Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir

01.06.2019 [10:04]

Paytaxt Bakıda UEFA Avropa Liqasının final oyununun yüksək səviyyədə təşkil olunması bunun bariz nümunəsidir
Dünyada güclü və nüfuzlu dövlət kimi tanınan, dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan Azərbaycanda qlobal xarakterli mötəbər tədbirlər yüksək səviyyədə təşkil edilir. Belə tədbirlər sırasında mədəniyyət müsabiqələri, humanitar forumlar, idman yarışları və digərləri xüsusi yer tutur. Xatırladaq ki, mayın 29-da paytaxt Bakı daha bir möhtəşəm tədbirə - UEFA Avropa Liqasının final matçına uğurla ev sahibliyi etdi. İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yenilədi. Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar sırasında ən çox tamaşaçı tutumuna malik arena oldu. Şübhəsiz ki, sözügedən final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkə olması növbəti dəfə sübuta yetirildi. Eyni zamanda, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi. Bütövlükdə, ekspertlərin də qeyd etdikləri kimi, Azərbaycan mükəmməl şərait yaratmaqla bəhs olunan final qarşılaşmasının ideal səviyyədə baş tutmasını təmin etdi, dünya mediası növbəti dəfə Azərbaycanın müsbət reallıqlarından yazdı, paytaxt Bakı bir daha bütün dünyanın nəzərində oldu.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, xalqımızın ali mənafeyinə söykənən siyasət nəticəsində Azərbaycan yüksək inkişaf göstəricilərinə nail olub. Azərbaycanın əldə etdiyi uğurlar dünyanın diqqət mərkəzindədir. Millət vəkili bildirib ki, Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir, dünyada dialoq və əməkdaşlıq məkanı kimi xarakterizə edilir: “Dövlətimizin başçısının təşəbbüsü və dəstəyi hesabına başa gələn böyük iqtisadi və nəqliyyat layihələri dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Həyata keçirilən siyasət sayəsində Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir. “Eurovision”, müasir dünyanın xüsusi diqqət yönəltdiyi dialoq və sülh naminə beynəlxalq forumlar, mühüm idman yarışları məhz ölkəmizdə keçirilir. 2015-ci ildə ilk dəfə keçirilən Avropa Oyunlarının təşkil olunması hüququnun məhz Azərbaycana verilməsi ölkəmizdə idman və mədəniyyət tarixində mühüm hadisəyə çevrildi. Eyni zamanda, İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa çempionatları, Formula 1 yarışları və bu qəbildən olan digər mühüm tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın potensialını və qüdrətini göstərir, respublikamızın beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirir. Şübhəsiz ki, ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktur, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması belə tədbirlərin Azərbaycanda keçirilməsinə dair qərarların qəbul edilməsində həlledici rol oynayır”.
Millət vəkili vurğulayıb ki, Avropa Liqasının final matçının Bakıda ən yüksək səviyyədə keçirilməsi də ölkəmizin bu sahədəki zəngin təcrübəsini, iqtisadi gücünü və təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. “Bununla da oyunlardan əvvəl bəzi dairələr tərəfindən ortaya atılan spekulyasiyalar, iddialar alt-üst oldu, onlar Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilmədilər. Bu gün bütün beynəlxalq mediada Azərbaycanın uğurlu təşkilatçılığından, final matçının yüksək səviyyədə həyata keçirilməsindən yazılır, danışılır. Bakıya gələn qonaqlar ölkəmizin müsbət reallıqlarından, Bakıda gördüklərindən razılıqla danışırlar”, - deyən S.Qafarova vurğulayıb ki, Azərbaycan 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək bacarığına malik olduğunu bütün dünyaya göstərdi.
Milli Məclisin deputatı Rauf Əliyev isə deyib ki, Azərbaycanda növbəti mühüm uğura imza atıldı. Onun sözlərinə görə, paytaxt Bakı şəhəri ilk dəfə UEFA Avropa Liqasının final oyununa müvəffəqiyyətlə ev sahibliyi etdi. Final oyununa hazırlıq mərhələsi və oyunun özü çox yüksək səviyyədə təşkil olundu.
Millət vəkili deyib ki, bu finalın Bakı şəhərində keçirilməsi Azərbaycanın uğurudur: “Matçın keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi zamanı Bakıya çox güclü rəqiblər var idi. Madrid, İstanbul və digər məşhur şəhərlər içərisindən məhz Bakıya üstünlük verilməsi Azərbaycanın ildən-ilə artan nüfuzundan xəbər verir. Bu, eyni zamanda, Azərbaycanda futbol infrastrukturunun yaradılması, yeni stadionların, ələlxüsus Bakı Olimpiya Stadionunun tikintisi də daxil olmaqla həyata keçirilən ümumi siyasətin uğurudur”.
Millət vəkilinin sözlərinə görə, final oyunu dünyanın 200-dən çox ölkəsində yayımlanıb və bir milyarddan çox tamaşaçı tərəfindən izlənilib: “Dünyanın bir çox ölkəsindən 30 mindən çox turist oyunu izləmək üçün ölkəmizə səfər edib. Bütün bunlar Azərbaycanın dünyada daha geniş miqyasda tanıdılması və təbliğ edilməsində böyük rol oynayır”.
Gələn il Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa Çempionatının dörd oyununun keçirilməsinin nəzərdə tutulduğunu deyən millət vəkili bu faktın Azərbaycanın getdikcə artan nüfuzundan xəbər verdiyini, sözügedən oyunların da çox yüksək səviyyədə təşkil olunacağını diqqətə çatdırıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31