Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hiperaktiv uşaqlarla davranış...

Hiperaktiv uşaqlarla davranış...

19.08.2026 [09:20]

Valideynlər nələri bilməlidirlər?

Bəzi uşaqlar yerində uzun müddət sakit otura bilmir. Dərs zamanı tez-tez ayağa qalxır, söhbətlərə müdaxilə edir, verilən tapşırıqları yarımçıq qoyur. Belə uşaqlar haqqında çox vaxt “dəcəl”, “sözə baxmayan” kimi ifadələr işlədilir. Halbuki hərəkətli olan hər bir uşaq sadəcə dəcəl deyil, həmçinin “hiperaktiv” sayılır. Onların bu davranışının arxasında diqqət və impuls nəzarəti ilə bağlı çətinliklər də dayana bilər.

Araşdırmalara əsasən, hiperaktiv övladı olan anaların çoxu hamiləlik dönəmində  toksikozdan, yüksək təzyiqdən əziyyət çəkirlər. Uşaqlarda bu cür yüksək aktivlik ən çox 3 yaşından başlayır. Əgər bu cür uşaqlarda əvvəlcədən mütəxəssis yardımı alınmazsa, yeniyetməlik çağlarında qaydalara tabe olmaq istəməməsi və digər zərərli vərdişlər rast gəlinə bilər.

Hiperaktiv uşaqların davranışı

Belə uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkirlər. Məsələn, mebellərin üstü ilə gəzir, evin içində qaçır, daim əllərində hansısa bir oyuncaq və ya əşya ilə oynayır, növbəsini gözləmək məsələsində də çox səbirsizdilər. Lakin bu uşaqlar diqqət əskikliyi göstərmədən saatlarla televizora baxır, kompüter oyunları oynayırlar.

Uşağı dinləmək lazımdır

Psixoloq Aytən Ələkbərova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl yaranmağa başlayır: “Hiperaktiv uşağa davamlı “otur”, “sus”, “tərpənmə” demək problemi həll etmir. Əksinə, uşaq özünü daim danlanmış hiss edə bilər. Daha düzgün yanaşma konkret və qısa göstərişlər verməkdir. Məsələn, “özünü yaxşı apar” əvəzinə “indi dəftərini aç və birinci tapşırığı et” demək daha aydındır. Uşağın diqqətini uzun müddət bir işdə saxlamaq çətin ola bilər. Buna görə tapşırıqları kiçik hissələrə bölmək faydalıdır”.

Uşağın enerjisini düzgün istiqamətləndirmək

Psixoloq qeyd edib ki, hərəkətli uşağın enerjisini tamamilə məhdudlaşdırmaq düzgün deyil: “Fiziki fəaliyyət üçün imkan yaratmaq vacibdir. Gəzinti, idman və açıq havada oyun uşağın gündəlik rejiminin bir hissəsi ola bilər. Dərs zamanı da qısa fasilələr kömək edə bilər. Əsas məqsəd uşağı “sakitləşdirmək” yox, onun enerjisini idarə etməsinə kömək etməkdir”. Hiperaktiv uşaqla davranışın əsas prinsipi cəza deyil, düzgün struktur yaratmaqdır. İlk növbədə uşağın davranışının səbəbi araşdırılmalıdır. Uşağın yaşı da nəzərə alınmalıdır. Kiçik yaşlarda hərəkətlilik müəyyən həddə normal ola bilər. Problem davranışın davamlı olması və uşağın gündəlik həyatına ciddi təsir göstərməsi zamanı daha diqqətlə qiymətləndirilməlidir.

Valideyn uşağın qarşısında uzun-uzadı nəsihət verməməlidir. Qısa və konkret danışmaq daha effektivdir. Gündəlik rejim də böyük əhəmiyyət daşıyır. Yuxu, qidalanma, dərs, oyun və fiziki aktivlik üçün mümkün qədər sabit vaxtların olması uşağın işini asanlaşdırır.

Məktəblə əməkdaşlıq da vacibdir. Müəllim və valideyn eyni yanaşmanı tətbiq etməlidir. Uşaq bir mühitdə başqa, digərində tamamilə fərqli qaydalarla qarşılaşmamalıdır. Ən vacibi isə uşağı davranışına görə utandırmamaqdır”.

Yardımsevər xarakterə malik olurlar

Psixoloqun sözlərinə görə, hiperaktiv uşaq “problemli uşaq” deyil, o, davranışını idarə etmək üçün bəzən digər uşaqlardan daha çox dəstəyə ehtiyac duyan uşaqdır: “Hiperaktiv  uşaqlar adətən parıldayan nəsnələrə daha maraqlı olurlar. Onlar eyni vaxtda hər şeylə məşğul olmaq istəyir, qayda-qanunlara tabe olmur, dəcəlliklər və diqqət əskikliyi ilə müşahidə olunurlar.

Hiperaktiv uşaqlar bir sıra müsbət xüsusiyyətlərə də malikdirlər. Ünsiyyətə meyilli olurlar və hər hansı bir şeydən dərhal ilhamlana bilirlər, yardımsevər xarakterə malik olurlar. Bunlara baxmayaraq, onlar özlərini ifadə edə bilməkdə və dost qazanmaqda çətinlik yaşayırlar. Bu çətinlik məktəbdə konsentrasiya problemi olaraq özünü göstərir. Hiperaktivliyi müəyyən etmək üçün xüsusi test yoxdur. Valideynlər bir neçə qaydalara riayət etməklə əlamətləri müəyyən dərəcədə korreksiya edə bilərlər”.

Valideynlərə məsləhət...

Psixoloq bildirib ki, hiperaktiv övladı olan valideynlərin diqqət etməli olan bir neçə vacib məqamlar var: “Valideynlər uşağın uğurlarını vurğulamalı, faydalı davranışlarına görə onları tərifləməlidirlər. Eyni zamanda uşağa icazə verməlidirlər ki, öz enerjisini faydalı və  səmərəli işlərə sərf  etsin. Məsələn: idman hərkətləri, təmiz havada gəzinti və s.

Bundan başqa, bacardıqca “yox”, “olmaz” sözlərini təkrar etməməlidirlər. Uşaq hər nə  qədər dəcəl, hiperaktiv olsa belə, onlara sakit və təmkinlə yanaşmaq lazımdır”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31