Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

24.04.2019 [09:25]

Millət vəkilləri iclasda 19 məsələni müzakirə ediblər
Aprelin 23-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasın gündəliyinə 19 məsələ daxil edilib. Əvvəlcə millət vəkilləri cari məsələləri müzakirə ediblər.
Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, BMT üzvü olan ölkələr beynəlxalq quruma illik hesabat təqdim edirlər. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib. Ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olublar. A.Quliyev deyib ki, hesabat rəsmi hesabat statusunda 6 dildə yayılıb: “Buna müvafiq qurumlar tərəfindən münasibət bildirilməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyədək BMT tərəfindən belə qanunsuzluğa yol verilməyib. Onun qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən belə bir hesabat “Arsax” adı ilə qəbul olunsun? Ermənistanın bu təxribatının qarşısı alınmalıdır. Bu məsələ araşdırılmalı, qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır”.
Millət vəkili Əflatun Amaşov isə çıxışında qeyd edib ki, bir müddət əvvəl Milli Məclisdə Gürcüstanın tanınmış ziyalılarından və ictimaiyyət nümayəndələrindən ibarət bir qrup soydaşımızla Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvlərinin görüşü keçirilib: “Məlumdur ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi ölkəmizin daxilində miqrant və əcnəbilərin hərəkət və fəaliyyətini tənzimləyir. Lakin bu qanunvericilik soydaşlarımızı, o cümlədən Gürcüstan vətəndaşı olan soydaşlarımızı əcnəbi statusunda qəbul edir. Yəni tutalım, ölkəmizə gələn hansısa xarici vətəndaşla hansısa xarici ölkənin vətəndaşlığını alan azərbaycanlı arasında heç bir fərq yoxdur. Yaxşı olardı ki, fərq olsun. Çünki Azərbaycan dünyada yaşayan 50 milyon azərbaycanlının Vətənidir. Bununla bağlı dünyada kifayət qədər təcrübə var. Bunun üçün isə “Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır”.
Ə.Amaşov həmçinin deyib ki, Gürcüstandakı milli məktəblərimiz üçün pedaqoji kadrlar əsasən də Azərbaycan dili və ədəbiyyatı üzrə çatışmır. Kadrlar ölkəmizdə də hazırlana bilər. Bunun üçün dövlət ali məktəblərimizin birinin nəzdində ixtisaslaşmış xüsusi fakültə formalaşdırmaq, ekspertlərin iştirakı ilə tədris proqramı işləmək lazımdır.
Müzakirələr zamanı bəzi millət vəkilləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar xalqların sülhə hazırlanması üçün KİV nümayəndələrinin Ermənistana gözlənilən səfərinə münasibət bildiriblər. Məsələ ilə bağlı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, sülh üçün bütün mümkün imkanlardan istifadə etmək lazımdır.
Millət vəkillərinin bu məsələ haqqında fikirlərinə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov da qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Ona görə də bu istiqamətdəki mövcud imkanlar dəyərləndirilməlidir.
“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu mövqe dəyişməz olaraq qalır. Dövlətimiz ya sülh, ya da hərbi yolla bu məsələni həll edəcək”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, bəzi qüvvələr ölkəmizin artan beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar: “Xaricdə və daxildə ölkəmizə qarşı çalışan qüvvələr müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar. Bilirsiniz ki, ölkəmizdə mühüm islahatlar aparılır. Azərbaycanda həyata keçirilən islahatlar həmin qüvvələri narahat edir. Onlar bu və ya digər şəkildə uğurlara kölgə salmağa çalışırlar. Hətta öz aralarında dava salıb bir-birlərinə ziyan vurmaqla bunu da hakimiyyətin üzərinə atmağa cəhd göstərirlər”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Daha sonra gündəlikdəki məsələlərə baxılıb. İlk olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi məsələsinə baxılıb. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məsələ barədə məlumat verərək qeyd edib ki, 5 şəxs İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd seçilib. İrəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə təsdiq ediləcək. Belə ki, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarov, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova və Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.
Müzakirələr zamanı çıxış edən millət vəkili Sahib Alıyev ölkə televiziyalarının fəaliyyətində müsbət dəyişikliklərin baş verdiyini deyib. O, bu baxımdan İTV-nin fəaliyyətini də təqdir edib.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışında İctimai Televiziyanı xalqın televiziyası kimi səciyyələndirib və fəaliyyətini müsbət qiymətləndirib. O, televiziyalarda vacib yeniliklərin edilməsinin zəruriliyini vurğulayıb: “Yeniliklər milli-mənəvi, mədəniyyət və başqa mühüm sahələrlə bağlı olmalıdır. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində saxlanılmalıdır”.
“Hazırkı mərhələdə informasiya cəmiyyətimizdə əlahiddə statusa malik vasitəyə çevrilib. Ona görə də Azərbaycanın efir məkanının keyfiyyətinin yaxşılaşdırılması, ictimai, mədəni, mənəvi münasibətlərinin efir vasitəsilə həm ictimaiyyətimizə təqdim olunması, həm də dünyaya tanıdılması mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışı zamanı deyib. Hikmət Babaoğlu bildirib ki, hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir. Onun sözlərinə görə, bəzən yenilik, keyfiyyət dəyişikliyi dedikdə, daha formal xarakterli, estetik tərəfdən dəyişikliyə üstünlük verilir: “Təbii ki, bu da olmalıdır. Ancaq əsas məsələ efirdəki verilişlərin məzmununun keyfiyyətinə dəyişiklik etməkdir ki, bu da çox əhəmiyyətli məsələdir. Ona görə də bu istiqamətdə İTV əlahiddə statusa və missiyaya malikdir. Çünki onu digərlərindən fərqləndirən məxsusi cəhətlər var. Eyni zamanda, İctimai Televiziyada bu istiqamətdə görüləsi işlər də çoxdur. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni üzvlərin siyahısına baxdıqda, burada ölkənin idman həyatında mühüm rol oynayan şəxslər var. Onlardan Yusif Babanlı və Orxan Muxtarov mənim deputat seçildiyim rayonun ərazisində çalışırlar və fəaliyyətləri ilə yaxından tanışam. Eləcə də Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Azərbaycan musiqi tarixini dərindən bilir, musiqi mədəniyyətimizi təqdim etməyi bacaran bir şəxsdir”.
Hikmət Babaoğlu qeyd edib ki, efir məkanında mənəvi dəyərlərin qorunması, təbliği, bununla bağlı süjetlərin, filmlərin yaradılması çox vacibdir: “Bu gün din Azərbaycan cəmiyyətinin əsas tərkib hissəsi olmaqla cəmiyyətdəki davranışlarımızın, mənəvi dəyərlərimizin keyfiyyətini müəyyənləşdirir. Prezident İlham Əliyev qeyd edir ki, bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir. Bu baxımdan, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev İTV-nin işinin bu istiqamətdə qurulmasına köməklik göstərəcək”.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb. Namizədlikləri idman federasiyaları tərəfindən irəli sürülən Yusif Babanlı, dini konfessiyalar tərəfindən irəli sürülən Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülən Zemfira Qafarova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O bildirib ki, dəyişikliklər kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa, digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.
Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərxis olunurlar. Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.
Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib. Bu baxımdan layihədə təklif olunur ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın. Layihənin maliyyə tutumu digər aidiyyəti dövlət orqanları ilə yanaşı, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də razılaşdırılıb. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanun layihəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1297-VQD nömrəli Qanununun icrası məqsədi daşıyır.
İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə isə “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qanun layihəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1297-VQD nömrəli Qanununun icrası məqsədi ilə hazırlanıb. Həmin qanuna əsasən “daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı”nın tərtibi, qeydiyyatı və sair ilə bağlı xüsusi müddəalar müəyyən edilib və bu məsələlərin Mülki Məcəlləyə və “İpoteka haqqında” qanuna uyğun olaraq tənzimlənməsi nəzərdə tutulur. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, nəzərdə tutulan dəyişikliklər “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi səsvermə yolu ilə qəbul edilib.
İclasda həmçinin “Müflisləşmə və iflas haqqında” qanuna təklif olunan dəyişikliklər də səsə qoyularaq təsdiqlənib.
Sonra Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə birinci oxunuşda baxılıb. Qeyd olunub ki, qanun layihəsi yük daşınması müqaviləsinin, o cümlədən yük göndərən anlayışının dəqiqləşdirilməsi, daşıyıcı və yük alan anlayışlarının müəyyən olunması, habelə yük göndərənin və ekspeditorun (daşıyıcılar vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsin) məsuliyyətinin gücləndirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Fitosanitar nəzarəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, nəzərdə tutulan dəyişikliklər fitosanitar nəzarəti və dövlət fitosanitar xidməti sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsünün dəqiqləşdirilməsini və qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələləri nəzərdə tutur. Belə ki, “Fitosanitar nəzarəti haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, fitosanitar nəzarəti sahəsində səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə, dövlət fitosanitar xidməti sahəsində səlahiyyətlər isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunur. Sonra təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqlənib.
İclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Bildirilib ki, təklif olunan bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə və dəqiqləşdirilməsinə xidmət edir.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.
Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, həmin məcəllələrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) ilə bağlı müvafiq dəyişikliklər edilir. ƏMTQ-nin əsas məqsədi qeyd olunan qanunun əlavəsində göstərilən fəaliyyət həyata keçirilərkən ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkara çıxarılması, onların aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin görülməsidir. Bunun üçün həmin sahələrə dair strateji ekoloji qiymətləndirmə sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi də layihələrdə əksini tapıb. Qeyd olunub ki, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” və “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” məsələlər də eyni mahiyyəti daşıyır.
Daha sonra plenar iclasda İnzibati Xətalar, Mülki, Vergi, Mənzil, Gömrük məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirə edilib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.
Komitə sədri Ziyad Səmədzadə “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliklər “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 4 may tarixli qanunun icrası məqsədi ilə hazırlanıb. Qanun layihəsinə görə, sahibkarlıq subyektləri mühasibat uçotunu aparmalı, maliyyə, habelə statistik hesabatlarını tərtib və təqdim etməlidirlər. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda nəzərdən keçirilib. Sənəd səsə qoyularaq qəbul edilib.
Komitə sədri Ziyad Səmədzadə “Standartlaşdırma haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Təqdimatdan sonra sənəd qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31