Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Son 15 il ərzində bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb

Son 15 il ərzində bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb

13.03.2018 [09:51]

“Azərsu” ASC “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir
Ölkəmizdə son 15 il ərzində həyata keçirilən siyasət bütün sahələrin inkişafına təkan verib. Məhz bu inkişafın nəticəsidir ki, Azərbaycan regionun lider dövlətinə çevrilib. Məlum olduğu kimi, əldə edilən nailiyyətlərin əsasında duran amillərdən biri də 2004-cü ildən etibarən həyata keçirilən Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarıdır. Daha dəqiq desək, bu vaxta qədər ikisinin icrasının tamamlanması və hazırda üçüncü proqramın da uğurla icra edilməsi nəticəsində həm ayrı-ayrı şəhər, rayon, kənd və qəsəbələrdə, həm də ümumilikdə ölkəmizdə tərəqqi əldə olunub.
Bu məqamda vurğulamaq yerinə düşər ki, sözügedən Dövlət proqramları çərçivəsində bölgələrdə infrastruktur layihələri də icra edilib. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da bəyan edildiyi kimi, bu infrastruktur layihələri isə həm ölkəmizin ümumi inkişafına böyük təkan verib, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib.
Heç şübhəsiz, bu sırada içməli su və kanalizasiya layihələri də özünəməxsus yer tutur. Məlumat üçün bildirək ki, əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idisə, məhz həmin layihələrin icrasından sonra hazırda bu, 67 faizə çatıb. Eyni zamanda, bu istiqamətdə işlər davamlı xarakter daşıyır. Yəni yuxarıda bəhs oluan konfransda da bəyan edildiyi kimi, bu sahəyə bu il və gələcək illərdə böyük sərmayə qoyuluşu nəzərdə tutulub. Bir sözlə, dövlətin diqqət və qayğısı nəticəsində son 15 il ərzində bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.
Qeyd etdiyimiz kimi, bu istiqamətdə işlər davamlı xarakter daşıyır və cari ilin geridə qalan ayları ərzində atılan addımlar da deyilənləri təsdiqləyir. Məsələn, “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşır. Bildirilib ki, “Azərsu” ASC regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Məlumatda qeyd edilib ki, Xaçmaz şəhərində layihənin icra vəziyyəti və görülmüş işlərin müzakirəsi ilə bağlı geniş iclas keçirilib. Tədbirdə “Azərsu” ASC-nin, Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmiləri, podrat və məsləhətçi şirkətlərin mütəxəssisləri iştirak edib.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin yaxın vaxtlarda tam başa çatdırılacağını bildirib. Sədr müavini layihənin vaxtında və keyfiyyətlə icra olunması üçün bütün qüvvələrin səfərbər olunduğunu, tikinti işlərinin başa çatdığı ərazilərdə asfaltlanma işlərinin aparıldığını diqqətə çatdırıb.
Tədbirdə vurğulanıb ki, həyata keçirilən içməli su və kanalizasiya layihəsi Xaçmaz şəhərinin sosial-iqtisadi inkişafına, əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına töhfələr verəcək.
Məlumat üçün bildirək ki, Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2012-ci ildə başlanılan layihənin birinci mərhələsində şəhərin əsas su mənbəyi sayılan Uçqun bulağı bərpa olunub, 2 kilometr magistral, 1,6 kilometr anbarlararası su xətləri çəkilib, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilib.
Layihənin növbəti mərhələsində Xaçmaz şəhərində 148 kilometr içməli su və 137 kilometr kanalizasiya şəbəkəsi inşa edilib, 10 min 688 ünvana ev birləşməsi verilib. Artıq abonentlərin 90 faizi su sayğacları ilə təmin olunub və həmin istehlakçılar yeni şəbəkə vasitəsilə fasiləsiz rejimdə içməli su ilə təmin olunurlar. Hazırda sayğacların quraşdırılması işləri ilə yanaşı, məhsuldarlığı sutkada 630 kubmetr olan su nasos stansiyasında son tamamlama işləri aparılır. Layihə çərçivəsində Xaçmaz Sukanal Sahəsi üçün yeni inzibati bina da tikilib. Hazırda binanın lazımi inventar və avadanlıqlarla təchizatı işləri aparılır. Layihə üzrə tikinti-quraşdırma işləri bu ay tam yekunlaşacaq.
Şəhərdə yaranan tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq məhsuldarlığı 70 min kubmetr olacaq təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq. Bu qurğuya Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları yönəldiləcək. Hazırda qurğunun tikintisi üzrə tender prosesi davam edir.
Layihə çərçivəsində gələcəkdə rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərinə suyun verilməsi ilə 11 min nəfərin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Xaçmaz şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1950-70-ci illərdə mərhələlərlə yaradılıb. Şəhərə içməli su Uçqun və Çaxçaxlı bulaqlarından verilib. Şəhərdə 75 kilometr içməli su şəbəkəsi mövcud olub və istismara yararsız vəziyyətə düşüb. “Azərsu” ASC şəhərin 41 min sakinindən 40 faizinə xidmət göstərib. İçməli su fasiləli rejimdə verilib. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyib. Xaçmaz şəhərində mövcud olmuş 18 kilometr kanalizasiya şəbəkəsi şəhərin kiçik hissəsini əhatə edib və istismara yararsız vəziyyətə düşüb.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq Zərdab rayonunda həyata keçirilən layihələr isə uğurla yekunlaşıb.Verilən məlumata görə, bu münasibətlə Zərdab rayonunun Salahlı kəndində açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, Zərdab rayonunda içməli su təchizatı həmişə aktual olub. Əhali suvarma arxlarının suyunu duruldaraq istifadə edib. İcra başçısı əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə son illər Zərdab rayonunda mühüm layihələrin həyata keçirildiyini söyləyib.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bir neçə il öncə Zərdab şəhərində içməli su layihəsinin yekunlaşdığını bildirib. Sədr müavini Külüllü su mənbəyinin əhəmiyyətindən danışaraq qeyd edib ki, buradan Zərdab şəhərinə çəkilmiş magistral su xətti ətraf kəndlərin içməli su probleminin həllinə töhfə verib. Artıq sakinlər keyfiyyətli içməli su ilə təmin olunublar.
Yeri gəlmişkən, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zərdab rayonunun Gəlmə, Salahlı və Dəkkəoba kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Külüllü-Zərdab magistral xətti su mənbəyi seçilib. Magistral xətdən kəndlərə çıxışlar verilərək müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 5,7 kilometr su xətləri çəkilib. Kəndlərdə əhalinin ümumi istifadəsi üçün 17 ədəd bulaq quraşdırılıb. Zərdab rayonunun 3 kəndində icra olunan layihələr 4630 nəfərin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
Sözügedən Sərəncama əsasən Göyçay rayonunda da həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə Göyçay rayonunun Bığır kəndində keçirilən açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində Göyçay rayonunda icra olunan layihələrdən danışıb.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Göyçay şəhərində içməli su və kanalizasiya layihələrinin uğurla yekunlaşdığını bildirib. Göyçay şəhər sakinlərinin fasiləsiz içməli su ilə təmin olunduğunu xatırladan sədr müavini qeyd edib ki, növbəti mərhələdə içməli su təchizatının yaxşılaşdırılması layihələri rayonun kəndlərində icra olunub. Ümumilikdə 170 kəndi əhatə edən layihələr çərçivəsində kəndlərdə su təchizatı infrastrukturları yaradılıb və bu sahədə işlər 2018-ci ildə də davam etdiriləcək.
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Göyçay rayonunun Müskürlü, Çaxırlı, Yenikənd, Kürdşaban, Məlikkənd, Mollahacılı, İnçə, Aşağı Qaraməryəm, Alxasava, Çayarxı, Qarabaqqal, Hacılıkənd, Bığır və Alpout kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə 63 kilometr su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 145 ədəd bulaq quraşdırılıb. Göyçay rayonunun 14 kəndində icra olunan layihələr ümumilikdə 40 min nəfərdən artıq sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
Dövlət başçısının “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq, həmçinin Biləsuvar rayonunun iki kəndinə içməli su xətti çəkilib. Martın 9-da bu münasibətlə Xırmandalı kəndində keçirilən tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, sözügedən layihə nəticəsində rayonun ən böyük kəndlərindən olan Xırmandalı və Bəydili kəndlərinə içməli su xətti çəkilib. Hər iki kəndə çəkilən xəttə su əsasən Şirvan-Muğan qrup su kəmərinin Biləsuvar şəhərinə daxil olan hissəsindən verilir. Kəndlərə bu məqsədlə 14,2 kilometr uzunluğunda müxtəlif diametrli borular çəkilib. Layihə çərçivəsində Xırmandalı kəndində daimi istifadə üçün 52, Bəydili kəndində isə 25 bulaq inşa edilib.
Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, növbəti illərdə rayonun digər kəndlərində yaşayan əhalinin də içməli su təchizatı yaxşılaşdırılacaq.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31