Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

12.04.2025 [10:17]

Deputatlar iclasda 21 məsələni  müzakirə ediblər

Aprelin 11-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 21 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova parlament nümayəndə heyətinin Özbəkistana səfərinin nəticələri haqqında məlumat verib.  O bildirib ki, səfərdə məqsəd Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransını təşkil edib, iştirak etmək və həmçinin, Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında və Assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında iştirak etmək idi.  S.Qafarovanın sözlərinə görə, hazırda Milli Məclisin sədri 5 beynəlxalq parlament təşkilatına, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyasına sədrlik edir.

Spiker deyib ki, Parlamentlərarası İttifaqın 150-ci Assambleyası isə “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmişdi.  Eləcə də Özbəkistanda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya iclası da keçirilib. S.Qafarova  Milli Məclisin nümayəndə heyətinin Özbəkistana işgüzar səfərini uğurlu hesab edib.

Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Deputat Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyev ADA Universitetinin təşkil etdiyi beynəlxalq forumda növbəti dəfə həm bölgəmiz, həm də dünyamız üçün çox mühüm mesajlar verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin verdiyi mühüm mesajlar çox idi: “Bu mesajlar olduqca açıq, cəsur, ünvanlı və hədəfli idi. Onlardan biri Yaxın Şərqlə bağlı məsələlərdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Yaxın Şərqdə əsas aktorlarından birinə çevrilib. Bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir. Bu baxımdan Türkiyə ilə İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir. Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoyaraq, uğurla inkişaf etdirdi”.

Deputat deyib ki, hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir. Burda ən önəmli məsələlərdən biri də Azərbaycanın türk dövlətləri ilə əlaqələrinə verdiyi önəmdir. Azərbaycan bu prosesin irəli aparılmasında əsas lokomotiv rollardan birini oynayır.  Azərbaycan Şimali Kiprin Türk Dövlətləri Təşkilatı çərçivəsində məşvərətçi status almasında mühüm rol oynayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə çıxışında deyib ki, Azərbaycan daim barışdırıcı mövqedən çıxış edib. Təkcə 2017-ci ildə ABŞ-Rusiya, 2020-ci ildə NATO-Rusiya yüksək səviyyəli görüşləri ilə qlobal nizama məhz paytaxtımızda nail olmuşdular.  Ölkəmizin barışdırıcı rolu ərazilərimiz işğalda olanda da qəbul edilib. Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında iqtisadi-siyasi və təhlükəsizlik bağları Bakıdan keçir. “Qarabağın xilaskarı İlham Əliyev İkinci ünya müharibəsindən sonra tam və qəti qələbən ilə başa çatan tək savaşın qalibi kimi yeni münaqişələrin qarşısını alır. Azərbaycan İslam dünyasının ən böyük, yəhudi və xristian icmalarının təhlükəsiz evidir. Torpaqlarımız fərqli millətlərin və dinlərin çiyin-çiyinə şəhidliyi ilə azad olunub.

İkinci Qarabağ müharibəsində qələbəmizdə İsrail silahları mühüm rol oynayıb. Azərbaycanlı-yəhudi diaspor təşkilatları erməni lobbisinin dağıdıcı təsirinin qarşısını alıb. Bakı ərəb dünyası ilə vasitəçi rolunda çıxış edib”.

Çari məsələlərlə bağlı çıxışlardan sonra gündəlikdəki məsələlər müzakirə edilib. Əvvəlcə bir sıra məhkəmələrə hakimlərin təyin və azad edilmələri ilə bağlı qərarlar qəbul olunub.

İclasda, həmçinin Vergi Məcəlləsində və digər 10 qanundakı dəyişiklik üçüncü oxunuşda qəbul edilib. Həmin qanunlar “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlardır.

Mülki Prosessual Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədin müzakirəsi zamanı isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, zaman-zaman parlamentdə də məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər səsləndirilib. Onun sözlərinə görə, ədliyyə orqanlarında davam edən islahatlar xüsusən də məhkəmə qərarlarının icrası ilə bağlı öz töhfəsini verməkdədir: “Bildirmək istəyirəm ki, 2024-cü ildə icraya yönələn işlərin sayı rekord həddə çatmışdı, 380 mindən çox idi. Görülmüş tədbirlər və xidmətin səmərəli həyata keçirilməsi nəticəsində 2024-cü ildə son 5 ilin ən yüksək nəticəsi əldə olunub və təxminən 260 mindən çox iş icra edilib. Buna nail olmağın əsas səbəbi də ilk növbədə elektron və mütərəqqi üsullardan istifadə olunmasıdır”.

Komitə sədri xatırladıb ki, hazırda elektron icra portalı fəaliyyət göstərir: “Eyni zamanda, elektron hərrac portalı da artıq istifadəyə verilib. Əgər əvvəllər borclu tərəflər arasında narazılıq qalırdısa, indi elektron hərrac imkan verir ki, borclu və tələbkar razı qalsın. Qanun layihəsi də eyni zamanda elektron məhkəmə, elektron notariat, elektron icra sistemlərinin vahid məkanda fəaliyyət göstərməsini təmin edən vacib bir müddəadır. Eyni zamanda, borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı dərinləşdirici amillərdir. Bu çox vacibdir. Əgər biz məhkəmə qərarlarının icra olunmasını və statistikanın daha müsbət olmasının tərəfdarıyıqsa, onda borclu öz borcunu ödəmədən ölkəni tərk edə bilməməlidir. Bu, bir çox ölkələrdə mövcud olan müddəadır. Bizim qanunvericilikdə də bu var idi, amma indi daha da dərinləşdirilir”.

Müzakirələrdən sonra dəyişikliklər qəbul edilib.

İclasda, həmçinin “Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının hüquqi statusunun daha ətraflı tənzimlənməsi, həmçinin bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun qüvvədə olan 28.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Bununla əlaqədar olaraq layihədə müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normaların kursantlara münasibətdə də tətbiqi və bir sıra maddələrdə “əsgər” ifadəsindən sonra “kursant” ifadəsinin əlavə edilməsi təklif olunur. Müzakirələrdən sonra sənəd qəbul olunub.

Qeyd edək ki, millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30