Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir

Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir

03.07.2019 [09:38]

2007-ci il iyulun 3-də “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qazı Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib
Cənubi Qafqaz regionunun lider dövləti olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan dünyada böyük etimad qazanıb və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara əsaslanan müstəqil, praqmatik və çoxvektorlu xarici siyasət kursuna malik olan ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Başqa sözlə, Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir.
Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji dəhlizləri yaradılıb
O da qeyd edilməlidir ki, Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli əməkdaşlığın səmərəli nəticələridir.
Beləliklə, Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayır. Ölkəmiz enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Bu günə qədər respublikamızın liderliyi və fəal təşəbbüsləri sayəsində Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen yataqlarının ehtiyatlarının işlənməsi, o cümlədən də dünya bazarlarına nəqli ilə bağlı regional və qlobal əhəmiyyət daşıyan layihələr reallaşdırılıb və şaxələndirilmiş infrastruktur qurulub. Nəticədə Azərbaycan Avropanın etibarlı enerji təchizatçısına çevrilib.
Məlum olduğu kimi, 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti idi. Artıq 25 ildir ki, ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçirilir. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması da mühüm əhəmiyyətə malikdir. Bu sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Milli maraqlar nəzərə alınmaqla hazırlanan yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Azərbaycan bir neçə nəql marşrutunun yaradılmasına nail olub. 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar. Belə ki, Xəzərin şərq sahilində yerləşən ölkələr tərəfindən hasil edilən neft də artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi tarixi hadisə idi
2007-ci ildə isə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Beləliklə, Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir.
Şübhəsiz ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istifadəyə verilməsi mühüm tarixi hadisə idi. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi də mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazının Gürcüstana və Türkiyəyə nəqlinə başlanıldı. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Azərbaycan bu reallıqları nəzərə alaraq yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Buna paralel olaraq Türkiyə və Azərbaycan yeni bir layihəni irəli sürdülər. TANAP adlanan bu layihə üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. İndiyədək layihənin 4 seqmenti üzrə həyata keçirilən tədbirlər çərçivəsində “Şahdəniz” yatağının istismara hazırlanması üçün lazımi işlər görülüb, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə bağlı layihələr tamamlanıb. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Ötən il Cənub Qaz Dəhlizinin daha bir mühüm seqmentinin - Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası tamamlanıb. 2018-ci il 12 iyun tarixində Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Hazırda Cənub Qaz Dəhlizi üzrə əsas diqqət TAP seqmentinin icrasına yönəldilib. TAP TANAP-ın davamı kimi seçilib. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin 87 faizi tamamlanıb. Qeyd edək ki, TAP qaz boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP vasitəsi ilə ilk Azərbaycan qazının Avropaya çatdırılması 2020-ci ilə planlaşdırılır.
Bütövlükdə, Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir, ölkəmizin liderliyi ilə yaradılan platformalar bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31