Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır
05.07.2019 [09:31]
Prezident İlham Əliyev: Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var
Müasir dövrdə beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin dünya siyasətində yeri və rolu həyata keçirilən xarici siyasətin səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik strateji kurs milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Digər tərəfdən, belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə malik olan dövlətlər sabitlik və inkişafa nail olurlar. Bu kontekstdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın təcrübəsi pozitiv nümunə kimi çıxış edir.
Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir
Regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ümumiyyətlə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bununla yanaşı, Azərbaycanın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir. Ümumilikdə isə, bir çox nüfuzlu tədbirlərin respublikamızda baş tutması Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən və yüksək nüfuza malik olmasından xəbər verir. Dövlətimizin başçısı da vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır.
Təbii ki, mötəbər beynəlxalq tədbirlərin, eləcə də idman yarışlarının keçirildiyi məkan olaraq Azərbaycanın seçilməsinin əsasında dayanan amillər sırasında ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktura malik, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması xüsusi yer tutur. Ekspertlər, nüfuzlu strateji araşdırma mərkəzləri ölkəmizdəki sabitlik və təhlükəsizlik mühitini xüsusi olaraq diqqətə çatdırırlar. Ümumiyyətlə, sirr deyil ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Başqa sözlə, ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”.
UNESKO ilə sıx əməkdaşlıq münasibətləri quran Azərbaycan bu təşkilatın fəaliyyətinə öz töhfəsini verib
Məlumdur ki, bir müddət öncə paytaxt Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumunun keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın açılış mərasimində iştirak etdiyi Forumda dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edib, tədbirə müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar. Forum 2003-cü ildən etibarən 23 iyun - BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir.
Bununla yanaşı, iyunun 30-da paytaxt Bakıda öz işinə başlayan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Sessiyanın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qeyd edib ki, dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir: “Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır”.
Bu məqamda vurğulayaq ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.
Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafında mühüm əhəmiyyətə malikdir
Ümumiyyətlə, Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər mühüm tədbirlər məhz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda keçirilir. Bu kontekstdə son olaraq mayın 2-3-də paytaxt Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq müstəvidə böyük maraqla izləndi. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak etdilər. Forumda bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarıldı, səmərəli fikir mübadilələri aparıldı. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu Forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malik oldu. Sözügedən tədbirdə də qeyd edildiyi kimi, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Eyni zamanda, Forumda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq etdi. Yeri gəlmişkən, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev bu məqamlara toxunaraq Forumun nisbətən qısa zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrildiyini bildirib. “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd etdiyimiz kimi, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafına, multikultural dəyərlərin, tolerantlığın təbliğinə mühüm töhfələr verir. Bu kontekstdə “Bakı Prosesi”nin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı Prosesi” ölkəmiz tərəfindən uğurla davam etdirilir. “Bakı Prosesi”nin əhəmiyyəti beynəlxalq səviyyədə də çox yüksək qiymətləndirilir. Bütövlükdə isə, 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” ötən müddət ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib.
Nəticə etibarilə, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, ölkəmizin ev sahibliyi etdiyi qlobal əhəmiyyətli nüfuzlu tədbirlər qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır. Eyni zamanda, Azərbaycanın həm müxtəlif tədbirlərə ev sahibliyi etməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməsi sivilizasiyalararası dialoqun genişləndirilməsinə, bu istiqamətlərdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsinə fundamental töhfələr verir. Dövlətimizin başçısının “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyana Beynəlxalq Konfransının iştirakçılarına ünvanladığı məktubda qeyd edildiyi kimi: “Ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bu sahədə çoxsaylı qlobal təşəbbüslər irəli sürür. Ümumdünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya dini liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirildiyinin göstəricisidir. Biz müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinə, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə olacaq daha bir beynəlxalq tədbirin - Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə qərar qəbul etmişik”.
Beləliklə, yüksək nüfuza malik olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, ölkəmizdə baş tutan qlobal əhəmiyyətli tədbirlər bəşəriyyət üçün aktual olan məsələlərin müzakirəsi və həlli baxımından fundamental əhəmiyyət kəsb edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

