Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi bayramı kimi qeyd edilir
18.09.2009 [10:48]
Böyük sənətkarın əsərlərində elə bir ecazkar qüvvə var ki, hər kəs - musiqiyə birbaşa aidiyyəti olanlar da, olmayanlar da bu əsərlərin ruhunu anlayır, hiss edir. Bir də ki, hər bir həqiqi azərbaycanlının daxilində özünəməxsus bir musiqi səslənməsinə şübhə etməyə dəyməz. Bu təsəvvür bəlkə də xeyli dərəcədə onunla əlaqədardır ki, hamımızın sevdiyi və çox populyar olan xalq musiqisinin onlarca nümunəsi, onun qüdrətli qollarından biri olan muğamlar - “Rast”, “Şur”, “Segah”, “Bayatı Kürd”, “Qarabağ şikəstəsi” ... bizim milli ruhumuzla həmahəngdir.
Bu il Bakıda “Muğam dünyası” mövzusunda beynəlxalq elmi simpozium keçirilən günlərdə mən “Bizə ruh verən muğam” adlı bir məqalə yazmışdım. Elə simpozium günlərində mətbuatda çap edilmiş həmin məqalədə mən beynəlxalq forumun təşkilatçısı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan milli mədəniyyətinin qorunub saxlanması və inkişaf etdirilməsində misilsiz xidmətləri olan Mehriban xanım Əliyevanın simpoziumda açıqladığı fikirlərinə istinad etmişdim. ölkəmizin birinci xanımı Azərbaycanın mədəni həyatında baş verən bir sıra hadisələrlə, o cümlədən müasir musiqi ilə muğam arasında çox sıx əlaqələr olmasını, muğam sənətinin sərrafı üzeyir bəyin öz yaradıcılığı ilə ənənəvi muğam və müasir Azərbaycan musiqisi arasında özünəməxsus körpü yaratmağa müvəffəq olmasını vurğulamışdı. üzeyir bəy 1908-ci ildə “Leyli və Məcnun” operasını - müsəlman Şərqində ilk operanı yaratmaqla Azərbaycanda milli opera sənətinin və bütövlükdə peşəkar bəstəkar yaradıcılığının əsasını qoymuşdur. ötən əsrin 30-cu illərində isə Hacıbəyli Azərbaycan musiqi xəzinəsinə daha bir inci bəxş etdi. “Koroğlu” operası kimi bir şedevr yaratdı. Bu möhtəşəm səhnə əsəri milli musiqi sənətimizin klassik nümunəsinə çevrildi.
Beləliklə, Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Şəfiqə Axundova və bir sıra bəstəkarların gələcək uğurlarının təməli qoyulmuş oldu. Məsələn, Fikrət Əmirovun simfonik muğamları vaxtilə ABŞ-da görkəmli dirijor Leopold Stokovskinin rəhbərliyi ilə Boston orkestrinin ifasında səslənmişdir. Azərbaycan bəstəkarlarının sonrakı nəslinin nümayəndələri Soltan Hacıbəyov, Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Firəngiz Əlizadə və başqaları XX əsr Azərbaycan musiqisinin nailiyyətlərini daha da zənginləşdirmişlər.
üzeyir Hacıbəylinin ad günü ərəfəsində dahi sənətkarın daha bir xidmətini xatırlamaq yerinə düşər. O, Azərbaycan xalq musiqisinin əsaslarına həsr edilmiş nadir tədqiqat işini öz davamçılarına miras qoyub getmişdir. Müəllif bu əsərdə müxtəlif muğam ladları əsasında yeni musiqi əsərlərinin yaradılması mexanizmlərini şərh etmişdir. Muğama həsr edilmiş simpoziumda Mehriban xanım Əliyevanın dediyi kimi, neçə-neçə nəslin sevdiyi, dildən düşməyən çoxsaylı əsərlərin müəllifi olan bu dahi bəstəkar həm ənənəvi muğam musiqisini, həm də Avropa simfonizmini eyni dərəcədə başa düşməyə, onların gözəlliklərini duymağa imkan verən musiqi təhsili sistemi yaratmışdır.
ü.Hacıbəylinin möhtəşəm yaradıcılığı buna əyani sübutdur. Əvvəlcə onun özünün, sonralar isə şagirdlərinin və davamçılarının əsərləri bütün coğrafi hüdudları və dil maneələrini dəf edərək müxtəlif xalqlar arasında geniş yayılmış və sevilmişdir. Təkcə “Arşın mal alan” musiqili komediyasının adını çəkmək kifayətdir. Milli musiqi üslubu ilə Avropa professional musiqi bəstəçiliyi texnikasının sintezinə əyani nümunə olan bu əsər 40 dilə tərcümə edilmiş, dünyanın onlarca ölkəsinin səhnələrində tamaşaya qoyulmuşdur.
Sonralar Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri dünyanın bir sıra səhnələrində göstərilmiş, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti 30-a yaxın ölkənin tamaşaçıları tərəfindən alqışlanmışdır. Azərbaycan bəstəkarlarının əsərləri daim beynəlxalq müsabiqələrdə, musiqi simpoziumlarında, festivallarda səslənir, öz bənzərsizliyi, təravəti və yeniliyi ilə dinləyicilərin və tamaşaçıların ruhunu oxşayır. Məncə, bunun bir səbəbi də həmin əsərlərin “dilinin” dinləyicilər üçün anlaşıqlı və maraqlı, onların köklərinin doğma xalq musiqisinə bağlı olmasıdır.
Deyirlər, sənətkar öz milli mədəniyyətinə yalnız o halda xeyir verə bilər ki, o özü həmin mədəniyyətin içində, onun kontekstində yaşasın. Hörmətli Xalq yazıçımız Anara məxsus olan bu fikirlə razılaşmamaq çətindir. İstedadlı musiqiçilər ailəsində böyümüş üzeyir bəyin həyat və yaradıcılığı bunu təsdiq edir. Məlum olduğu kimi, o, xalq musiqisini kiçik yaşlarından öyrənmiş və sevmişdi, yaxşı muğam oxuyur, tar çalırdı. Bu qüdrətli istedadın mayası musiqi ilə yoğrulmuşdur.
Dəfələrlə yəqin etmişəm ki, həqiqətən yaxşı musiqi insanın qəlbinə yol tapır, xüsusi bir ovqat yaradır, hissləri oyadır, xatirələri canlandırır, müxtəlif assosiasiyalar doğurur. Musiqini dinlədikcə sanki insan yüksəklərə ucalır, ulu Tanrıya daha yaxın olur. Yaxşı musiqi bizi ruhən saflaşdırır, ucaldır. Bizə bu cür nemət bəxş edənlərə daim minnətdar olmalıyıq. özü də bu sözlər təkcə musiqini yaradanlara aid deyil. Musiqini ifa edənlərdən də çox şey asılıdır.
Bu məqamda maestro Niyazinin fitri dirijorluq sənətini xatırlamaq istərdim. Musiqi bu insanın qanına-canına hopmuşdu. Maestro özü də gözəl musiqi nümunələri bəstələyirdi. Onun Azərbaycan bəstəkarlarının əsərlərini necə coşqun ilhamla təqdim etdiyini təsvir etməyə söz tapmaq çətindir. O, üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev və digər bəstəkarların şah əsərlərini dinləyicilərə xüsusi şövqlə çatdırırdı.
Adətən, Azərbaycan musiqi sənətindən söz düşəndə mütəxəssislər onun janr rəngarəngliyini xüsusi qeyd edirlər. Bu da Hacıbəylidən başlanmışdır. Mahnı, romans, kamera-instrumental və simfonik janrın əsasını qoyanlardan biri o deyildimi?! İlk Azərbaycan kantataları, xalq çalğı alətləri orkestri üçün ilk əsərlər onun ilhamının məhsulu deyilmi?! Azərbaycan mədəniyyətinin patriarxının milli operanın və musiqili komediyanın banisi olması isə hamıya məlumdur.
Onun varisləri də eyni yol ilə getdilər. Qara Qarayev və Cövdət Hacıyevlə bərabər Arif Məlikov, Xəyyam Mirzəzadə, Musa Mirzəyev, Oqtay Zülfüqarov da instrumental pyeslər, trio və kvartetlər yazmışlar. ötən əsrin 50-60-cı illərində Soltan Hacıbəyov, Cahangir Cahangirov, Rauf Hacıyev və Vasif Adıgözəlovun skripka üçün konsertlərinin ardınca Elmira Nəzirovanın fortepiano üçün konsertləri, onun Fikrət Əmirovla birlikdə yazdığı ərəb mövzularında konsert və bir sıra başqa gözəl əsərlər yaranmışdır. Haqlı olaraq dünya şöhrəti qazanmış Tofiq Quliyev isə ən müxtəlif janrlarda saysız-hesabsız mahnılar bəstələmişdir.
ötən əsrin axırlarında coşqun inkişafının növbəti mərhələsinə qədəm qoymuş Azərbaycan musiqi mədəniyyəti müstəqillik illərində daha yüksəklərə pərvazlanmışdır. Azərbaycan musiqiçilərinin yaradıcılıq axtarışları davam edir. İncəsənət xadimlərimiz bu gün də maraqlı ideyalar irəli sürür, müasir musiqi mədəniyyətinin ən yaxşı ənənələrinə, yaşlı nəslin nümayəndələrinin, ilk növbədə böyük üzeyir Hacıbəylinin qazandığı sənət nailiyyətlərinə, milli folklordan qaynaqlanan prinsiplərə əsaslanaraq, dünyada çox populyar olan musiqi əsərlərinin yeni parlaq nümunələrini yaradırlar.
Deyirlər, sivilizasiyanın uğurları istedadlı insanların sayı ilə ölçülür. Tarixin ayrı-ayrı mərhələlərini təmsil edən, əcdadlarımız və müasirlərimizlə gələcək nəsillər arasında əlaqə yaradan məhz belə insanlardır. Yuxarıda deyilənlərin mahiyyətinə dərindən varanda, öz yaradıcılığı ilə dünya mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının görkəmli nümayəndələrini xatırlayanda, bu sözlərin həqiqət olduğu şübhə doğurmur.
Elmira ƏLİYEVA,
AzərTAc-ın müxbiri
Xəbər lenti
Hamısına baxİdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53

