Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Parlamentin qərarı müasir dövrün çağırışlarını özündə ehtiva edən obyektiv zərurətdən irəli gəlir

Parlamentin qərarı müasir dövrün çağırışlarını özündə ehtiva edən obyektiv zərurətdən irəli gəlir

04.12.2019 [09:46]

Ekspertlər hesab edirlər ki, ölkəmizin sürətli inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir
Məlum olduğu kimi, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib. Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var. Dekabrın 2-də isə Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib. Bu qərar əsasında həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.
Məsələ ilə bağlı YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bildirib ki, Milli Məclisdə Yeni Azərbaycan Partiyası üzvlərinin təşəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsinə dair tarixi bir qərar qəbul edildi. Qərar həm digər siyasi partiyaların üzvü olan, həm də müstəqil deputatlar tərəfindən də dəstəkləndi. Bununla da Yeni Azərbaycan Partiyası Azərbaycanın ən yeni siyasi tarixində ilk dəfə olaraq belə bir siyasi qərarın qəbul edilməsinin təşəbbüskarı kimi bir daha ölkədə siyasi mədəniyyətin inkişafına öz töhfəsini vermiş oldu. Təbii ki, bu qərar müasir dövrün çağırışlarını özündə ehtiva edən obyektiv zərurətdən irəli gəlir. Millət vəkilinin sözlərinə görə, 2018-ci ildən başlayaraq Azərbaycan özünün sosial-iqtisadi inkişafında tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyub: “Şübhəsiz ki, ölkəmizdə bu gün də davam edən sistemli islahatlar nəticəsində cəmiyyətin bütün sahələrini əhatə edən ciddi, inqilabi dəyişikliklər dövlətin icra və məhkəmə hakimiyyəti qollarında olduğu kimi, qanunvericilik hakimiyyətindən də kənarda qala bilməzdi”.
Ş.Hacıyev qeyd edib ki, yeni çağırış Milli Məclisin uğurla formalaşması keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizədlərin hansı meyarlara cavab verməsindən asılı olacaq: “Fikrimcə, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan, milli-mənəvi dəyərlərimizə bağlı, qanunvericilik sahəsində təcrübəyə malik, seçicilərlə mütəmadi təmas saxlayan, onların problemlərini öz problemi kimi qəbul edən, ölkənin ictimai-siyasi proseslərində fəal iştirak edən, dünyada baş verən qlobal prosesləri düzgün qiymətləndirə bilən, dünya ölkələrinin mütərəqqi parlamentarizm təcrübələrini Azərbaycan reallığında tətbiq etməyi bacaran, şəxsi keyfiyyətləri, mənəviyyatı, milli ruhu, intellekti ilə fərqlənən, sözün əsl mənasında, Azərbaycan vətəndaşı Milli Məclisdə təmsil olunmalıdır. Milli Məclisdə nə qədər çox konstruktiv alternativ fikirlər irəli sürülərsə, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir o qədər geniş imkanlar yaranar”.
Millət vəkili söyləyib ki, V çağırış Milli Məclis öz fəaliyyəti müddətində qanunvericilik sahəsində əhəmiyyətli işlər görüb: “Təkcə onu demək kifayətdir ki, ötən bu dövr ərzində Milli Məclisdə 1700-dən çox qanun və qanunlara dəyişikliklər qəbul edilib. Təsadüfi deyil ki, Azərbaycan parlamentinin 100 illiyi qeyd olunarkən Prezidentimiz cənab İlham Əliyev Öz çıxışında Milli Məclisin fəaliyyətinə yüksək qiymət verib. Bütün bunları nəzərə alaraq bir daha qəbul etməliyik ki, YAP-ın təşəbbüsü ilə növbədənkənar seçkilərə gedilməsi birmənalı olaraq ölkə başçısı tərəfindən həyata keçirilən sistemli islahatların hakimiyyətin bütün qollarını əhatə etməsinin zəruriliyi ilə izah oluna bilər. İstənilən halda, vaxtından əvvəl seçkilərə gedilərək yeni çağırışlara və yeni hədəflərə müvafiq olaraq xalqın etimadını qazanan deputatların təmsilçiliyi ilə növbəti çağırış Milli Məclisin formalaşması, əminik ki, ölkəmizdə islahatların daha sürətli, daha uğurlu və genişmiqyaslı şəkildə aparılmasına müsbət mənada ciddi təsir göstərəcək, eyni zamanda dövlət hakimiyyətinin bütün qolları arasında əlaqələrin daha səmərəli qurulmasına lazımi imkanlar yaradacaq”.
Milli Məclisin deputatı Elman Nəsirov isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sistemli, ardıcıl islahatlar kursu həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda elə bir sfera yoxdur ki, islahatlar oranı əhatə etməsin. Sosial, iqtisadi, məhkəmə-hüquq sistemində və digər sahələrdə islahatlara start verildiyini diqqətə çatdıran deputat qeyd edib ki, xalq bu islahatların bəhrəsini artıq gündəlik həyatında hiss edir: “Göründüyü kimi, hakimiyyətin hər iki qanadında islahatlar aparılıb. Ölkəmizin sürətli inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir. Təbii ki, qanunverici orqan olan Milli Məclisdə də yeniləşmə olmalıdır. Bu baxımdan, Milli Məclisin buraxılması barədə Yeni Azərbaycan Partiyası Siyasi Şurası tərəfindən təşəbbüsün irəli sürülməsi məntiqlidir və ölkəmizdə aparılan islahatlar kursunun mahiyyətindən, onun fəlsəfəsindən doğan bir zərurətdir. İslahatlar barəsində də cənab Prezidentin çox maraqlı fikirləri var. Dövlət başçısı qeyd edib ki, islahat, ilk növbədə, təkamüldür, yeni dövrə uyğunlaşma və tərəqqidir. Eyni məntiqlə Milli Məclis də təkmilləşmə kursuna, yeni şəraitə, tərəqqiyə uyğun olaraq bu addımları atır. Hesab edirəm ki, bununla da islahatlar artıq cəmiyyətimizin bütün sferalarını, o cümlədən parlamenti də əhatə etməklə tam məzmun kəsb edir. Digər tərəfdən, YAP Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edərək yeni siyasi mədəniyyət nümayiş etdirir və müstəqillik tariximizə yeni səhifə yazır. YAP-ın parlamentdə təmsil olunan deputatları könüllü şəkildə öz səlahiyyətlərindən imtina edir və yeni seçkilərin keçirilməsi istəyini ortaya qoyurlar. Hesab edirəm ki, yeniləşən Azərbaycana yeni parlament nəsib olacaq”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 625 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31