Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına imkan verib

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına imkan verib

02.11.2018 [09:39]

Dünya Bankı tərəfindən yayımlanan hesabatda Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub
Xəbər verildiyi kimi, bu günlərdə Dünya Bankının “Doing Business 2019” hesabatı təqdim olunub. Hesabatda ölkəmizdə davamlı olaraq həyata keçirilən islahatlar yüksək dəyərləndirilib. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hesabata əsasən, respublikamız dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında lider mövqeyə yüksəlib.
Aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb
Azərbaycan qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınmaqla ölkənin güclü potensialına uyğun məqsədyönlü siyasət həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.
Ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması, sahibkarlara dəstək tədbirlərinin gücləndirilməsinin önəmini xüsusi qeyd etmək lazımdır.
Məlum olduğu kimi, yeni şəraitdə ölkədə aparılan islahatlar çərçivəsində sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb. Yeni şəraitdə sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. 2018-ci ilin sonunadək geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək.
Ardıcıl şəkildə həyata keçirilən bu kimi tədbirlər sayəsində dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Artıq respublikamızda güclü sahibkarlar ordusu formalaşıb. Belə ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Ölkə miqyasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayının artması da məmnunluq doğurur. Respublikamızda son 15 ildə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 5,1 dəfə artıb və 2018-ci il iyulun 1-i vəziyyətinə onların sayı 815 minə yaxınlaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib. Nəticədə, 2017-ci il və 2018-ci ilin ilk 4 ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ-hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib və qeydə alınması üçün “Doing Business” komandasına təqdim olunub. Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.
Azərbaycan “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyişə nail olub
Sevindirici haldır ki, respublikamızın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, ölkədə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə də etiraf olunur. Son vaxtlarda Davos İqtisadi Forumunun, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər nüfuzlu beynəlxalq qurumların hesabatlarında respublikamızın müsbət reallıqları, respublikamızda uğurla reallaşdırılan yeni nəsil iqtisadi islahatlar və inkişaf perspektivləri ilə bağlı müsbət dəyərləndirmələr öz əksini tapıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib.
Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.
Bəhs olunan hesabatda deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib” (“DOING BUSINESS 2019” - Training for Reform”, World Bank Group, page 13.)
Beynəlxalq səviyyədə etiraf olunan uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu təsdiqləyir
Dünya Bankının “Doing Business 2019” hesabatında yüksək dəyərləndirilən uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Vurğulamaq yerinə düşər ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. “Doing Business” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda (“Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s.) baza rolunu oynayır. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin əsas indikatorlar üzrə yaxşılaşmasını mütəxəssislər də yüksək dəyərləndirirlər.
Məsələn, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Şıxəliyev deyib ki, bu, çox böyük uğurdur, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar, xüsusilə qeyd edilən sahələr üzrə aparılan təkmilləşmə tədbirləri nəticəsində nail olunmuş növbəti nailiyyətlərdən biridir. “Sözsüz ki, bu uğurların həyata keçirilməsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrimizin də rolu var və bu sahədə Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasını xüsusi qeyd etmək lazımdır”, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.
Dünya Bankının yeni hesabatı ilə bağlı fikirlərini ifadə edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı əldə olunmuş nəticəni Azərbaycan üçün tarixi rekord kimi dəyərləndirib. O bildirib ki, Azərbaycan dünyanın top islahatçı ölkəsi statusunda qiymətləndirilib. “Doing Business” islahatı səviyyəsinə görə Azərbaycan MDB məkanında birinci ölkədir. Bu islahatlar dövlətimizin başçısının siyasi iradəsi ilə aparılıb. Azərbaycan MDB məkanında ən sürətlə irəliləyən ölkədir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31