Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20.07.2019 [09:37]

Prezident İlham Əliyev: Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm
Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib, hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına fundamental töhfələr verməklə yanaşı, sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Azərbaycan mətbuatının inkişafını təmin edən hüquqi baza və real zəmin formalaşdırılıb
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra ölkədə ictimai tələblərə cavab verən, müasir, müstəqil medianın formalaşmasına böyük ehtiyac yaranmışdı. Amma məlum olduğu kimi, ölkəmizin müstəqilliyinin ilk illərində zəngin ənənələrə və böyük inkişaf yoluna malik olan milli mətbuatımız, demək olar ki, tənəzzül ilə qarşı-qarşıya qaldı. Çünki bəhs olunan dövrdə AXC-”Müsavat” hakimiyyətinin mətbuata, jurnalistikaya münasibəti totalitar rejimlərdəki yanaşmadan fərqlənmirdi. Həmin dövrdə imzalanan mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam dövlət sirrinin qorunmasından çox ovaxtkı hakimiyyətin əməllərini gizlətmək məqsədi daşıyırdı. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan ümumi qanunsuzluq və özbaşınalıq mühiti, eyni zamanda, media sahəsində neqativ halların artmasına səbəb olmuşdu, geniş yayılan reketçilik isə jurnalist peşəsinin nüfuzuna mənfi təsir göstərirdi. Lakin Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi, mətbuatda da əsaslı və müsbət dəyişikliklər baş verdi.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mətbuatın inkişafının qayğısına qalan Ümummilli Lider müstəqil Azərbaycanın ictimai həyatında azad və inkişaf edən mətbuatın roluna xüsusi əhəmiyyət verirdi. Bu kontekstdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, mətbuat işçilərinin sosial təminatının yüksəldilməsi istiqamətində ciddi tədbirlər görüldü. Bunlara paralel olaraq Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan senzura aradan qaldırıldı. Şübhəsiz ki, senzuranın ləğvi ilə Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiya toplaması üçün lazımi hüquqi-normativ baza yaradıldı. Bununla da Azərbaycan mətbuatının tamamilə müstəqil şəkildə inkişaf etməsi üçün əlverişli mühit formalaşdırıldı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı.
Sonrakı dövrdə də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm işlər görüldü, informasiyanın sərbəst şəkildə yayılması, vətəndaşların məlumat almaq imkanlarını artırmaq üçün bir sıra addımlar atıldı. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahədə hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Dövlətin mətbuata yüksək diqqət və qayğısı media mənsublarının daha məhsuldar fəaliyyəti üçün stimuldur
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı mühüm əhəmiyyətə malik oldu. Eyni zamanda, kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Sonrakı illərdə Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış tarixi bir addım idi. Bundan başqa, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti mərhələ kimi dəyərləndirilməlidir.
Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə və milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir nümunənin ortaya qoyulması da ayrıca qeyd edilməlidir. Belə ki, Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Həmin Sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın 2017-ci il iyulun 20-də istifadəyə verilməsi və həmin gün jurnalistlər üçün yeni, sayca üçüncü binanın təməlinin atılması bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni bütün bunlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuata dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeri gəlmişkən, 2017-ci il iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq deyib ki, Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır: “Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.
Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik”.
Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi davamlı xarakter daşıyır
Demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz, fikir və ifadə azadlığı təmin olunub. Dövlətimizin başçısı bəhs olunan tədbirdə “...Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır”, - deyə vurğulayıb. Ümumiyyətlə, jurnalistlərin dostu və hamisi olan Azərbaycan Prezidenti milli mətbuatımızın inkişafına xüsusi diqqət göstərir, bu istiqamətdə davamlı addımlar atılır. Yuxarıda bəhs olunan çıxışı zamanı dövlət başçısı mətbuata qayğı siyasətinin bundan sonra da davam edəcəyini bildirərək deyib: “Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq”.
Beləliklə, dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ölkə mediası müasir çağırışlara cavab verməklə səmərəli fəaliyyət mexanizmi formalaşdırıb. Həyata keçirilən uğurlu media siyasəti, o cümlədən dövlətin yüksək səviyyəli diqqət və qayğısı nəticəsində həm də media ictimai institut kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu kontekstdə medianın məsuliyyəti və peşəkarlığının artmasında da müsbət dinamika müşahidə edilməkdədir.
Şübhəsiz ki, həyata keçirilən islahat xarakterli tədbirlərin qanunauyğun nəticəsidir ki, ölkə mətbuatı sağlam jurnalistika kimi xarakterizə olunur, media nümayəndələrinin məsuliyyətli yanaşma və fəaliyyəti milli maraqların qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə peşə məsuliyyətinin artması isə obyektivliyin təmin olunmasını şərtləndirib. Hazırda hərtərəfli diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğu, sosial ədalət və şəffaflığın təmin edilməsi, siyasi mədəniyyətin inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərərək milli maraqların keşiyində dayanıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı mətbuatın fəaliyyətinin hər bir insanı maraqlandırdığını qeyd edərək bildirib ki, insanlar bütün məlumatı mətbuatdan alırlar: “Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.
Beləliklə, Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunması, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunması sistemli fəaliyyətin uğurlu göstəricisidir. Ölkə mediasının inkişafını, yeni keyfiyyət dəyişikliklərini şərtləndirən ən mühüm faktor, qeyd etdiyimiz kimi, dövlətin bu sahəyə yüksək diqqət və qayğısıdır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 960 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31