Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi son 12 ildə ölkənin hərtərəfli inkişafının aparıcı qüvvəsinə çevrilib

Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi son 12 ildə ölkənin hərtərəfli inkişafının aparıcı qüvvəsinə çevrilib

10.10.2015 [11:29]

Prezident İlham Əliyev: 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir
Bu gün müstəqil Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənir. Davamlı inkişaf sayəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlib və bunun da nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal aktora çevrilməsinin isə obyektiv əsasları var.
Azərbaycanın dinamik inkişafının əsasında güclü iqtisadiyyat dayanır
Azərbaycan qısa müstəqillik tarixində təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və son 12 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. İqtisadi müstəqillik Azərbaycanın çox yaxşı perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev cari ilin mayında ölkəmizin paytaxtında keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasındakı nitqində iqtisadi müstəqilliyin inkişafımızın əsas faktoru qismində çıxış etdiyini xüsusi vurğulayaraq deyib: “Biz aydın başa düşürdük ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqilliyimiz tam həcmli olmayacaqdı. Enerji təhlükəsizliyi, iqtisadi müstəqillik və öz sərvətimizə güvənməyimiz inkişafımızın aparıcı qüvvəsi olmuşdur”.
Hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə ÜDM istehsalında dünya üzrə rekord göstəriciyə nail olduğunu xüsusi vurğulayıb: “2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir”.
Son illərdə Azərbaycanın qazandığı uğurlar beynəlxalq reytinq agentliklərinin ölkəmizlə bağlı qiymətləndirmələrində də öz əksini tapıb. Cari ilin birinci yarısında nüfuzlu “Fitch” agentliyi Azərbaycanın reytinqini “BBB” səviyyəsində qiymətləndirib. Hazırda dünyada müşahidə edilən mənfi tendensiyaların fonunda sabit reytinqə malik olmaq kifayət qədər yaxşı göstəricidir. Dünya İqtisadi Forumunun (World Economic Forum) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Beynəlxalq Valyuta Fondu (BVF, İMF) da Azərbaycan iqtisadiyyatına dair nikbin proqnozlar irəli sürüb. Təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb.
Xarici sərmayələrin cəlb edilməsi Azərbaycanın iqtisadi inkişafında mühüm amilə çevrilib
Ötən yüzilliyin sonlarında Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələrin cəlb olunması ilə milli iqtisadiyyatımızın yeni inkişaf mərhələsinə start verilib. Xəzərin Azərbaycan sektorunda zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələrin cəlb olunmasının təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilib.
“Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. Ötən dövrdə Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb, şaxələndirilmiş enerji marşrutları yaradılıb. Azərbaycanın səmərəli yeni neft strategiyası sayəsində bütövlükdə regionun enerji xəritəsində əhəmiyyətli dəyişiklik baş verib. Prezident İlham Əliyevin yuxarıda bəhs etdiyimiz sessiyadakı nitqində vurğuladığı kimi: “Bu gün enerji strategiyamıza və sadiqliyimizə əsasən, biz tarixdə ilk dəfə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə xam neft kəmərləri vasitəsilə birləşdirdik. Bu, regionun enerji xəritəsinin dəyişdirilməsində ilk addım idi”.
Möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, mükəmməl qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, əlverişli biznes mühiti bu gün də Azərbaycanın yüksək investisiya cəlbediciliyini təmin edir. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində ölkədə iqtisadi fəallıq artıb, yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Hazırda respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida emalı sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür. Cari ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,7 milyard manat sərmayə yönəldilib. Sərmayələrin strukturunda isə xaricdən ölkəmizə yönəldilən investisiyalar üstünlük təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublikamıza qoyulan xarici sərmayələrin artmasını qlobal miqyasda Azərbaycana olan yüksək inam kimi səciyyələndirərək vurğulayıb: “Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur”.
Geniş şaxələndirmə siyasəti gələcək inkişaf üçün böyük imkanlar yaradır
İqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycanın qlobal risklər şəraitində belə öz potensialını əhəmiyyətli dərəcədə genişləndirməsi və yeni uğurlara nail olması ilk növbədə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Ölkəmizdə qeyri-neft sektorunun mühüm istiqamətini təşkil edən özəl bölmə də sürətlə inkişaf edir. Təkcə son 12 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib.
Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Bunu 2015-ci ilin ilk yarısının statistik göstəriciləri bir daha təsdiqləyir. Belə ki, cari ilin 6 ayı ərzində qeyri-neft sektorunda 9,2 faiz artıma nail olunub ki, bu da ölkə üzrə ümumi iqtisadi artımdan əhəmiyyətli dərəcədə yüksək göstəricidir.
Ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Azərbaycanda son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Ölkənin dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır. Bu sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlət başçısı ölkəmizdə sosial sferanın, insanların mənafeyinin prioritet olduğunu, uğurla həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını bir daha nəzərə çatdıraraq vurğulayıb: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev fəal əhalinin məşğulluğunun təmin olunmasını, yeni iş yerləri yaradılmasının daimi prosesə çevrilməsini, eyni zamanda, ölkədə mükəmməl sosial infrastruktur yaradılmasını dövlət siyasətinin əsas prioritetləri kimi müəyyənləşdirib. Təkcə onu vurğulamaq kifayətdir ki, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkədə 1 milyon 400 mindən çox yeni iş yeri yaradılıb ki, bu da əhalinin sosial təminatında çox mühüm amil kimi çıxış edir. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu göstərici 565 dollardır. Orta aylıq pensiya 24 dollardan 221 dollara çatıb.
Ölkədə sosial məzmunlu tədbirlərin reallaşdırılması 2015-ci ilin birinci yarısında da intensiv şəkildə davam etdirilib. Belə ki, bəhs olunan dövrdə respublikada sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlət siyasətinin prioritetliyi təmin edilib və dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı bu məqsədə yönəldilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 834 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31