Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi

Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi

02.03.2019 [09:48]

Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir
Azərbaycan sosial dövlətdir. Ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların maraqları və mənafeyi dayanır. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqaməti kimi müəyyənləşdirilib. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün ölkəmizdə böyük sosial paket həyata keçirilir, iqtisadi və institusional islahatlar aparılır. Bütün bunların nəticəsi olaraq vətəndaşların yaşayış səviyyəsi yaxşılaşır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluğun səviyyəsi aşağı düşür.
Azərbaycan Prezidenti İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir
Azərbaycanın dövlət başçısı İlham Əliyev son 15 ildə ölkəmizdə aparılan dərinməzmunlu sosial siyasətin davamlılığını təmin edərək cari ilin əvvəlindən bilavasitə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə hesablanan bir sıra sənədlər imzalayıb. Ümumi qənaət belədir ki, Azərbaycan Prezidentinin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir. Prezident İlham Əliyev bu günlərdə Onun yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə qeyd edib ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır. “Bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”.
Deyilənlərin təsdiqi olaraq qeyd edək ki, Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği növbəti dəfə artırılıb və 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, dövlət başçısının imzaladığı Sərəncamla maaş artımı 600 mindən çox işçini əhatə edəcək.
Ölkəmizdə pensiyaların mütəmadi qaydada artırılması da ənənə halını alıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib. Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb.
Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixində imzaladığı Sərəncam da əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti mühüm addımdır. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Ölkəmizdə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanının icrası çərçivəsində müvafiq kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat həcmində birdəfəlik ödəmənin verilməsi uğurla həyata keçirilir. Eyni zamanda, dövlət başçısının 28 yanvar 2019-cu il tarixdə imzaladığı müvafiq Fərmanla birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Eyni zamanda, dövlət başçısının imzaladığı digər sənədlərə əsasən tələbələrin təqaüdlərinin, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması təmin ediləcək. Ümumiyyətlə, Prezident İlham Əliyevin cari ilin əvvəlindən imzaladığı Fərman və sərəncamların əhatə dairəsi kifayət qədər genişdir. Prezident İlham Əliyev bildirib ki, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.
Azərbaycanın dövlət başçısı problemli kreditlər məsələsinə son qoydu
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycanda manatın devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı olmuşdur. Problemin optimal həlli yollarını tapmaq, bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunub, Azərbaycan Prezidentinin tapşırığına əsasən, hökumət bu istiqamətdə fəal iş aparıb və təkliflər hazırlayıb. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilib, müxtəlif təkliflər irəli sürülüb. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan müşavirədə, həmçinin problemli kreditlərlə bağlı məsələyə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. “Biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Beləliklə, artıq problemli kreditlərlə bağlı məsələnin vətəndaşların mənafeyi nəzərə alınmaqla həll olunduğunu söyləmək mümkündür. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanacaqlar. Fərmana əsasən, sənəddə qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müvafiq qaydada qiymətləndirilməklə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sənəddə də vurğulandığı kimi, ödəmələr üç aydan gec olmayaraq həyata keçiriləcək.
Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanda məlum devalvasiyalardan sonra kreditlərlə bağlı problemin yaranmasını şərtləndirən amillər ölkəyə xarici mənfi təsirlər nəticəsində formalaşıb. Biz son vaxtlarda qlobal məkanda bir sıra arzuolunmaz proseslərin getdiyinin şahidi oluruq. Qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərib, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləyib, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artıb, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalıb.
Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində qəbul edilən qərarlar, aparılan islahatlar və iqtisadiyyata güclü siyasi, maddi dəstək tədbirləri sayəsində qlobal mənfi şokların təsirini qısa müddətdə və daha az itkilərlə önləməyə nail olub. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Azərbaycan hakimiyyəti yaranan imkanlardan məhz vətəndaşların mənafeyi naminə istifadə etməyə qərar verib. Beləliklə də Prezident İlham Əliyev imzaladığı məlum Fərmanla problemli kreditlər məsələsinə son qoydu. Və çox haqlı olaraq bu qərar Prezidentdən devalvasiyadan əziyyət çəkən insanlara misilsiz dəstək kimi dəyərləndirilir.
Prezident İlham Əliyev ölkəmizdə dövlətin potensialından xalqın mənafeyi üçün istifadə olunduğunu bir daha nümayiş etdirdi
Son 15 ildə biz daim Azərbaycan dövlətinin öz siyasətinin prioritetlərini müəyyənləşdirərkən xalqın arzu və istəyini, cəmiyyətdən gələn sosial sifarişləri əsas götürdüyünün şahidi oluruq. Bu dəfə də belə oldu. Dövlətimiz növbəti dəfə vətəndaşın yanında olduğunu sübut etdi. Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi. Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı Fərmanla problemli kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoyulub. Sənədə əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Bütövlükdə Fərmanın əhatə dairəsinə 800 mindən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək. Bütövlükdə, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, problemli kreditlər yalnız Azərbaycana aid olan məsələ deyil. Dünyanın ayrı-ayrı ölkələrində insanlar vaxtaşırı bu kimi problemlərlə üzləşirlər. İndiyədək problemli kreditlərlə bağlı məsələnin həllinə yönələn addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilib, ancaq həmin qərarların icrasına nail olunmayıb. Azərbaycan isə problemli kreditlər məsələsinin həllində yenə də liderlik keyfiyyəti ortaya qoydu. Prezident İlham Əliyev ölkəmizdə dövlətin potensialından xalqın mənafeyi üçün istifadə olunduğunu bir daha nümayiş etdirdi.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31