Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Borrelin idarəsi” qənaət rejiminə keçir...

“Borrelin idarəsi” qənaət rejiminə keçir...

30.07.2024 [10:00]

Aİ isə Ermənistana və digər ölkələrə yardımlarını əsirgəmir

Avropa İttifaqı Şurası ittifaqa daxil olan yeddi üzv ölkədə həddindən artıq böyük büdcə kəsirinin mövcud olduğunu müəyyən edib və rəsmi araşdırmalara başlayıb. Büdcə kəsiri ağırlaşmış ölkələr arasında Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa və Slovakiya yer alır. Həmin ölkələrdə büdcə kəsiri ÜDM-in 4 faizini ötüb ki, bu da Aİ-nin büdcə-fiskal qaydalarına ziddir. Belə ki, təşkilatın vahid büdcə siyasətinə əsasən, üzv ölkələrdə maksimal büdcə kəsiri həddi ÜDM-in 3 faizini ötə bilməz. Belçika 4,4 faiz, Polşa 5,1 faiz, Fransa 5,5  faiz büdcə kəsiri olmaqla fiskal çətinliklərlə üzləşib. 

Mövcud vəziyyət Aİ ölkələrinin yerli gəlirlərinin azaldığına və maliyyə xərclərini ödəməkdə çətinliklərin meydana çıxdığına işarə edir, nəticədə ölkələr xərcləri qarşılamaq üçün büdcə kəsirini artırırlar. Artıq həmin ölkələrin, eləcə də digər Avrozona dövlətlərinin fiskal qənaətə keçməsinə səbəb olub, yerli büdcələrdə əsaslı xərclərlə yanaşı, cari xərclərin bir qismininin təxirə salınması, yaxud azaldılmasına qərar verilib. 

Qeyd edək ki, Avrozona iqtisadiyyatı 2024-cü ilin birinci yarısında cəmi 0,4 faiz artım nümayiş etdirib ki, bu da pandemiyadan sonrakı illərdə ən aşağı göstəricidir. Xüsusilə də Avrozonada iqtisadiyyatın əsas sütunu olan sənaye sektorunda istehsal həcmində əhəmiyyətli enişlər qeydə alınıb. Mart-may aylarında bu regionda illik ifadədə sənaye istehsalı 1,1 faiz azalıb. Eyni zamanda, uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş məhsulların istehsalı aylıq ifadədə Avrozonada 1,2 faiz, Aİ-də isə 1,3 faiz aşağı düşüb. Həmçinin qısamüddətli istifadə üçün nəzərdə tutulmuş istehlak məhsulların Avrozonada və Aİ-də istehsal həcmi 2,8 faiz azalıb.

İqtisadi daralmanın ilin sonuna qədər və növbəti ildə də davam edəcəyi gözlənilir. Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2024” hesabatına əsasən, Avrozona iqtisadiyyatının 2024-cu ildə 0,4 faiz, 2025-ci ildə isə 0,8 faiz artacağı gözlənilir. Hesabata əsasən, Aİ-də inflyasiyanın 2,5 faiz, Avrozonada isə 2,2 faiz olacağı proqnozlaşdırılır. Aİ-də işsizlik səviyyəsi isə 6 faiz civarında gözlənilir.

Avropa İttifaqının iqtisadiyyatında baş verənlər onu göstərir ki, bu bölgə hələ də tam iqtisadi aktivlik fazasına daxil ola bilməyib və qlobal mürəkkəb proseslər fonunda iqtisadi göstəricilərin pisləşməsi gözləniləndir. Gözləninən texnixi tənəzzülün qaynağı iqtisadi amiillərlə yanaşı, geosiyasi proseslərlə də əlaqələndirilir. Belə ki, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi gərginliyin artması, Rusiya və Ukraynada müharibə və digər faktorlar avrozona iqtisadiyyatı üçün riskin siyasi mənbəyini təşkil edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qlobal iqtisadi zəncirin pozulması, nəqliyyat-enerji-logistika təchizatlarındakı qırılmalar iqtisadi dayanıqlılığı ləngidir. Bundan başqa, Aİ zonasında alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələri fonunda kreditlərin azalması, eləcə də investisiya təşviqinin zəifləməsi səbəbindən Avrozonada iqtisadi artım gözləntiləri də azalır.

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) oktyabrın 4-də dərc olunmuş illik Ticarət və İnkişaf Hesabatında da sərt pul siyasəti fonunda Avropapa tənəzzül meyillərinin əlamətlərinin olmasına işarə edilib.

Ona görə də, Avrozonada iqtisadi inkişafla bağlı aşağı artım bir çox ölkələri büdcə gəlirlərinin azalması fonunda xərcləri qarşılamaq üçün büdcə kəsirini və borcu artırmağa vadar edir. Ancaq fiskal təhdidlərə baxmayaraq, Avropa müdafiə sənayesini gücləndirmək üçün xərcləri artırmaq niyyətindədir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib ki, ittifaq ölkələri müdafiə sənayesi və texnoloji bazasını gücləndirməyi planlaşdırır. 

Bu ssenariyə əsasən, növbəti on il ərzində hərbi sənayeyə əlavə 500 milyard avro sərmayə qoymağa hazırlaşır. Qeyd edək ki, 2022-ci ildə bütün Avropa İttifaqı ölkələrinin ümumi hərbi xərcləri 240 milyard avro, 2023-cü ildə 250 milyard avro, hərbi sənaye kompleksinə qoyulan investisiyalar isə Aİ-nin müxtəlif ölkələrində bu məbləğin 5-15 faizini təşkil edib.

Aİ-nin maliyyə siyasətində hərbi xərclərə üstünlük verməsi və büdcə portfelinin əsaslı və cari xərclərinin bir çox bəndlərinin yerinə yetirilməsində problemlərə rəğmən, bu istiqamətdə səyləri artırması niyyətləri də anlaşılan deyil. Çünki, Aİ-nin büdcə imkanlarının azaldığından NATO-nın müdafiə xərclərinin təminatında son aylarda ciddi çətinliklər müşayiət edilməkdədir. Avropa dövlətləri cari ilin əvvələrində Alyansın 2024-cü il hərbi büdcə xərclərinin 56 milyard avro artırılmasına dair razılıq əldə etsələr də, 5 aydan çoxdur ki, maliyyə təminatında axsamalalr var, NATO-nun büdcə öhdəliyi kəsirlə icra olunur və ilin sonunda  maliyyə öhdəliklərinin tam bağlanacağı da şübhə doğurur. Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun apardığı araşdırmaya əsasən, NATO-nun büdcə-xərc smetası Avrozonanın ÜDM-nin 2 faizinə bərabər olsa iqtisadi aktivlikdəki azalmalardan meydana çıxan axsamalar müdafiə xərcləri üzrə  hədəfləri tamamlamağa imkan vermir.

Gözlənilən büdcə təlatümlərini arxa plana keçirən Aİ müdafiə sənayesini irəli atmaqla qarşıdakı aylarda sərt maliyyə-büdcə siyasəti yürüdərək sosial, investisiya, əsaslı xərcləri yenə də azaltmağa və büdcə kəsirlərini artırmağa məcbur olacaq. Bu isə ümumilikdə, bu regionun maliyyə dayanıqlığını çətinləşdirə, xüsusilə də büdcədə fiskal təzyiqi artıra bilər. 

Bütün bunlara baxmayaraq, Aİ öz siyasətində geosiyasi-hərbi maraqlarını təmin etmək üçün büdcə “qayçılamalar”ından sıxdığı vəsaitləri müxtəlif münaqişə bölgələrinə ünvanlayır, eləcə də bir sıra ölkələrə yardım və ianələrini dayandırmır. Avropa ölkələrinin əsas problemlərin və sosial siyasət üzrə xərc smetalarında kəsirlərin yüksəlməsindən narahat olmayan Aİ-nin Ermənistana 10 milyon dollar yardım paketi ayırması da təəccüb doğurmaya bilməz.  

ELBRUS

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30