özəl bölməyə həm maddi, həm də siyasi dəstək göstərilir
Sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda vurğuladığı kimi, sahibkarlara göstərilən dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir.
Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədlə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Müstəqil Azərbaycanda sahibkarlara dövlət dəstəyi siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Həm Ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə sahibkarlarla görüşlər keçiriblər.
Respublikamızda sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Eyni zamanda, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması üçün yeni hüquqi sənədlər qəbul edilib. Prezident İlham Əliyev Öz çıxışlarında dəfələrlə sahibkarlara dəstəyini ifadə edib, onların dövlətin himayəsində olduğunu nəzərə çatdırıb.
Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir.
Davamlı dövlət dəstəyi sayəsində özəl bölmə sürətlə inkişaf edir
Son illərdə dövlət başçısının elan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq respublikamızda çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Təxminən 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına ötən il 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti cari ildə də davam etdirilib. Bu məqsədlə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib. Ümumiyyətlə, Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlayandan bəri fondun xəttilə sahibkarlara 2 milyard manatadək yardım göstərilib və sahibkarlıq subyektlərində 130 mindən çox yeni iş yerinin yaradılması təmin edilib.
Bu məqamda onu da vurğulayaq ki, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, onların fəaliyyətinə qanunsuz müdaxilə hallarına qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın təmin olunması beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilib. Qeydiyyat prosesinin asanlaşdırılması, vergi qanunvericiliyinin sadələşdirilməsi, investisiya mühitinin sağlamlaşdırılması nəticəsində Azərbaycan Dünya Bankı Qrupu tərəfindən açıqlanmış “Doing Business 2015” reytinq hesabatında 189 ölkə arasında 8 pillə irəliləyərək 80-ci yerdə qərarlaşıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
sahibkarlar da öz məsuliyyətlərini dərk etməlidirlər
Sahibkarların məsuliyyəti məsələsi də çox önəmlidir. Açıq demək lazımdır ki, bəzi sahibkarlar öz məsuliyyətlərini heç də axıradək dərk etmirlər. Hərtərəfli dövlət qayğısı, verilmiş güzəştlər özəl sektorun, investorların, xüsusən də iri məbləğdə kreditlər götürmüş şəxslərin vergi və bank öhdəliklərindən azad edilməsi anlamına gəlməməlidir.
İstənilən bir ölkədə makroiqtisadi sabitlik yalnız əlverişli biznes mühiti, uğurlu iqtisadi islahatlarla bağlı deyil, eyni zamanda, sahibkarların, iri vergiödəyicilərinin dövlət, vergi orqanları və kredit götürdükləri qurumlar qarşısında öz qanuni öhdəliklərinə əməl etmələrindən xeyli dərəcədə asılıdır. Biz iri vergiödəyicilərinin məsuliyyətdən qaçma, vergidən yayınma cəhdlərinin bəzən kifayət qədər inkişaf etmiş bu və ya digər ölkədə belə necə ciddi maliyyə gərginliyi yaratdığının şahidi olmuşuq. Belə gərginliyin qarşısını almaq üçün ABŞ-da antiinhisar qanunvericiliyi, vergi cinayətlərinə görə cəzalar sərtləşdirilir, vergidən yayınma halları haqda məlumat verən şəxslər təşviq edilir. Rusiyada 2000-ci illərin əvvəllərində maliyyə oliqarxiyası əleyhinə sərt ölçü götürüldü. Dünyanın “ofşor cənnəti” hesab olunan İsveçrədə də bank-maliyyə sektorunu kataklizmlərdən qorumaq üçün qanunvericiliyin sərtləşdirilməsi istiqamətində addımlar atılır.
Azərbaycan da bu baxımdan istisna deyil. Dövlət kreditlər təqdim etməklə yanaşı, onların təyinatı üzrə xərclənməsinə və vaxtında geri qaytarılmasına nəzarəti də gücləndirir, eyni zamanda bank-maliyyə sektorunda yarana biləcək xoşagəlməz halların ölkənin makroiqtisadi sabitliyini təhdid etməsinə yol verməmək üçün ciddi monetar siyasət yürüdür.
İri vergiödəyiciləri dövlət, vergi orqanları və banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməlidirlər, əks təqdirdə qanunvericiliyin tələb etdiyi addımların atılması labüddür. Bu, sadəcə hüququn deyil, həm də iqtisadiyyatın tələbidir. Götürülmüş kreditlərin iqtisadi inkişafa deyil, təmtəraqlara xərclənməsinə cəmiyyətin mənfi münasibətini nəzərə alaraq atılan addımların həm də sosial sifariş olduğunu deyə bilərik.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 847 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31