"Sizin ayağınıza dəyən daş, bizim ürəyimizi qanadar"
03.11.2009 [09:05]
ötən həftə Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti Bakıya səfər etdi. Səfərdə əsas məqsəd Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasından sonra yaranmış durumu dəyərləndirmək, Ankaranın mövqeyini Bakıya çatdırmaq idi. Nümayəndə heyətinin tərkibində olan TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Mustafa Kabakçını redaksiyamıza dəvət etdik. Türkiyəli qonağın redaksiya kollektivi ilə baş tutan görüşü zamanı səslənən fikirləri oxucularımıza təqdim edirik.
nəyimiz varsa qardaşcasına, sevərək Türkiyə ilə bölüşdük
Görüşü giriş sözü ilə açan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Türkiyə-Azərbaycan qardaşlığının tarixin ən ağır sınaqlarından çıxdığını dedi. Onun sözlərinə görə, Azərbaycan xalqı heç zaman 1918-ci ildə Bakının bolşevik-daşnak birləşmələrinin işğalından azad edilməsi zamanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun qəhrəmanlığını unutmayıb: “Biz Bakının işğaldan azad olunması üçün gedən döyüşlərdə şəhid olmuş türk əsgərlərinin xatirəsini hər zaman uca tutmuşuq. Biz harada bir türk əsgəri dəfn olunubsa, harada bir türk əsgərinin məzarı varsa, sovetlər zamanında-70 il ərzində onu hafizəmizdə yaşadıb, müstəqilliyimizi əldə edər-etməz dərhal həmin məzarın üzərində Türkiyə və Azərbaycan bayrağını dalğalandıran toplumuq. Eyni zamanda, Azərbaycanda hər kəsin belə bir düşüncəsi var. 1991-ci ildən bu yana nəyimiz varsa qardaşcasına, sevərək Türkiyə ilə bölüşdük. İlk illərdə iqtisadiyyatımız bərbad durumda idi. Lakin intellektimiz vardı. Məhz həmin illərdə Azərbaycandan Türkiyəyə intellektual axını oldu. Sonra 1994-cü ildə biz neftimizlə bağlı beynəlxalq müqavilə imzalayarkən yenə də Türkiyənin burada olmasını istədik və neftin dünya bazarına çıxarılması üçün Türkiyəyə üstünlük verdik. Bilirsiniz ki, həmin vaxt bizə güclü təzyiq vardı ki, neft kəməri Rusiyadan keçsin. Lakin bu təzyiqlərə rəğmən Ulu öndərimiz Heydər Əliyev bu işi gözəl bir şəkildə həll etməyi bacardı və böyük bir uğur əldə etdi. Əfsanə adlandırılan “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəməri reallaşdırıldı. Bundan sonra təbii qazımızı da Türkiyə vasitəsilə dünyaya ixrac etməyə qərar verdik. Eyni zamanda, cənab Prezidentimiz İlham Əliyevin təklifinə əsasən “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin reallaşdırılmasına başlandı. Yəni, nəyimiz varsa Türkiyə ilə bölüşdük. Türkiyəni çox sevdik, sevirik və sevəcəyik”.
Hikmət Babaoğlu, eyni zamanda, son vaxtlar iki ölkə arasında cərəyan edən proseslərə də toxundu. Baş redaktor qeyd etdi ki, bəzən əlaqələr arzuolunmaz duruma gələndə insanlarda bir narahatlıq hiss edilməyə başlayır. Bu narahatlıq da səbəbsiz deyildi: “Dağlıq Qarabağ münaqişəsini sizə anlatmağa ehtiyac yoxdur. çünki siz bu problem barədə hər şeyi bilirsiniz. Biz münaqişənin ədalətli şəkildə, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün məhz bu günü gözlədik ki, Ermənistan iqtisadi cəhətdən çökəcək və bu zaman işğalçılıq siyasətindən əl çəkmək zorunda qalacaq. Bu zaman isə biz həmin problemi həll edəcəyik. Bu anın yetişdiyi bir ərəfədə isə birdən-birə Türkiyə ilə Ermənistan arasında əməkdaşlıq protokollarının imzalanması, sərhədlərin açılması məsələsi ortaya çıxdı. Düzü, bu, bizim üçün gözlənilməz bir addım idi. çünki bu protokolların imzalanması işğalçı ölkəyə əlavə şans vermiş ola bilər. Daha doğrusu, Türkiyə-Ermənistan sərhədinin açılması işğalçı ölkə üçün “oksigen balonu” rolunu oynamış olacaq. Azərbaycan cəmiyyəti məhz bunları nəzərə alaraq Türkiyə tərəfinin, qardaş ölkədəki Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarının həmin addımı atmasını istəmir. AKP-nin Türkiyə Böyük Millət Məclisindəki üzvlərindən biri, həmçinin, parlamentdəki Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri olaraq şəxsən sizin dilinizdən proseslə bağlı son durumun nə olduğunu eşitmək istərdik”.
çıxışına Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğuna dair sözlərlə başlayan Mustafa Kabakçı ölkəmizə gəlməzdən öncə bir yerə baş çəkdiyini dedi: “Həmin yer mənim anadan olduğum Konyanın yaxınlığında yerləşir. Bir-birimizə nə qədər yaxın olduğumuzu göstərmək üçün həmin yerdə bir neçə foto çəkdim”.
“Konyadakı Qarabağ bizə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün acısını xatırladır”
Müstafa Kabakçı özü ilə gətirdiyi şəkilləri redaksiyamızın əməkdaşlarına təqdim edərək dedi: “Baxın, bu, kəndimə 5 kilometr məsafədə yerləşən Qarabağ kəndidir (söhbət Konya yaxınlığında yerləşən Qarabağ adlı kənddən gedir-N.A). Bu, həmin Qarabağ kəndindəki bir ana və uşağıdır. Bu fotoda görünən isə Qarabağ kəndində toxunan kilimdir. Bunlar isə Qarabağın uşaqlarıdır. Biz həmin uşaqlara baxdığımız zaman 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün acısını ürəyimizdə hiss edirik. Hazırda bir həqiqəti qəbul etməyimiz lazımdır. Mənim qənaətimə görə, XXI əsrin bir özəlliyi var. Tarix zaman-zaman hansısa millətin önünə uğurlar çıxarar, bu millətə inanılmaz fürsət yaradar. Millət onu hiss etdiyi an ayağa qalxar. Mən bütün könlümlə, bütün imanımla inanıram ki, dünya bir türk dövrünü yaşayacaq. Bu dövrün başlanğıcında sadəcə Anadoluya qapanıb, ətrafındakı hər kəslə dava edərək, irəli getməyimiz mümkün deyil. Bütün qəlbimlə bunu deyirəm ki, Qarabağ məsələsində Türkiyənin Azərbaycandan başqa bir qayğısı yoxdur. Yəni, biz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən başqa bir yolu qəbul etmirik”.
“Xocalıda qətliamı kimin törətdiyini, 366-cı alayın kimə aid olduğunu biz də bilirik”
Xocalı faciəsi ilə bağlı məsələyə toxunan Mustafa Kabakçı həmin vaxt Türkiyədə yaşananlar barədə maraqlı bir məlumat verdi: “Xocalı faciəsi törədilən zaman mən orta məktəbdə dərs deyirdim. Sinfə girdim və kiçik yaşlı uşaqlar: “Müəllim, Qarabağda qardaşlarımız ölür. Biz niyə burada dayanmışıq?”, - dedilər. Soruşdum ki, nə edə bilərik? Cavabında dedilər ki, məktəbdə xərcləmək üçün verilən pulları toplayıb Azərbaycana göndərək. Beləliklə, uşaqlar xərcliklərini topladı, mən də öz maaşımdan bir hissəsini onun üzərinə qoydum. Heç zaman görmədiyimiz, sadəcə, xəyalını qurduğumuz bir el üçün maliyyə topladıq və Azərbaycanın İstanbuldakı Baş konsuluna təqdim etdik. Dedik ki, biz ürəyimizlə bərabər Xocalıdayıq. Xocalıda qətliamını kimin törətdiyini, oranın kimin vasitəsilə işğal edildiyini, 366-cı alayın kimə aid olduğunu biz də bilirik. Biz tarixi heç bir zaman unutmadıq. Və buna inanın. Bu məsələdə Türkiyədə ən xırda bir tərəddüddən belə söhbət gedə bilməz. Biz Heydər Əliyevi sayğı ilə anırıq. Böyük bir dövlət adamı olan Heydər Əliyev “Bakı-Tbilisi-Ceyhan” neft, “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərləri ilə Türkiyə və Azərbaycanı bir-birinə bağladı. Bir-birimizə olan imanımıza, inamımıza zərər gəlməməlidir”.
Təmsil olunduğu AKP-nin Ermənistanla yaxınlaşma siyasəti yürütməsinə dair Türkiyədə səslənən tənqidlərə toxunan Mustafa Kabakçı həmin qüvvələri səmimi olmamaqda günahlandırdı: “Türkiyə maraqlı dönəmlərdən keçib. Bir dönəmdə Türkiyədə partiyalardan birinin təmsilçisi deyərdi ki, Qafqazın o biri tərəfində türklər var. Digər partiyalardan olanlar “nə danışırsan, elə bir şey yoxdur” deyərdilər. Həmin vaxt Qafqazın o biri tərəfində qardaşlarımız var deyənlər biz idik. O dönəmdə bizə qızanlar isə hazırda Türkiyədə bizə müxalifət olan partiyaların təmsilçiləri idilər. Maraqlıdır ki, bir zamanlar bizə tənə edən partiyalar indi bizi Azərbaycan davasına sahib çıxmamaqda günahlandırırlar. Mən illərboyu küçələrdə Əhməd Cavadın “çırpınırdın Qara Dəniz”ini söyləyərək yürüyən bir adamam. Və bu gün Türkiyədə deyirlər ki;
Qafqazları aşacağıq,
Türklüyə şan qatacağıq.
Qarabağın ortasına
Ay-yıldızı taxacağıq!
Belə bir Türkiyə bundan vaz keçə bilərmi? Biz Azərbaycanı dəyərləndirərkən pula-filana üstünlük vermirik. Biz Qarabağın dəyərini bilirik. 1820-ci illərdə ora ermənilərin niyə yerləşdirildiyini bilirik. O ki qaldı protokolların imzalanması məsələsinə, bu sizi narahat etməsin. Biz bu protokolu imzalamaqla Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini dünyanın diqqətinə çatdırmış olduq. 17-18 ildir bu münaqişə davam edir, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Lakin bu, dünyanın vecinə deyil. Biz bunu nəzərə alaraq addımlar atdıq. Əlbəttə, sizləri də başa düşürük. Anadoluda deyərlər ki, könül umduğu yerdən küsər. Amma bunu hər kəs bilsin ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da belə olacaq. Bizim prezidentimiz və Baş nazirimiz bu duyğularla böyüyüb. Türkiyə heç bir zaman Azərbaycanın maraqlarına zidd addım atmayacaq. Mənim üçün Türkiyə və Azərbaycanın fərqi yoxdur. Hər ikisi vətənimdir. Buna inanın, sizin ayağınıza dəyən daş, bizim ürəyimizi qanadar”.
Türkiyə Azərbaycan davasından vaz keçməyəcək
Türkiyənin türk dünyasından üz çevirdiyinə dair ittihamlara gəlincə, Mustafa Kabakçı bunların da tamamilə əsassız olduğunu dedi: “Bizim türklük davasından vaz keçməyimizə dair ittihamların heç bir əsası yoxdur. Biz türklük davasından vaz keçmədik və bundan sonra da keçməyəcəyik”.
Daha sonra redaksiya əməkdaşlarının suallarını cavablandıran qonaq bir sıra məsələlərə aydınlıq gətirdi. Məsələn, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların nə zaman müzakirə ediləcəyinə gəlincə, Mustafa Kabakçı dedi ki, hazırda protokollar Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinə təqdim olunub: “Yaxın günlərdə protokollar Komitədə müzakirə ediləcək. Amma protokolların TBMM-dən keçəcəyi inandırıcı görünmür”.
Azərbaycandan hansı təəssüratla ayrıldığına gəlincə, qonaq öncə ölkəmizdə keçirdiyi bütün görüşlərdə bir daha Türkiyə-Azərbaycan qardaşlığının şahidi olduğunu dedi. Xalqlarımız və dövlətlərimiz arasındakı səmimi münasibətlərin sonsuza qədər davam edəcəyinə əminliyini bildirən Mustafa Kabakçı maraqlı bir misal gətirdi: “Mən Bakıda bir toplantıya qatılmışdım. Tədbirdən çıxarkən küçədən keçən sadə bir azərbaycanlı qadın mənə yaxınlaşıb orada nə tədbirin keçirildiyini soruşdu. Mən də dedim ki, şairlərin toplantısı keçirilir. Məndən şair olub-olmadığımı soruşdu. Cavab verdim ki, mən TBMM-də Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəriyəm. Qadın qaşlarını çatıb: “Mənə bax, sizinlə biz dost deyil, qardaşıq”, - deli. Yəni, bunu deyən siyasətçi deyil, küçədəki sadə vətəndaşdır. Əgər sadə vətəndaş belə düşünürsə, o zaman mən siyasətçi olaraq səhv addım ata bilərəmmi? Digər tərəfdən, əgər mən Azərbaycanın əleyhinə bir addım atsam, atam məni evə qoymaz. Yəni, bizim Azərbaycan davasından vaz keçdiyimizə dair deyilənlər tamamilə əsassızdır. Bu fikirləri səsləndirənlər, sadəcə, Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışırlar. Belələri gələcək türk əsrinin qarşısını almağa çalışırlar”.
Protokolların təsdiq olunmayacağı təqdirdə Türkiyəyə qarşı xarici təzyiqlərin arta biləcəyi ehtimalına gəlincə, Mustafa Kabakçı bunu mümkünsüz saydı: “Türkiyə xarici təzyiqlərə boyun əyən ölkə deyil. Əgər boyun əysəydi o zaman 2001-ci ildə İraqla bağlı təzkərəni qəbul edərdi. Yəni, Türkiyə artıq keçmişin Türkiyəsi deyil. Türk milləti hər dönəmdə işğala və zülmə qarşı olub. Biz düşmənlik belə edə bilmirik. Sadəcə, haqsızlığa qarşı çıxarıq. Biz müsəlman olmalarına rəğmən işğalçı Ermənistanın tərəfini tutanları da tanıyırıq. Yəni, bizim işğala qarşı siyasətimiz dəyişməzdir. Amma, bir daha təkrar edirəm ki, protokolların imzalanması, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsini yenidən dünyanın gündəminə gətirdi. Həmin protokollar imzalanarkən arxada dayananlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəsmiləri idilər. Əgər onlar “protokollar niyə təsdiqlənmir” desələr, o zaman biz də “türk milləti olaraq üzərimizə düşən vəzifəni yerinə yetirdik. Qoy ATƏT-in Minsk qrupunun üzvləri də öz üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər və Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa məcbur etsinlər. Siz üzərinizə düşən vəzifənin öhdəsindən gəlin, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə nail olun. Bax o zaman protokollar TBMM-dən keçə bilər” deyəcəyik. Yəni, protokolların imzalanması mərasimi zamanı arxada dayananlar, eyni zamanda, danışılan sözlərin də arxasında durmağa məcburdurlar”.
15 sentyabr Dünya Türklüyünün Birlik Günü olsun
Son olaraq qonaq bir arzusunu da dilə gətirdi: “Hesab edirəm ki, iki qardaş xalq, iki qardaş dövlət arasındakı münasibətləri daha da sıxlaşdırmaq üçün bütün istiqamətlərdə əlavə addımlar atılmalıdır. Biz bir-birimizlə informasiya mübadiləsi etməli, malik olduğumuzu qarşılıqlı şəkildə paylaşmalıyıq. Türkiyə ilə Azərbaycan arasındakı səfərlərin sayı artırılmalıdır. Daha doğrusu, bu səfərlər hər iki dövlətdə bütün sferalardan olan təmsilçilər arasındakı əlaqələrin dərinləşməsinə xidmət etməlidir. Mən Azərbaycan parlamentinin spikeri hörmətli Oqtay Əsədovla görüşəndə təkliflə çıxış etdim. Dedim ki, məsələn, həftədə bir dəfə Azərbaycan parlamentində türk musiqisi səslənsin, türk kilimləri nümayiş etdirilsin. Eyni zamanda, 15 sentyabr tarixini Dünya Türklüyünün Birlik Günü elan edək. Həmin tarixdə Türkiyənin və Azərbaycanın məktəblərində iki qardaş xalqın ortaq qəhrəmanlıq səlnamələrindən, azərbaycanlıların çanaqqala savaşında göstərdikləri qəhrəmanlıqlardan, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakının işğaldan azad olunması zamanı şəhid olan türk əsgərlərindən söhbət açılsın. Məsələn, Novruz, Ramazan və Qurban bayramlarında iki ölkəyə təyyarə biletlərinin qiyməti 100 dollara endirilsin ki, gediş-gəliş artsın. Ortaq tarix, ortaq mədəniyyət kitablarımız olsun. Yəni, gələcəyə doğru ata biləcəyimiz çox addımlar var”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49

