Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevdən tarixi qərar: devalvasiya nəticəsində vətəndaşlara dəyən ziyanı dövlət ödəyəcək

Prezident İlham Əliyevdən tarixi qərar: devalvasiya nəticəsində vətəndaşlara dəyən ziyanı dövlət ödəyəcək

01.03.2019 [15:18]

Azərbaycanın dövlət başçısı problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi
Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir, iqtisadi və institusional islahatlar aparır. Bununla da ölkəmizdə vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluq səviyyəsi aşağı düşür.
Dövlət başçısının problemli kreditlərlə bağlı imzaladığı Fərman 800 min nəfəri əhatə edəcək
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanacaqlar. Fərmana əsasən, kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sənəddə də vurğulandığı kimi, ödəmələr üç aydan gec olmayaraq həyata keçiriləcək.
Qeyd edək ki, ölkəmizdə fiziki şəxslərin xarici valyutada götürdükləri kreditlərlə bağlı problem ölkəmizin reallıqlarından kənarda gedən proseslər nəticəsində meydana çıxıb. Məlum olduğu kimi, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan dünyaya sıx inteqrasiya edib. Eyni zamanda, biz son vaxtlarda qlobal məkanda bir sıra arzuolunmaz proseslərin getdiyinin şahidi oluruq. Qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərib, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləyib, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artıb, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalıb.
Deyilənlərlə yanaşı, vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qəbul edilən qərarlar və aparılan islahatlar sayəsində xarici mənfi şokların təsirlərini çox qısa müddətdə önləməyə nail olub və inkişaf meyillərini bərpa edib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2019-cu ilin yanvar ayında respublikamızda ümumi daxili məhsul istehsalı 3,3 dəfə artıb ki, bu da son 2-3 ilin ən yaxşı göstəricisidir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb.
Qeyd edək ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı olmuşdur. Problemin optimal həlli yollarını tapmaq, bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunub, Azərbaycan Prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparıb və təkliflər hazırlanıb. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilib və müxtəlif təkliflər irəli sürülüb.
Dövlət başçısının imzaladığı bəhs olunan Fərmanla problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı Fərmanla problemli kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoyulub. Sənədə əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Bütövlükdə Fərmanın əhatə dairəsinə 800 mindən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək. Beləliklə, Azərbaycanın dövlət başçısı problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi.
Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirdi
Azərbaycan üçün səciyyəvi cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən ilk növbədə cəmiyyətdən gələn sosial sifarişlər əsas götürülür. Belə rasional və praqmatik yanaşma isə öz növbəsində respublikamızda yüksək xalq-iqtidar vəhdətini təmin edir. Dövlət ardıcıllıqla həyata keçirilən siyasətində xalqın arzu və istəklərini nəzərə aldığı kimi, cəmiyyət də yüksək həmrəylik nümayiş etdirərək öz dövlətinə və Prezidentinə arxa durur.
Kreditlərlə bağlı yaranan problemin həllində də biz belə yanaşmanın şahidi olduq. Azərbaycan dövləti yüz minlərlə insanı narahat edən problemin həllinə nail olmaqla növbəti dəfə vətəndaşın yanında olduğunu sübut etdi.
Məlumdur ki, indiyədək bəzi xarici ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülüb. Lakin son nəticədə dövlətin imkanları baxımından ciddi çətinliklər yaratdığına görə problemin həlli ya təxirə salınıb, yaxud da bəlli olmayan müddətə kimi uzadılıb.
Azərbaycan isə o dövlətlərdəndir ki, burada bütün məsələlər - problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrası və icraya nəzarət və s. - hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır. Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya növbəti dəfə öz liderliyini nümayiş etdirdi.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31