Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Ulu Öndərin siyasətinə sadiq qalaraq xalqı daha firavan gələcəyə doğru aparmaqdadır

Prezident İlham Əliyev Ulu Öndərin siyasətinə sadiq qalaraq xalqı daha firavan gələcəyə doğru aparmaqdadır

16.04.2019 [09:28]

Əhliman Tağıyev
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının şura üzvü,
Milli Məclisin İnsan hüquqları
komitəsinin eksperti

Azərbaycanın ictimai-siyasi həyatı üçün böyük əhəmiyyət kəsb edən 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkilərindən 1 il ötür. Bu seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanan cənab İlham Əliyevin yenidən Prezident seçilməsi növbəti dönəmlərdə də sabit və təhlükəsiz məmləkət modelinin qorunub saxlanması, dövlət idarəçiliyinin daha modern və çevik formada həyata keçirilməsini təmin etmək baxımından keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Onun rəhbərliyi ilə əvvəlki illərdə böyük zəhmət və səylər nəticəsində əldə olunmuş fundamental uğurların verdiyi imkanlardan istifadə edərək xalqın istək və arzularına, maraqlarına uyğun olan daha güclü və qüdrətli dövlət formalaşdırılması üçün dərin və köklü islahatlara start verildi. Aparılan islahatların mahiyyəti və fəlsəfəsi insan amili üzərində fokuslanmaqla sözün əsl mənasında vətəndaş məmnunluğunun təmin edilməsini hədəfləyən və artıq danışıq leksikonumuza sürətlə daxil olan “Sosial Dövlət” prinsip və anlayışlarının real həyatda tətbiqini özündə ehtiva edir. Tam yəqinliklə söyləmək olar ki, seçkilərdən ötən 1 il ərzində bu prinsip və anlayışlar böyük dərəcədə həyata vəsiqə alaraq özünü təsdiqləməklə sonrakı illərdə həyata keçiriləcək daha böyük islahatların konturlarını müəyyənləşdirmiş oldu.
Böyük minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, müasir Azərbaycanın möhtəşəm uğurlarının, ölkədə hökm sürən sabitliyin, iqtisadiyyatın bütün sahələrindəki inkişafın dinamik xarakter alması birbaşa Heydər Əliyev siyasətinin təntənəsidir. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial-mədəni həyatda tərəqqinin 30 ildən artıq dövrü Ulu Öndərin adı ilə bilavasitə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanslı səhifələrindəndir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz tarixi xidmətlər haqqında təhlil apararkən, haqlı olaraq Onun müstəqil, suveren, azad Azərbaycan dövlətini qurması faktı birmənalı şəkildə təsdiqlənir. Bu mənada xalqımız Onu müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu hesab edir. Bu tarixi gerçəklik birbaşa Ulu Öndər Heydər Əliyevin fövqəladə xidmətlərinin nəticəsidir və bu xidmətlər kənarında Azərbaycanın müasir tarixi təsəvvür belə oluna bilməz. Ümummilli Liderimiz Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
2003-cü ilin payızında cənab İlham Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmiz keyfiyyətcə yeni, müasir dövlət quruculuğu prosesinə daxil oldu. Əvvəlki illərdə yaradılmış möhkəm əsaslar üzərində Azərbaycan heç zaman olmadığı qədər yüksək templərlə, dinamik şəkildə inkişaf edərək iqtisadi, sosial, hüquqi islahatlara geniş rəvac verdi. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada diqqəti cəlb edəcək inkişaf, dirçəliş, yenilik hiss edilməsin. Ölkəmizin imkanlarının artması dövlət və cəmiyyət həyatının bütün sahələrinə təsir göstərir. Prezident İlham Əliyev Ulu Öndərin siyasətinə sadiq qalaraq xalqı daha firavan gələcəyə doğru aparmaqdadır. İlk gündən verdiyi vədləri tutmağı bacaran dövlət başçısı ölkəyə rəhbərliyi dövründə İslahatçı Lider kimi tanınmış, möhkəm siyasi iradəsi və prinsipiallığı sayəsində neft strategiyasının, əfsanələrin reallığa çevrilməsini hədəfləyən möhtəşəm transmilli enerji və nəqliyyat layihələrinin reallaşmasında müstəsna xidmətləri ilə Azərbaycanın yeni intibah dövrünün müəllifi kimi tariximizdə şərəfli bir səhifə açmışdır.
Ötən 15 ilin bəzi mühüm yenilikləri fonunda bunu daha aydın görmək mümkündür. Ümummilli Liderin neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri istifadəyə verilmiş, “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılmış, respublikamız orbitə 3 peyk buraxmış, ölkə əhəmiyyətli yol-nəqliyyat infrastrukturu müasirləşdirilmişdir. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində olduqca mühüm rola malikdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etməkdədir.
Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin olunması, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna və regionların inkişafına doğru istiqamətləndirilməsi, güclü insan kapitalının formalaşdırılması iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir.
Ötən illərdə əldə olunan uğurlar, ilk növbədə ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş Dövlət proqramlarının reallaşdırılmasını təmin etmişdir. Bu müddət ərzində büdcə gəlirləri 10 dəfədən çox artmış, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq şəkildə büruzə vermişdir.
Son 15 ilin statistik göstəriciləri ölkə iqtisadiyyatının dinamik inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 45 mlrd. ABŞ dollarına çatmışdır, ümumi daxili məhsul ( ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, turizm 14,2 dəfə artmış, iqtisadiyyata 225 mlrd. ABŞ dolları həcmində investisiya yatırılmışdır. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur. İqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji ehtiyatların artımına imkan yaratmışdır.
Bütün bunlar Azərbaycanın yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, milli iqtisadiyyatı yeni şəraitə uyğunlaşdırmaq istəyini bariz təcəssüm etdirmişdir. Göstərilən faktorların nəticəsi olaraq “Doing Business” hesabatına əsasən Azərbaycan 2018-ci ildə 190 ölkə arasında 57-ci pillədə, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətədavamlılıq” hesabatında isə 34-cü pillədə qərarlaşmışdır. Eyni zamanda, respublikamız “Siyasətçilərə ictimai etimad” adlanan indikator üzrə dünyada 20-ci pilləyə yüksəlmişdir ki, bu da xalqın iqtidara böyük etimadını səciyyələndirən mühüm göstəricidir.
Yetərincə olan faktlara əsaslanaraq əminliklə deyə bilərik ki, Azərbaycan xalqı cənab İlham Əliyevin simasında özünün sabit, firavan və bütövlükdə təhlükəsiz gələcəyinə səs vermişdir. Bu gələcək - qüdrətli və yenilməz AZƏRBAYCANDIR.

Paylaş:
Baxılıb: 777 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31