Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda parlament seçkiləri demokratik, şəffaf, yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilib

Azərbaycanda parlament seçkiləri demokratik, şəffaf, yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilib

12.02.2020 [09:35]

Prezident İlham Əliyev: Bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq
Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran Azərbaycanda azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biridir. Bütövlükdə, ölkəmiz demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir. Respublikamızın bu sahədə təcrübəsi mütərəqqi nümunə kimi çıxış edir. Bunlarla yanaşı, Azərbaycanda keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir. Başqa sözlə, şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir. Yeri gəlmişkən, cari il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin şəffaflığı və rəqabətliliyi ilə səciyyəvi olması da deyilənlərin bariz nümunəsidir.
Seçkilərin ədalətli və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb
Xüsusi olaraq vurğulamaq lazımdır ki, seçki kampaniyası dövrünün ilk səciyyəvi xüsusiyyətlərindən biri ölkəmizdə parlament seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün bütün şəraitin təmin olunması idi. Başqa sözlə, dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şəraiti yaratmışdı. Fərqli siyasi dünyagörüşünə malik qüvvələrin, siyasi partiyaların prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq, bütün namizədlərə bərabər şəraitin yaradılması və digər çoxsaylı amillər seçkinin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaratmışdı. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişdilər.
Ümumiyyətlə, mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini, seçicilərin öz iradə və rəylərini ifadə etmələrini şərtləndirən mühüm strateji amildir. Digər tərəfdən, ölkəmizdə mükəmməl - müasir tələblərə və beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin mövcud olması, seçki kampaniyasında hər kəs üçün bərabər şərait yaradılması ekspertlər tərəfindən xüsusi olaraq vurğulanır. Müvafiq seçki qurumlarının yüksək səviyyədə hazırlıq işlərini həyata keçirməsi, seçki komissiyalarının fəaliyyətinin müasir normalara uyğun qurulması da prosesin təşkili ilə bağlı olduqca müsbət qiymətə layiqdir.
Bunlarla yanaşı, mövcud demokratik və plüralist şərait fonunda seçki marafonunda rekord sayda namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu və prosesə böyük ictimai marağı bariz şəkildə əks etdirir. Məlumat üçün qeyd edək ki, seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib. Məntəqələrdə 5 milyon 329 min 460 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb. Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparıb. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil ediblər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790 olub. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırıb. Bu KİV-lər 47 ölkəni təmsil ediblər. Buraya ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrin media təmsilçiləri daxildir. Bütövlükdə, 2 milyon 547 min 982 seçicinin səsvermədə iştirak etdiyi seçkilərdə yüksək seçici fəallığı və mütəşəkkillik müşahidə olunub.
Beləliklə, Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib və bu, seçkilərin azad, demokratik və şəffaf şəkildə baş tutmasını təmin edən fundamental amil olub.
Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib
O da qeyd edilməlidir ki, ölkəmizdə keçirilən parlament seçkiləri Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatların tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Məlum olduğu kimi, Azərbaycanın davamlı inkişafının təmin edilməsi məqsədilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Bütövlükdə, 2019-cu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarların qəbul edilməsi, bu istiqamətdə işlərin daha aktiv fazaya daxil olması müsbət nəticələr verməklə yanaşı, təqdirəlayiq hal kimi diqqəti cəlb edir. Ölkəmizdə institusional islahatların davamı olaraq kadr siyasətində də keyfiyyətcə yeni mərhələ başlanıb. İdarəetməyə daha yüksək keyfiyyətlərə malik kadrlar cəlb olunur, dinamizm və çevikliyin artırılması məqsədilə kadr islahatları uğurla davam etdirilir. Nəticə etibarilə, idarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Başqa sözlə, Azərbaycan vətəndaşları aparılan genişmiqyaslı islahatların nəticələrini müsbət dəyərləndirirlər.
Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 10-da MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı bu məqamlara toxunub. 2018-ci ildə prezident seçkilərindən sonra elan edilən islahatların əhəmiyyətindən danışan dövlətimizin başçısı “Hər şey Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına və demokratik proseslərin genişlənməsinə yönəlmiş ümumi inkişaf strategiyası çərçivəsində gedir. Buna görə də həyata keçirilən struktur islahatları, o cümlədən kadr islahatları da bir məqsədə xidmət edir: biz yerimizdə saymayaq. Çünki müvəffəqiyyətlərdən arxayınlaşmaq olmaz”, - deyə bildirib. Prezident İlham Əliyev ötən illər ərzində böyük nailiyyətlər əldə olunduğunu, lakin həyatın öz şərtlərini diktə etdiyini, dünyada, bizim regionda, iqtisadi sahədə şəraitin dəyişdiyini, yeni çağırışların meydana çıxdığını qeyd edərək “Ona görə biz buna hazır olmalıyıq və vaxt itirməməliyik. Bu səbəbdən hökumətin, Prezident Administrasiyasının, mərkəzi və yerli hakimiyyət orqanlarının yenilənməsi, kadr islahatları parlamentdən yan keçə bilməzdi. Xüsusən də mahiyyətcə, seçkiləri bir neçə ay irəli çəkməklə biz vaxta qənaət etdik. Çünki onsuz da yay aylarında parlament tətildə olur, sonra qayıtdıqda yenidən seçkilər başlayır. Çalışdıq ki, maksimum açıq seçkilər keçirək və ona görə də müşahidəçiləri, o cümlədən, düzünü desək, obyektiv qiymət gözləmədiyimiz müşahidəçiləri də dəvət etdik”, - deyə vurğulayıb.
Bunlarla yanaşı, seçkilərin şəffaflığı, Azərbaycan xalqının iradəsini ifadə etməsi də ölkəmizin demokratik dövlət kimi müsbət imicini möhkəmləndirən mühüm amillərdəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda keçirilən seçki kampaniyalarının təcrübəsinə əsasən deyə bilərəm ki, biz həmişə qərəzli münasibət görmüşük. Bununla belə, hesab edirik ki, bizim gizlədəcəyimiz heç nə yoxdur. Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq. Ona görə də son nəticədə nə yazılacağından və onları hansısa fikirləri səsləndirməyə məcbur edəcəklərindən asılı olmayaraq, hər halda onların hər birində həm ölkəmiz, həm insanlarımız, həm də seçki prosesi haqqında rəy formalaşacaq. Bu baxımdan Dövlət Dumasının nümayəndə heyətinin bu tərkibdə prosesdə iştirak etməsi bizim üçün çox qiymətlidir. Əlbəttə, MDB və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri də var. Ona görə də düşünürəm ki, başlıcası Azərbaycan xalqının nəticələrdən razı qalmasıdır. Çünki bizim üçün əsas məsələ bu idi ki, insanlar kimə səs verəcəklərini və kimə etimad göstərəcəklərini seçə bilsinlər. Bu etimadın səviyyəsi çox yüksəkdir.
Ümumilikdə, 1300-dən çox namizədin olması seçkilərə etimadın göstəricisidir. Bu isə görünməmiş saydır. Əgər onlar seçkilərə inanmasaydılar, öz namizədliklərini verməzdilər və bu qədər vaxt sərf etməzdilər. Mənə həm dünən, həm də bu gün məruzə etdilər ki, proses, ümumilikdə, sakit keçib və heç bir gözlənilməz hal olmayıb. Ona görə də kimsə qalib gəlir, kimsə məğlub olur. Hər kəs reallıqla barışmalıdır. Reallıqlar belədir ki, şərait yaradılıb, maksimum şəffaflıq təmin edilib. Həm də gözlənilməz çətin hava şəraitinə baxmayaraq, Azərbaycan vətəndaşları səs verdilər”.
Mühüm məqamlardan biri isə budur ki, yüksək seçici fəallığı insanların islahatlar kursuna, həyata keçirilən siyasətə və demokratik inkişafa inamının bariz nümunəsidir. Bu reallıq həm də yeni parlamentin qarşısında mühüm vəzifə və məsuliyyət müəyyənləşdirir. Belə ki, parlament üzvləri xalqla aktiv təmas şəraitində öz fəaliyyətlərini davam etdirməli, dairələrdə fəal iş aparmalıdırlar. Dövlət başçısının qeyd etdiyi kimi: “Düşünürəm ki, seçki fəallığı da yaxşı olub. Hərçənd başlıca olan bu deyil, əsas odur ki, xalqın seçəcəyi insanlar məsuliyyət hiss etsinlər. Bilsinlər ki, əgər yenə də seçilmək istəyirlərsə, onda dairələrdə iş aparmalıdırlar. Bax bu, keçmiş parlamentdə çatışmırdı. Buna görə də parlamentin bir çox keçmiş üzvü dairələrdə işləmədikləri üçün seçkilərdə iştirak etmədi. Bu, yeni parlamentin qarşısında duran əsas vəzifələrdən biri olacaq. Çünki bütün ölkənin dayanıqlı inkişafının təmin edilməsi üçün deputat korpusu regionların problemlərini dərk etməlidir, onları üzə çıxarmalıdır və hökumətə, ictimaiyyətə çatdırmaqla onların həllinə kömək etməlidir”.
Beynəlxalq müşahidəçilərin rəylərində seçkilərin yüksək səviyyədə təşkil olunduğu və şəffaf keçirildiyi əksini tapıb
Bunlarla yanaşı, beynəlxalq müşahidəçilərin rəylərində də seçkilərin yüksək səviyyədə təşkil olunduğu, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi əksini tapıb. Ekspertlər, müşahidəçilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin azad və demokratik seçkilərin beynəlxalq normalarına uyğun olduğunu və vətəndaşların iradəsini əks etdirdiyini bildiriblər. MDB müşahidəçilər missiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin müşahidə missiyası, Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası, TÜRKPA-nın müşahidə missiyası, Türk Şurasının müşahidə missiyası, GUAM Parlament Assambleyasının müşahidə missiyası, digər bir sıra müşahidə missiyalarının Milli Məclisə seçkilərlə əlaqədar açıqladıqları rəylərdə bütün bu məqamlar öz əksini tapıb. Seçicilərin heç bir təzyiqə məruz qalmadan öz seçimlərini etdikləri, seçkilərin beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə keçirildiyi xüsusi olaraq vurğulanıb.
Nəticə etibarilə, fevralın 9-da ölkəmizdə keçirilmiş parlament seçkiləri Azərbaycanın dayanıqlı inkişafına xidmət edən islahatlara mühüm dəstək olmaqla yanaşı, qanunvericilik orqanının milli maraqlara xidmət edən səmərəli fəaliyyətinin təmin olunmasına əhəmiyyətli töhfədir. Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı bu məqamlara toxunaraq “Doğrudan da bu seçkilər çox önəmli idi. Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər”, - deyə bildirib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31