Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Manatın devalvasiyası qaçılmaz idi

Manatın devalvasiyası qaçılmaz idi

13.01.2016 [09:36]

Qlobal miqyasda baş verən proseslər, həmçinin, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması manatın məzənnəsinin əvvəlki qaydada sabit saxlanılmasına imkan vermirdi
Son illərdə qlobal miqyasda müşahidə edilən siyasi və iqtisadi gərginliklər fonunda Azərbaycan da özünün iqtisadi-maliyyə sabitliyini təmin etmək, ölkənin makroiqtisadi dayanıqlılığına yaranan təhdidləri neytrallaşdırmaq məqsədilə müəyyən prevantiv tədbirlər həyata keçirir. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən ölkəmizdə 2015-ci il dekabrın 21-dən etibarən üzən məzənnə rejiminin tətbiqinə başlanılması da bu qəbildən olan tədbirlərdəndir. Mərkəzi Bankın yaydığı bəyanatda yeni məzənnə siyasətinə keçidlə bağlı qərarın uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsi nəzərə alınaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə qəbul edildiyi bildirilir.
Manatın devalvasiyasının səbəbi Azərbaycandan kənarda yaranmışdır
Təəssüf doğuran haldır ki, son illərdə dünyanın ayrı-ayrı güc mərkəzləri özlərinin siyasi ambisiyalarını təmin etmək üçün əllərindəki iqtisadi rıçaqları bir-birlərinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ekspertlərin qənaətinə görə, qlobal miqyasda iqtisadi aktivlik bir sıra hallarda məhz siyasi səbəblər üzündən aşağı düşüb. Azərbaycanda da manatın ötən ilin son ongünlüyündə devalvasiyaya uğraması daxili amillərlə deyil, ilk növbədə, makroiqtisadi sabitliyə yaranan xarici təhdidlərlə bağlıdır. Başqa sözlə desək, manatın devalvasiyası qaçılmaz idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır. Məlumdur ki, respublikamız son illərdə dünya iqtisadiyyatına sıx inteqrasiya edib. Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 12 ildə 7 dəfə artıb. Bütün bunlar ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir.
Ölkəmizin qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi, öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir.
Milli valyutamızın devalvasiyasına təsir göstərən xarici amillər sırasında dünya birjalarında neftin kəskin şəkildə ucuzlaşmasının 2015-ci ildə də davam etməsi xüsusi yer tutur. Son illərdə ölkəmizdə neftdənkənar iqtisadiyyatın - aqrar sektorun, innovativ sənaye quruculuğunun inkişafı sahəsində önəmli addımlar atılsa da, Azərbaycan iqtisadiyyatında neft amili hələ də mühüm yer tutur. Ölkəmizin ixrac strukturunda neft və neft məhsulları üstünlük təşkil edir və buna müvafiq olaraq respublikamıza valyuta daxilolmaları əsasən bu sahədən formalaşır. Beləliklə, 2014-cü ilin yayından başlayaraq “qara qızıl”ın 3 dəfədən çox ucuzlaşması ölkəmizin gəlirlərinin azalması ilə nəticələnib. AMB-nin yaydığı bəyanatda vurğulanır ki, ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb. Qlobal məkanda baş verən proseslərin nəticəsi olaraq manat da ötən ilin son ongünlüyündə devalvasiyaya uğrayıb. Azərbaycanın ixracının əsasını təşkil edən neftin dünya bazarında 3 dəfədən çox ucuzlaşması milli valyutanın məzənnəsinin dəyişdirilməsini də qaçılmaz zərurətə çevirmişdi.
Qonşu ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha çox devalvasiyaya uğrayıb
Qeyd edək ki, qonşu ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha çox devalvasiyaya uğrayıb. Ümumiyyətlə, digər ölkələrdə üzən məzənnə rejiminin tətbiqinə daha əvvəl başlanılıb. Belə ki, ayrı-ayrı ölkələrdə xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları yaşanıb. Nəticədə, bir sıra milli valyutalar məcburi olaraq ciddi devalvasiyaya uğrayıb. Azərbaycanda 2015-ci ilin fevralında baş verən devalvasiyaya qədər rus rublu 80, qazax təngəsi 19, belarus rublu 17, Ukrayna qrivnası 90, türk lirəsi 8, türkmən manatı 22 faiz ucuzlaşmışdı. Ayrı-ayrı ölkələrin milli valyutalarının ABŞ dolları ilə müqayisədə ucuzlaşması prosesi ötən ildə, o cümlədən də dekabrda da davam edib. Belə ki, 2015-ci ilin son ayının ilk günlərindən etibarən bir sıra ölkələr, sözün əsl mənasında, valyuta böhranı ilə üz-üzə qalıblar. Rus rublunun yuxarıda qeyd etdiyimiz ucuzlaşmasına baxmayaraq, qonşu ölkədə dolların rəsmi məzənnəsi dekabrın əvvəlindəki 66,2 rubldan ayın ortalarına doğru 70,2 rubladək qalxıb. Xatırladaq ki, noyabrda dolların məzənnəsi 63,8 rubla bərabər olub. Milli valyutalar böhranı Qazaxıstan təngəsindən də yan ötməyib. Təngənin 2015-ci ilə qədərki ucuzlaşması dünya birjalarında bu ölkənin əsas ixrac məhsullarından olan neftin qiymətinin aşağı düşməsi fonunda daha da intensivləşib. Dekabrın ortalarında dolların təngəyə qarşı birja məzənnəsi 322,47 olub. Beləliklə, ABŞ dollarına nisbətdə təngənin məzənnəsi tarixi minimuma enib.
Dünyanın iqtisadi nəhənglərindən olan Çində də milli valyutanın - yuanın devalvasiyası baş verir. 2015-ci ilin avqustunda Çinin Milli Bankı son 20 il ərzində ən irimiqyaslı devalvasiya həyata keçirib ki, nəticədə dolların məzənnəsi 6,12 yuandan 6,23 yuanadək qalxıb. Dekabrın ilk yarısında bu ölkədə düz iki dəfə devalvasiya baş verib.
Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi sırf iqtisadi amillərlə bağlı deyil
Dünya birjalarında 2014-cü ilin yayından başlayaraq neftin kəskin şəkildə dəyər itirməsi - 3 dəfədən çox ucuzlaşması bütövlükdə qlobal iqtisadiyyat üçün şok effekti yaradıb. Arzuolunmaz tendensiya yeni ilin ilk günlərində də davam edərək beynəlxalq aləmdə iqtisadi və psixoloji gərginliyi daha da artırıb. Bəs qlobal iqtisadiyyatın əsas hərəkətverici komponentlərindən olan neftin qiymətindəki əvvəllər proqnozlaşdırılmayan şok enmələr hansı amillərlə şərtlənir?
Artıq heç kəsdə şübhə yoxdur ki, dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi sırf iqtisadi amillərlə bağlı deyil, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıb.
Əlbəttə, 2008-ci ildən etibarən qlobal iqtisadi məkanda müşahidə edilən passivlik, o cümlədən də mal və xidmətlərə istehlakın azalması səbəbindən iqtisadi aktivliyin aşağı düşməsi, öz növbəsində, neftə tələbatı da azaldıb və bu da birjalarda qiymətlərə müəyyən qədər təsir göstərir. Lakin iqtisadi aktivliyin əsas komponentlərindən biri qismində çıxış edən “qara qızıl”ın bütün proqnozların əksinə olaraq psixoloji həddi keçməklə kəskin ucuzlaşması heç bir halda yalnız qlobal iqtisadi məkanda iqtisadi aktivliyin müəyyən qədər azalması ilə izah edilə bilməz. Ən azından ona görə ki, dünya praktikasında neftə olan tələb və təklifin nizamlanması praktikası var. Ancaq son bir ildə neftin proqnozlaşdırılmayan səviyyədə ucuzlaşmasının qarşısını almaq üçün həmin praktikadan istifadə olunmur, hətta neft ixrac edən ölkələri birləşdirən OPEK də yedəkdə gedərək qlobal neft bazarını tənzimləmək məqsədilə hansısa tədbirlər görməyə tələsmir. Məlumdur ki, OPEK dünya bazarında neftlə əlaqədar yaranmış böhranı aradan qaldırmaq üçün müəyyən imkanlara və fəaliyyət mexanizminə sahibdir. Bəs təşkilat öz imkanlarından nə üçün istifadə etmir? Əksinə, OPEK-in məsələ ilə əlaqədar təşkil etdiyi əlahiddə yığıncaqlardan sonra neftin qiymətində növbəti enmə dalğasının müşahidə olunması da suallar doğurur. Belə olan halda ekspertlər dünya birjalarında neftin kəskin ucuzlaşmasının daha çox siyasi amillərlə bağlı olduğunu bildirirlər və burada həqiqət payı kifayət qədər çoxdur. Həqiqətən də, hazırda dünyanın reallığı elədir ki, qlobal iqtisadi prosesləri supergüc dövlətlərin siyasi maraqları kontekstində təhlil etmək lazım gəlir. Bu baxımdan son zamanlar neft faktorunun da siyasi manipulyasiya predmetinə çevrildiyi göz önündədir. Ekspertlər öz qənaətlərini əsaslandırmaq üçün keçmiş SSRİ-yə olan münasibəti xatırladırlar. Vaxtilə SSRİ-ni iqtisadi və siyasi böhrana sürükləmək üçün ABŞ və onun təsirində olan OPEK tərəfindən neftin qiymətləri süni şəkildə aşağı salınmışdı. Oxşar ssenari hazırda Rusiyaya qarşı yenidən tətbiq edilir.
Dünya birjalarında neftin kəskin dəyər itirməsi tendensiyasının dayanmamasına, əksinə, prosesin bir qədər də intensivləşməsinə təsir göstərən digər siyasi amillər də var. Bu amillər sırasına son vaxtlarda İran-Səudiyyə Ərəbistanı münasibətlərinin kəskinləşməsi də əlavə olunub. Əsas neft istehsalçılarından olan Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri pisləşdikcə neftin qiyməti də daha kəskin şəkildə ucuzlaşır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1119 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31