Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda “Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfrans keçirilib

Bakıda “Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfrans keçirilib

23.07.2019 [09:38]

İyulun 22-də Bakıda “Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanla Çin arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
M.Qurbanlı qeyd edib ki, Çin Azərbaycana tərəfdaş, dost ölkədir. Onun sözlərinə görə, Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, tərəflər arasında imzalanan sənədlər mühüm rol oynayır.
YAP İcra katibinin müavini bildirib ki, Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir: “1990-cı illərin əvvəlindən Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər yaranıb. İki ölkə arasında qarşılıqlı səfərlər müxtəlif sənədlərin imzalanması ilə nəticələnib və həmin sənədlər əsasında iki ölkə arasında əməkdaşlıq güclənir. Çin ilə Azərbaycan strateji tərəfdaşdırlar. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Çin Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib və bu mövqe dəyişməz qalıb”.
O, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası, eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. M.Qurbanlı Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib. O, Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsinin də dünyanın marağında olduğunu söyləyib: “Azərbaycan həmçinin Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə böyük dəstək verir. Bu il Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Hazırda 150 ölkə Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verir, o cümlədən bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da bu sırada yer alır. Bu layihə dünyanın inkişafında yeni mərhələdir. “Bir kəmər, bir yol” layihəsi ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə edir. İqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüs qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərinin azalmasına, eyni zamanda, beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi töhfələr verir. Layihə həmçinin sosial məsələlərin həlli, ölkələr arasında mədəni-humanitar əlaqələrin genişlənməsi baxımından da böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində dövlət başçıları səviyyəsində “Daha parlaq birgə gələcəyin qurulması” mövzusunda keçirilən görüşdə çıxış edərək respublikamızın “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verdiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.
Çıxış edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sunq Tao bildirib ki, Çinlə Azərbaycanın əlaqələri yüksək səviyyədədir. Bu da xalqlar arasında münasibətlərə müsbət təsir göstərir. O qeyd edib ki, Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycanın dəstəyini yüksək qiymətləndirən qonaq iki ölkə arasında əlaqələrin inkişafının böyük perspektivi olduğunu diqqətə çatdırıb.
Sunq Tao deyib ki, min illərlə tarixi olan Çin xalqı hazırda özünün yüksək inkişaf dövrünü yaşayır. Onun sözlərinə görə, Çin beynəlxalq müstəvidə nüfuzlu, iqtisadi cəhətdən güclü dövlətdir. S.Tao qeyd edib ki, Çin əvvəlki dövrlərdən fərqli olaraq yoxsulluq problemini həll edib: “Ötən 70 il ərzində Çin böyük inkişaf yolu keçib. 70 il əvvəl Çində adambaşına düşən ÜDM-in həcmi 40 dollar idisə, hazırda bu göstərici 10 min dollar səviyyəsindədir. Yoxsulluğun azaldılması ilə bağlı mühüm işlər görülür ki, bu da BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğundur. Çində bir çox sahələr, o cümlədən maşınqayırma, sənaye sahəsi inkişaf edib. Çin beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib”.
“Biz dünyada hər hansı bir dövlətin hegemonluğuna qarşıyıq”, - deyən qonaq söyləyib ki, Çinin qarşısında yeni hədəflər dayanır. Yeni qlobal iqtisadi layihənin həyata keçirilməsi bu baxımdan önəmlidir. “Ötən 70 ildə Çin iqtisadi baxımdan böyük sıçrayışlara imza atıb. Bu nailiyyətlər asan başa gəlməyib, bunların arxasında böyük zəhmət dayanır. 1,3 milyard əhalini idarə etmək asan məsələ deyil. Ona görə də həyata keçirilən islahatlar məhz xalqın, insanların daha yaxşı yaşaması üçündür. Təzyiqlərə baxmayaraq, biz öz yolumuz ilə inamla gedirik. Yeni hədəflərə, çağırışlara hazırıq. Məqsədimiz inkişafı daha da sürətləndirmək, sosializm ideyasını qorumaq və inkişaf etdirməkdir”, - deyən natiq Çin Kommunist Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, bu əlaqələr hər iki xalq arasında dostluğun möhkəmləndirilməsinə xidmət edir.
Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb və Çinin Azərbaycanın uğurlarına sevindiyini söyləyib.
Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında iki ölkə arasındakı əməkdaşlıq mühitindən danışıb. Hikmət Babaoğlu bildirib ki, Çin müasir dünyada yeni beynəlxalq nizamı müəyyən edən güc mərkəzlərindən birinə çevrilməkdədir və bu, Çinin dostlarını sevindirir: “XX əsrin sonu və XXI əsrdə biz yeni nizamla üz-üzə gəldik. Dünyada bəzi güclərin hegemoniyasına qarşı yeni güc mərkəzləri formalaşır, tarixən və bu gün də Azərbaycanın dostu və müttəfiqi olan Çin də çoxqütblü güc mərkəzlərindən biridir. Bəzi liderlər, tarixi şəxsiyyətlər var ki, onların ideyaları dünyanı dəyişəcək gücdə olur. Düşünürəm ki, “Bir kəmər, bir yol” layihəsi, onun davamı kimi həyata keçirilən qlobal iqtisadi layihə məhz dünyanı dəyişəcək iqtisadi gücə malik olan böyük iqtisadi, siyasi, mədəni, kommunikasiya layihəsidir və ən əsası, inqilabi layihədir. Bu həmçinin dünya xalqlarının tarixində təqribən 100 illik fasilədən sonra yeni keyfiyyət dəyişikliyi yaradacaq gücə sahib bir layihədir. Çünki heç bir halda hər hansı iqtisadi layihəni biz, sadəcə, iqtisadi layihə kimi nəzərdən keçirə bilmərik. İqtisadiyyat özünün ətrafında yeni mikro sosial, turizm və əməkdaşlıq mühiti yaradır ki, bunlar da xalqların inteqrasiyasını, mədəni mübadiləsini təmin edir”.
2017-ci ildə Çin Kommunist Partiyasının XIX qurultayında Çində sosializmin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun bildirildiyini deyən millət vəkili söyləyib ki, qurultayda bundan sonrakı mərhələdə də Çin iqtisadiyyatının inkişafı, əhalisinin sosial problemlərinin həlli, regionların inkişafı ilə bağlı Çin xalqının böyük oğlu Si Cinpinin çağırışları oldu. Onun sözlərinə görə, bu gün Çində 2017-ci ildə qarşıya qoyulan vəzifələr böyük ölçüdə həyata keçirilməkdədir. “Biz Çin xalqının bu uğurlarını görürük və sevinirik. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev “Bir kəmər, bir yol” layihəsi ilə bağlı çağırışlara ilk qoşulanlardan oldu. Ötən illər ərzində Azərbaycan da qısa müddətdə bu layihənin həyata keçirilməsi ilə bağlı beynəlxalq nəqliyyat dəhlizinin realizə olunması ilə bağlı öz tövsiyəsini verdi. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı beynəlxalq Ələt dəniz limanı açılıb. Bu təkcə liman deyil, həm də azad iqtisadi zonadır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda olarkən bu limanı ziyarət edərək onun əhəmiyyətini vurğuladı. Düşünürük ki, bu liman Çindən Avropaya gedən yolda xüsusi bir kommunikasiya qovşağı olacaq. Və bu limanla daşınan yüklər həm də öz ətrafında yeni iqtisadi istehsalat mühiti formalaşdıracaq”, - deyən Hikmət Babaoğlu söyləyib ki, hazırda yeni layihənin işə düşməsi ilə bağlı Çində və digər ölkələrdə çox böyük işlər görülür. O qeyd edib ki, bu gün Çin Avropa İttifaqına üzv olan 12 ölkənin 35 şəhərində xüsusi birbaşa nəqliyyat qovşağı yaratmağa nail olub ki, bu da Çin mallarının Avropaya daşınması və dünyanın yeni iqtisadi mərkəzi kimi Çinin kommunikasiya əlaqələrinin daha möhkəmlənməsi üçün olduqca mühüm layihələrdir.
“Əlbəttə ki, hər iki xalqın dostluğu çox qədim tarixə malikdir. Bu gün Azərbaycan və Çin xalqlarının dostluğunu hər iki xalqın liderləri daha da möhkəmləndirirlər. Bu mürəkkəb tarixi mərhələdə liderlərimiz xalqlarımızın mənafelərini uzlaşdıraraq onu həyata keçirməyin strateji yolunu müəyyən ediblər”, - deyə millət vəkili vurğulayıb.
Çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov da Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu gün iki dövlət arasındakı münasibətlər xalqlarımızın maraqlarına cavab verir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əməkdaşlığı məmnunluq doğurur.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 708 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31