Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərb ilə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərb ilə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir

03.05.2019 [10:16]

Azərbaycan mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biridir
Müasir dövrdə dünya miqyasında, beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslər və tendensiyalar, eləcə də mövcud reallıqlar sivilizasiyalararası dialoqun strateji zərurət kimi böyük əhəmiyyətə malik olduğunu göstərir. Başqa sözlə, bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində müharibələrin çoxalması mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi və inkişafı məsələsinin vacibliyini daha da aktuallaşdırır. Ekspertlərin qənaəti budur ki, belə bir şəraitdə sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığı XXI əsrin strateji prioriteti kimi müəyyənləşdirilməlidir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Cənubi Qafqaz regionunun lider dövləti olan, yüksək nüfuza malik Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir.
Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Mayın 2-də paytaxt Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında işə başlayan V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir, tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər. Ümumiyyətlə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlərin aktiv və səmərəli müzakirə platformasıdır.
Vurğuladığımız kimi, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir. Bu kontekstdə “Bakı Prosesi”nin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Xatırladaq ki, 2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi dəvət edilib, beləliklə, mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olunub. Bu konfransda “Mədəniyyətlərarası dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edilib. “Bakı Bəyannaməsi” ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulub. 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edilib. 2011-ci ilin 7-9 aprel tarixində isə Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və ISESCO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub.
Ümumiyyətlə, “Bakı Prosesi” çərçivəsində bu zamana qədər çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilib. Azərbaycanın Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı Prosesi”ni uğurla davam etdirməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün “Bakı Prosesi” BMT-nin dörd ixtisaslaşmış beynəlxalq təşkilatının tərəfdaşlıq etdiyi yeganə platformadır. Bu fakt 2017-ci ildə BMT-nin baş katibi tərəfindən xüsusi qeyd olunub, daha sonra isə BMT-nin qəbul etdiyi qətnamədə əksini tapıb. Bütövlükdə, Azərbaycanın təşəbbüsü ilə başlanan “Bakı Prosesi” dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatı olmaqla bərabər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafına fundamental töhfələr verir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da dünya miqyasında mədəniyyətlərarası dialoqun əhatə dairəsini genişləndirərək xalqlar arasında qarşılıqlı anlaşmanın dəstəklənməsinə xidmət edən mühüm beynəlxalq platformadır. Əminliklə söyləmək olar ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da sivilizasiyalararası dialoqun inkişafına müstəsna töhfələr verəcək.
Forum zamanı səsləndirilən fikirlər Azərbaycanın dünyanın multikulturalizm mərkəzlərindən biri və tolerantlıq nümunəsi kimi yüksək nüfuza malik olduğunu, bu kontekstdə dünyaya mütərəqqi dəyərlər təqdim etdiyini bir daha göstərir. Ümumiyyətlə, Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşaması beynəlxalq müstəvidə də olduqca yüksək qiymətləndirilir. Tarixin bütün dövrlərində Azərbaycanın dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olması aşkar reallıqdır. Sevindirici haldır ki, bu gün də bu reallıq müşahidə edilir. Yeri gəlmişkən, V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev deyib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır.
Bunlarla yanaşı, ölkəmizdə multikulturalizm dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycanın timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafına özünəməxsus töhfələr verir. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Yeri gəlmişkən, bəhs olunan çıxışı zamanı “Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir” deyən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirib.
Forumda qeyd olunub ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Qeyd etdiyimiz kimi, Azərbaycanın qlobal əhəmiyyətə malik olan mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, mədəniyyətlər, sivilizasiyalararası dialoqa fundamental töhfələr verməsi beynəlxalq müstəvidə çox yüksək qiymətləndirilir. Elə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən fikirlər də bunu bir daha təsdiqləyir. Məsələn, UNESCO-nun Baş direktorunun müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və Azərbaycanın xüsusi rolunun olduğunu vurğulayıb. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin isə diqqətə çatdırıb ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni isə deyib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biridir.
Beləliklə, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalar, mədəniyyətlərarası dialoqun mühüm rolunun öyrənilməsi, təbliği və təşviqi baxımından xüsusi əhəmiyyətə malikdir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31