Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq

2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq

27.02.2019 [09:45]

Prezident İlham Əliyev: Bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək
Son dövrlərdə, o cümlədən də 2018-ci ildə Azərbaycanda konkret hədəflərə hesablanan genişmiqyaslı islahatlar aparılıb. Cari il fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də vurğulandığı kimi, artıq ölkəmizdə 2017-ci ildə iqtisadi sabitliyin təmin olunması ilə bağlı atılan önəmli addımlar, həmçinin 2018-ci ildə ardıcıl şəkildə həyata keçirilən ciddi islahatlar öz müsbət nəticələrini verir. Bunu 2019-cu ilin birinci ayının sosial-iqtisadi göstəriciləri bir daha təsdiqləyir. Yanvar ayında respublikamızda ümumi daxili məhsulun artımı 3 faiz təşkil edib ki, bu da son 2-3 il ərzində ən yaxşı göstəricidir. Beləliklə, ölkəmizdə 2019-cu ildə iqtisadi artımı yüksək templərlə davam etdirmək və islahatları daha da dərinləşdirmək üçün geniş imkanlar yaranıb.
Eyni zamanda, Prezident İlham Əliyevin bəhs olunan müşavirədəki çıxışında da vurğuladığı kimi, aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. İlin birinci ayında büdcəyə daxilolmalar kəskin artıb. Belə ki, vergi orqanları proqnozlardan əlavə 80 milyon manat, gömrük orqanları isə əlavə 20 milyon manatdan çox vəsait toplamağa nail olublar. Eyni zamanda, yanvar ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb.
Vətəndaşların rifahının yaxşılaşdırılması Azərbaycan üçün prioritet məsələdir
Respublikamız özünün geniş imkanlarına adekvat şəkildə dərinməzmunlu sosial siyasət həyata keçirir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir.
Ölkəmizdə 2019-cu ilin əvvəlindən sosial sahədə bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Bu sahədə atılacaq addımlar cənab Prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda vaxtilə verilən vədlərin uğurla reallaşdırılması prosesi gedir. Prezident İlham Əliyev qeyd edib ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır. “Bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”.
Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev cari ilin əvvəlindən ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, gəlir imkanlarının artırılmasına hədəflənən bir sıra mühüm sənədlər imzalayıb. Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək. Bu inqilabi qərarla Prezident İlham Əliyev 300-400 min insanı əhatə edən çoxmənzilli binalarla bağlı “çoxillik həllolunmaz problem”ə son qoyub. Azərbaycan Respublikasının Prezidentinin imzaladığı müvafiq sənədlərə əsasən ölkə Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq. Dövlət başçısının imzaladığı “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. 25 fevral 2019-cu il tarixində isə Prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bütövlükdə, 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan hakimiyyətinin yürütdüyü belə dərinməzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.
Ölkədə nəzərdə tutulan böyük sosial paket uğurla reallaşdırılır
Ölkəmizdə əməkhaqlarının davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. 2018-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub.
Əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, son 15 ildə Azərbaycanda minimum əməkhaqqı 6,5 dəfə artırılıb. Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib. Minimum əməkhaqqının mart ayının 1-dən etibarən 180 manata çatdırılması dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artıma gətirib çıxardacaq. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.
Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib.
Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq. Qeyd edək ki, minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq. Prezident İlham Əliyev bildirib ki, bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Dövlət başçısı minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılmasını, digər ödənişlərin verilməsini böyük sosial paketin tərkib hissəsi kimi səciyyələndirərək deyib: “Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir”.
Yuxarıda deyilənlər respublikamızda həyata keçirilən sosial siyasətin çoxşaxəli olduğu və əhatə dairəsinin getdikcə genişləndiyi barədə konkret təsəvvür yaradır. Eyni zamanda, dövlət başçısının yanında keçirilən müşavirədə o da diqqətə çatdırılıb ki, yuxarıda bəhs olunan artımlar heç də son hədd deyil. Əməkhaqlarının, pensiyaların, ümumiyyətlə, əhalinin gəlir imkanlarının artırılması tendensiyası bundan sonra da davam etdiriləcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31