Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya Cənubi Qafqazda yeni geostrateji statusa doğru

Rusiya Cənubi Qafqazda yeni geostrateji statusa doğru

27.10.2009 [09:12]

Kreml subregionda təsirini ənənəvi Şimal yolu ilə deyil, Qərbdən Türkiyə yolu vasitəsilə artırmaqdadır
Son zamanlar bölgədə və ümumən dünyada baş verən proseslər Cənubi Qafqaz regionunda da hadisələrin axarına əhəmiyyətli dərəcədə təsir edib. Hətta bir sıra siyasi analiz mərkəzləri Cənubi Qafqazda yeni bir epoxanın başlandığını düşünür. Xüsusilə, ötən ilin avqust ayından başlayan və bir müddət öncə Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması ilə yeni mərhələyə qədəm qoyan bu dövrün “baş qəhrəmanı” isə şübhəsiz ki, Rusiyadır. SSRİ-nin dağılmasından sonra əldən çıxan Cənubi Qafqaz regionunda söz sahibi olmaq üçün Kremlin 18 illik mübarizəsi deyəsən, artıq bəhrəsini verməyə başlayır. Maraqlıdır ki, Rusiya buna ənənəvi metod və marşrutlar vasitəsilə deyil, yeni imperiya siyasəti ilə nail olmaq ərəfəsindədir. Belə ki, həmişə Qərb dövlətlərinin tətbiq etdiyi üsuldan bu dəfə Rusiya yararlanır. Qərbin xüsusən də, ABŞ-ın bir bölgəni nəzarətə almaq üçün ora ən yaxın və ən güclü müttəfiq dövlətin potensialından yararlanmaq planını müvəffəqiyyətlə tətbiq edən Moskva, Cənubi Qafqaz regionunu Şimaldan deyil, Qərbdən fəth edir...
Avqust olayları Qərbi Cənubi Qafqazdan uzaqlaşdırdı
2008-ci ilin avqust ayı həm Cənubi Qafqaz regionu ölkələri, həm də bu bölgədə maraqları olan nəhəng güc mərkəzləri üçün əsl sınaq və seçim dövrü oldu. Rusiyanın Gürcüstanın tarixi və hüquqi subyektləri olan Abxaziya və Cənubi Osetiyanı işğal etməsindən sonra illərdir, sadəcə, siyasi kluarlarda müzakirə olunan həqiqətlər gün işığına çıxdı.
Təbii ki, müharibəyə başlayarkən Gürcüstanın və onun prezidenti Mixail Saakaşvilinin niyyəti kifayət qədər açıq-aydın idi. Rəsmi Tbilisi kənar müdaxilələrdən sonra itirmək təhlükəsi ilə üzləşdiyi ərazi bütövlüyünü yenidən bərpa etmək istəyirdi. üstəlik, o da qeyd olunmalıdır ki, Gürcüstan bunun üçün istənilən mübarizə metodu haqqına da sahib idi. Bu, beynəlxalq hüquqi sənədlərdə də, böyük güc mərkəzlərinin qəbul etdiyi aktlarda da təsbit olunmuş hüquq idi. Rəsmi Tbilisi də bu hüququndan faydalanaraq Cənubi Osetiyanı yenidən özünə tabe etmək istəyirdi. Amma alınmadı. çünki Gürcüstan iqtidarı nə geosiyasi mənzərəni, nə də qarşısına çıxa biləcək əngəllərin miqyasını düzgün dəyərləndirmişdi. Digər tərəfdən, Gürcüstanı bu müharibəyə təhrik edənlərin də planları baş tutmadı. Rusiyanı ifşa etmək və əvəzinə özlərinin regional dayaqlarını möhkəmləndirmək istəyən Qərb dairələrinin Rusiya faktorunu nəzərə almaması, ya da daha dəqiq desək, potensialını düzgün dəyərləndirməməsi Qərbin arzu və istəklərini də gözündə qoydu. Onlar nə sanksiya hədələri, nə də Kremldə danışıqlar aparan Fransa prezidenti Nikola Sarkozinin diplomatik bacarığı ilə Moskvanı yola gətirə bildi. Əksinə, avqust hadisələrindən sonra Qərb Rusiyanın əks-hücumları qarşısında çıxılmaz vəziyyətə düşdü və güzəştlər alan deyil, güzəştlərə gedən tərəf oldu. Abxaziyanı və Cənubi Osetiyanı işğal edən Rusiya Gürcüstan ərazisindən keçən Xəzərin enerji ehtiyatlarının daşındığı əsas ixrac kəmərlərini də nəzarətə götürdü. Həmin marşrutlar üzrə, sadəcə, bir neçə saatlıq enerji ixracının dayanması isə milyardlarla dollar ziyan demək idi. Odur ki, Qərb tez bir zamanda üslub və tərzində yumşalmalara getdi, bir müddət sonra Gürcüstanda baş verənlərə daha loyal münasibət bildirməyə başladı. Sonrakı dövrlərdə isə Rəsmi Tbilisinin çırpınışlarına baxmayaraq, nə işğal faktına qarşı çıxan tapıldı, nə də Moskva bu siyasətindən geri çəkildi. NATO, hətta Gürcüstanı üzvlüyə qəbul edəcək qədər cəsarətli ola bilmədi. Bu da Qərblə Gürcüstan arasına soyuqluq toxumu səpdi. Beləliklə də, Gürcüstan getdikcə, Rusiyanın ağuşuna yuvarlandı, Qərb isə ABŞ başda olmaqla, bu mənzərə ilə barışmalı oldu...
Ermənistanı Rusiyaya bağlayan düyünlər artır
SSRİ qayda-qanunlarına “dönük çıxan” Gürcüstanı cəzalandıran Moskva bu qaydaların ən sadiq “qulu” Ermənistanla münasibətləri daha da inkişaf etdirərək bu ölkədə iqtisadi, siyasi, hətta hərbi sistemi tamamilə nəzarətinə alıb. Artıq Ermənistanın Rusiyanın forpostu olduğu və müstəqil siyasət aparmadığı hamıya bəllidir. İşğalçı dövlətin bütün iqtisadiyyatı rusiyalı oliqarxların, dövlətin siyasi kursu, atdığı bütün addımlar Kremlin nəzarəti altındadır. Ermənistanın hərbi sistemi tamamilə rus dekorasiyaları ilə bəzədilib və hərbi sənayesinin inkişafı Moskvanın insafına və əliaçıqlığına qalıb.
Son zamanlar baş verənlər fonunda, daha konkret desək, İrəvanla Ankara arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqların erməni diasporunun hiddətinə tuş gəlməsindən sonra Ermənistan dövləti üçün yeganə ümid yeri şimal qonşumuzdur. Artıq diaspor ölkəsinə maliyyə yardımını dayandıracağını bəyan edir və Sarkisyan hakimiyyəti Rusiyadan yardım ala bilməzsə, dövləti süqutdan qurtara bilməyəcək. Ona görə də, Kremlə hər zamankından daha çox ehtiyac duyulur. İndi Rusiyanın “yox” dediyi heç bir məsələyə Ermənistanda “hə” deyən tapılmaz.
Türkiyə - Ermənistan protokollarını imzalatdıran güc - Qərb, yoxsa Kreml?
İsveçrədə Türkiyə ilə Ermənistan arasında protokollar imzalanan zaman yaşananlar hələ də unudulmayıb. Mərasimdə ABŞ dövlət katibi Hillari Klinton, Fransanın xarici işlər naziri Bernar Kuşner, Avropa İttifaqı rəhbərliyi ilə yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da var idi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın etiraz edib imzalanma mərasimindən imtina etməsinin səbəblərini uzun - uzadı təhlil etməyə də lüzum yoxdur. Sadəcə, iki məqamı diqqətə çatdırsaq, əslində nə demək istədiyimiz açıq-aşkar görünəcək. Nalbandyan mərasimi yarımçıq tərk etdikdən sonra Hillari Klinton təxminən bir saatdan artıq erməni nazirlə telefonla danışıb. Eynilə, digər rəsmi şəxslərin də Nalbandyanı dilə tutmaq istəyi bəhrə verməyib. Bütün bunlardan sonra Sergey Lavrovun, sadəcə, bir kağıza “imzala və çıx get” yazıb göndərməsi Nalbandyanı sənədi imzalamağa məcbur qoyub. Bu mövzunun Abdullah Gülün və Rəcəb Tayyib Ərdoğanın Mosvkaya səfərindən sonra rəsmi şəkildə gündəmə gətirilməsi isə üzərində durulmalı olan başqa detaldır. Bu məqamların masa üzərində durduğu bir vaxtda sərhədlərin açılmasında Qərbin rolu nədən ibarətdir? Yaxud daha dəqiq desək, tərəflərə protokolları imzalatdıran güc doğrudanmı təkcə Qərbdir? Təbii ki, bunu yalnız sadəlövhlər düşünə bilərlər.
Rusiyanın strateji maraqları və əldə etdiyi dividentlər
Təbii ki, Rusiya nə erməni diasporuna söz verdiyi üçün, nə də İrəvanın inkişaf potensialından yararlanmaq üçün belə bir addım atır. Rusiyanın Ermənistan-Türkiyə yaxınlaşmasından öz gözlədikləri var. Türkiyə-Ermənistan yaxınlaşması Rusiyanın strateji maraqlarını təmin edir. Əvvəla, bu yaxınlaşmadan sonra Qərbin çox böyük ümidlər bəslədiyi NABUCCO layihəsi faktiki olaraq iflasa uğrayır. Rusiyanın prioritet hesab etdiyi “Mavi axın-2” layihəsi isə demək olar ki, həyata vəsiqə alır. İkincisi, bu protokolların imzalanmasından sonra ölkəmizlə Türkiyə arasında yaranmış soyuqluq Xəzərin Azərbaycan hissəsindən nəql olunan enerji ehtiyatlarının Rusiya marşrutuna yönləndirilməsi ehtimalını artırır. Türkiyə ilə Qərb arasında müşahidə olunan soyuqluq Türkiyəni də biixtiyar Rusiyaya meyillənməyə vadar edir və Rusiya Türkiyəni də Qərbin əlindən almağa çalışır. Ən əsası, Rusiya böyük bir ərazidə öz iqtisadi imperiyasını qurur. Yəni, artıq Moskva hərbi imperiya dövrünü nöqtələyir və iqtisadi imperiya dövrünə qədəm qoyur.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 968 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31