Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

07.05.2016 [09:32]

İclasda 16 qanun layihəsi müzakirə olunaraq qəbul edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda ümumilikdə 16 məsələ müzakirəyə çıxarılıb. Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər barədə məlumat verib.
“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” birinci məsələ barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ə.Hüseynli bildirib ki, Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclis qərara alır ki, 2016-cı il aprelin 25-də səlahiyyət müddəti bitən hakimlər Qürbət Əsgərov, Vəfaddin İbayev və Zakir Quliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər. Təyinat Milli Məclis tərəfindən qəbul olunarsa, sözügedən hakimlərin səlahiyyət müddətləri ömürlük olacaq. Məsələ səsə qoyularaq təsdiq edildi. İclasda Rəşadət Əhəd oğlu Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında növbəti məsələ də təsdiqlənib.
Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Nağçıvanlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqda məlumat verib. O bildirib ki, Türkiyə Azərbaycanla strateji tərəfdaş, eyni zamanda, qardaş ölkə olduğundan bu sazişin təsdiq edilməsi vacibdir.
Məsələ ilə bağlı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Saziş çox vacib sənəddir. Onun fikrincə, bu saziş nəticəsində Azərbaycanda çalışan Türkiyə diplomatlarının, eləcə də Türkiyədə çalışan Azərbaycan diplomatlarının ailə üzvlərinin işləməsi üçün şərait yaradılır. Bu da çox əhəmiyyətli məsələdir.
S.Novruzov bildirib ki, iki ölkə arasında tətbiq olunan viza sistemində də dəyişiklik edilməlidir. Onun sözlərinə görə, viza sisteminin müddəti uzadılmalı və ya ləğv olunmalıdır. “Son hadisələr bir daha təsdiqlədi ki, Azərbaycana ən böyük dəstəyi, qardaş yardımını Türkiyə göstərir. Bu dövlət öz dəstəyini bundan sonra da göstərəcəyini bəyan edib. Bununla da Ümummilli lider Heydər Əliyevin söylədiyi “bir millət, iki dövlət” şüarını Türkiyə bir daha təsdiq etmiş oldu”, - deyən S.Novruzov qeyd edib ki, xüsusilə Naxçıvan Muxtar Respublikasına viza sisteminin tətbiqində dəyişiklik edilməlidir.
“Bilirsiniz ki, Naxçıvan blokada şəraitindədir və oradan Türkiyəyə gedib işləmək istəyənlər çətin vəziyyətdə qalırlar. Çünki Naxçıvandan Türkiyəyə işləməyə gedənlər hər 3 aydan bir sərhədi keçmək məcburiyyətindədirlər. Bu da onların orada işləyib qazandıqları pulun yola sərf edilməsinə səbəb olur. Hesab edirəm ki, bu məsələni bütövlükdə deyil, mərhələlərlə həll etmək mümkündür. Ayrı-ayrı dövlətlərdə də bu cür təcrübələr var. Gürcüstan Türkiyə ilə viza sistemini ləğv edib. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvanda viza sistemi ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Bu gün Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və ya Azərbaycan vətəndaşları da Türkiyədə iş qurublar. Onların fəaliyyətinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq, iki dövlət arasında viza sisteminin tətbiqi qaydalarına yenidən baxılmalıdır”, - deyə S.Novruzov vurğulayıb.
Spiker Oqtay Əsədov isə bu məsələ üzərində iş getdiyini bildirib. Müzakirələrdən sonra sənəd təsdiq edilib.
İclasda həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Saziş də təsdiq edilib. Sonra komitə sədri Əli Hüseynli “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsindən danışıb. Onun sözlərinə görə, hər bir razılığa gələn tərəfin dövlətinin etibarlı xidməti pasportlara malik olan vətəndaşları digər razılığa gələn tərəfin dövlətinin ərazisinə istənilən 180 gün ərzində 90 gündən artıq olmayan müddətə vizasız daxil ola, tranzit keçə və ya qala bilərlər. Saziş Milli Məclis tərəfindən təsdiqlənib. Daha sonra Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi qəbul olunub.
“Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi məsələsi haqqında isə komitə sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, qanunun 12-ci maddəsi - “Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər” - yeni redaksiyada təqdim olunur. Bu dəyişiklik də Qaradağ Sənaye Parkının yaradılması haqqında Prezident Sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Bildirilib ki, “Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də eyni məqsədlə dəyişiklik edilib. Hər bir qanun layihəsi ayrılıqda səsə qoyularaq qəbul edilib.
Z.Səmədzadə iclasın gündəliyində olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında iki qanun layihəsini də təqdim edib. O bildirib ki, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə vergi ödəməkdən azad edilir. Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutan digər qanun layihəsinə əsasən isə, bu məcəllənin 206.1.1 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Komitə sədri deyib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərəcək.
Məsələ ilə bağlı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov Vergi Məcəlləsinə edilən dəyişikliklərin böyük əksəriyyətinin müsbət olduğunu bildirib. Bununla belə, o, torpaq vergisi ilə bağlı nəzərdə tutulan dəyişikliyə fərqli yanaşıb. Millət vəkili bildirib ki, MDB məkanında torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib: “Həmin torpaqlardan istifadə vətəndaşların özlərinə həvalə olunub. Ancaq bəzi insanlar tənbəllik edib kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Digər bir qisim isə iş görür, amma əkib-becərdiyi məhsulu bazara çıxara bilmir. Burada obyektiv və subyektiv səbəblər var”.
Onun fikrincə, məsələlərə kompleks yanaşmaq lazımdır: “Kəndlilər torpaq vergisindən azaddır, amma kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin vergisi çoxdur. Elə şəxslər var ki, emal müəssisəsi yaradıb, amma qapısına açar vurub gözləyir ki, nə vaxt vergi dərəcələri aşağı düşəcək. Bu məsələlər araşdırılmalıdır. Ölkə başçısı göstəriş verib ki, istifadə olunmayan torpaqlar istifadə olunmalıdır. Bu sənəddə torpaqların istifadə olunmadığına görə cərimə nəzərdə tutulur. Axı məhsul əkən əkinçi məhsulunu bazara çıxarda bilmir. Məsələn, keçmiş SSRİ dövründə müəyyən emal və tədarük müəssisələri var idi ki, kəndli məhsulunu ora təqdim edirdi. Bu gün o müəssisələr yoxdur. Gərək biz kəndliyə əkdiyi məhsulu bazara çıxartmaq üçün yol göstərək, sonra ondan nəyisə tələb edək”.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə çap mediası üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif edib. O bildirib ki, ƏDV-nin ləğvi indiki şəraitdə çap mediası üçün çox önəmlidir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu qəzet kağızının və çap üçün lazım olan digər texniki vasitələrin ƏDV-dən azad olunması ilə bağlı təklif səsləndirib. Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev mətbuatımıza xüsusi diqqət və qayğı göstərir: “Buna nümunə olaraq Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərmək olar və çap mediası bu fond vasitəsilə ciddi maliyyə dəstəyi alır. Bununla yanaşı, bir məsələyə toxunmaq istəyirəm ki, ötən ilin dekabrında manatın devalvasiyasından sonra çap mediasının vəziyyəti bir qədər çətinləşdi. Kağızın idxalında ƏDV-nin yenidən tətbiq olunması məsələni bir qədər də mürəkkəbləşdirdi. Nəzərə alsaq ki, çap mediası təkcə informasiya mübadiləsi, informasiya siyasətini həyata keçirən vasitə deyil, eyni zamanda, bugün informasiyanın strateji əhəmiyyət daşıdığı bir mərhələdə həm də peşəkar jurnalistləri yetişdirən məktəbdir. O zaman çap mediasının nə qədər əhəmiyyətli olduğunu bir daha görmüş olarıq .Yəni biz bu gün qlobal informasiya məkanına, transmilli mediaya Azərbaycanı təmsil edə biləcək peşəkar jurnalistlər çıxarmaq istəyirik. Bu prosesdə çap mediası təcrübi məktəb rolunu oynayır. Lakin maddi imkanlar məhdud olanda bunu etmək mümkün olmur. Çünki, peşəkar jurnalistlər yetişdirmək üçün həm də müəyyən maddi təminata ehtiyac duyulur. Ona görə də çap mediasının vəziyyətini yaxşılaşdırmağa ehtiyac var. Təklif edirəm ki, qanun layihəsinə qəzet kağızının və çap üçün lazım olan digər texniki vasitələrin ƏDV-dən azad olunması ilə bağlı əlavə edilsin”.
Qanun layihələri barədə həmçinin deputatlardan Elmira Axundova, Vahid Əhmədov, Cavid Qurbanov, Eldar Quliyev, Çingiz Qənizadə, Xanhüseyn Kazımlı və İlham Əliyev öz fikir və təkliflərini səsləndiriblər. Z.Səmədzadə onların sual və təkliflərini cavablandırdıqdan sonra qanun layihələri ayrılıqda səsə qoyularaq qəbul olunub.
İclasda “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirəyə çıxarılıb. Komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, hər iki qanuna təklif edilən dəyişikliklər Mülki Məcəllənin “Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası” adlanan 49.1-ci maddəsinin müddəalarına uyğunlaşdırma məqsədi daşıyır.
Sonra Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər mülkiyyət əleyhinə olan cinayətlər, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə törədilən əməllərin dekriminallaşdırılması, bu əməllərə görə onu törədən şəxslərin məsuliyyətini yüngülləşdirmək məqsədi ilə edilir. Bu məqsədlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə də müəyyən dəyişikliklərin edilməsi təklif olunur. Qanun layihələri ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonda isə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Z.Səmədzadə bildirib ki, geniş müzakirələrdən sonra qanun layihəsinin dili xeyli asanlaşdırılıb, qeyri-müəyyən olan ifadələr buradan çıxarılıb. Bəzi maddələr daha anlaşıqlı olsun deyə, ayrıca redaksiyada verilib. Qeyd edilib ki, bu sənəd Azərbaycanda iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılan və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyəcək. Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 714 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31