Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2019-cu ildə Azərbaycan uğurlu inkişafını davam etdirib

2019-cu ildə Azərbaycan uğurlu inkişafını davam etdirib

05.02.2020 [09:39]

Prezident İlham Əliyev: Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır
Biz ayrı-ayrı ölkələrin timsalında inkişafın paytaxtlarda və yaxud iri şəhərlərdə təmərküzləşməsinin acı fəsadlarını müşahidə etmişik. Bu qəbildən olan ölkələrdə daxili potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə olunmur və inkişafla, əhali məskunlaşması ilə bağlı ciddi problemlər yaşanır. Azərbaycan isə öz nümunəsində bütün ölkə boyunca tarazlı inkişafın təmin olunmasını hədəfləyib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Dövlət başçısının 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir. Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söylədiyi nitqində son 16 ildə ölkəmizdə regional inkişaf proqramı çərçivəsində görülən işlərdən məmnunluğunu bildirib. “Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Dünyadakı gərginliklərə baxmayaraq, Azərbaycan sabitlik yolu ilə irəliləyir
Məlumdur ki, hazırda dünyanın ayrı-ayrı yerlərində münaqişələr, gərginlik müşahidə olunur. Ancaq dünyadakı gərginliklərə baxmayaraq, Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir və inamlı inkişafını davam etdirir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Belə ki, respublikamızda həyata keçirilən siyasət xalq tərəfindən dəstəklənir. Azərbaycan xalqının hakimiyyətə etimadı yüksək səviyyədədir. Bu da ilk növbədə onunla bağlıdır ki, həyata keçirilən siyasətin təməlində konkret işlər, real inkişaf, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır.
Son 16 ildə dərin konseptual əsaslarla, bölgələrin potensialı və ənənələri nəzərə alınmaqla hazırlanan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində respublikamızda hərtərəfli inkişaf təmin edilib, bütün ölkə üzrə yeni müsbət reallıqlar yaranıb. Hazırda inkişafın, quruculuq-abadlıq işlərinin paytaxt Bakı, digər iri şəhərlərlə yanaşı, bölgələri, kənd yaşayış yerlərini də əhatə etməsi ölkənin hər bir vətəndaşında sonsuz iftixar hissi və məmnunluq yaradır. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Yuxarıda bəhs olunan konfransda regional inkişaf proqramlarının icrasına başlanan 2003-cü ildən bəri ölkəmizin inkişafını əks etdirən statistik göstəricilər təqdim olunub. Son 16 ildə bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da bütün dünyada rekord göstəricidir. O cümlədən bəhs olunan dövrdə ölkəmizdə sənaye istehsalı 2,7, kənd təsərrüfatı 2, xarici ticarət dövriyyəsi 6,4, ixrac 7,6, qeyri-neft ixracı 5,2 dəfə artıb. Respublikamız 2004-cü ildən bəri özünün valyuta ehtiyatlarını 27 dəfə artırmağa nail olub. 2003-cü ildə ölkəmizin valyuta ehtiyatları cəmi 1,8 milyard dollara bərabər idi, hazırda isə valyuta ehtiyatlarımız 52 milyard dollara çatıb. Bəhs olunan dövrdə ölkə miqyasında təxminən 2 milyon yeni iş yeri yaradılıb və işsizlik 5 faizədək aşağı düşüb. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə enib. Son 16 ildə respublikamızda orta əməkhaqqı 11, orta pensiya 8 dəfə artırılıb. 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib.
Bütün ölkə boyunca inkişafın ardıcıllığı sayca dördüncü regional inkişaf proqramının reallaşdırıldığı son bir ildə də təmin edilib. Prezident İlham Əliyev vurğulayıb ki, keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. “Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir”, - deyə dövlətimizin başçısı bildirib.
Beləliklə, Azərbaycan 2019-cu ildə də uğurla inkişaf edib, sabitlik yolu ilə irəliləyib. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icra edildiyi son bir ildə iqtisadiyyatımız 2,2 faiz artıb. Qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektoru üzrə sənaye istehsalı isə 14 faizdən çox artıb. Burada, əlbəttə ki, respublikamızda keçən il istismara verilən nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb. Qeyd edək ki, respublikamızda biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Məsələn, Dünya Bankının ötən il yayılan “Doing Business” hesabatında Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil edilib. Vergi və gömrük inzibatçılığının optimallaşdırılması, biznes dairələrinə göstərilən dövlət dəstəyi qeyri-neft sənayesinin inkişafında özünü büruzə verir. Qeyri-neft sənayesinin 14 faizdən çox artması, eyni zamanda, ölkə miqyasında yeni iş yerlərinin yaradılması deməkdir. Vurğulamaq yerinə düşər ki, keçən il respublikamızda 98 min yeni iş yeri yaradılıb. Prezident İlham Əliyev ölkəmizin müsbət demoqrafik vəziyyətinə istinad edərək qarşıya vəzifə qoyub ki, respublikamızda yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır və iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Respublikamızda özəl sektor iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və deməlidir.
Son bir ildə ölkədə makroiqtisadi sabitlik tam təmin olunub. İnflyasiya cəmi 2,5 faiz, əhalinin gəlirləri isə 7,4 faiz təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, son bir ildə də respublikamızda əhalinin gəlirləri inflyasiyanı üstələyib.
Azərbaycana beynəlxalq miqyasda böyük maraq və rəğbət var
Azərbaycanın müsbət reallıqları, o cümlədən ölkəmizin öz imkanlarını təqdim edərək regional və qlobal miqyasda təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verməsi beynəlxalq miqyasda respublikamızın nüfuzunun artmasına müsbət təsir göstərir. Bu gün Azərbaycan qlobal miqyasda heç kimdən asılı olmayan, öz hesabına yaşayan, milli maraqlarını qətiyyətlə qoruyan ləyaqətli ölkə kimi tanınır. Təsadüfi deyil ki, dünyanın nüfuzlu reytinq agentlikləri yaydıqları hesabatlarda ölkəmizin uğurlarını yüksək dəyərləndirirlər. Bu baxımdan Davos İqtisadi Forumunun hesabatları da səciyyəvidir. Forumun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlib. Qurumun ötən il yaydığı “Qlobal Rəqabətlilik Hesabatında” da Azərbaycanın mövqeyi ayrı-ayrı pozisiyalar üzrə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Qeyd edək ki, Azərbaycanla Davos Forumu arasında sıx əməkdaşlıq münasibətləri yaranıb. Prezident İlham Əliyev 2007-ci ildən etibarən Forumun illik toplantılarında müntəzəm iştirak edir. Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında səfərdə olub. Dövlət başçımızın bu səfəri olduqca məhsuldar keçib. Davosda keçirdiyi görüşlərin və qatıldığı müzakirələrin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından. Mənim bu yaxınlarda 14-cü dəfə Davos Ümumdünya İqtisadi Forumunda iştirakım və Forum çərçivəsində apardığım danışıqlar və iştirak etdiyim tədbirlər bir daha göstərir ki, Azərbaycana həm böyük maraq, həm də böyük rəğbət var”, - deyə vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev İsveçrə Konfederasiyasına növbəti səfəri çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra nəhəng şirkətlərin rəhbərləri ilə 20-dən çox görüş keçirib. Əlamətdar haldır ki, bu görüşlərin əksəriyyəti qarşı tərəfin istəyi ilə baş tutub. Görüşlərdə dünyanın nəhəng şirkətlərinin rəhbərləri Azərbaycandakı biznes mühitini və sərmayə cəlbediciliyini yüksək dəyərləndirərək ölkəmizə investisiya yönəltmək niyyətlərini ifadə ediblər. Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına növbəti səfəri çərçivəsində Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Vurğulamaq yerinə düşər ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31